Paşinyan və komandası erməni separatizmini basdırmalıdır, əks-təqdirdə...
20 fevral 1988-ci il. Ermənilərin qondarma “Qarabağ hərəkatı” məhz bu tarixdə başladı. Yəni, 36 il əvvəl. İllər ərzində bu tarix istər Ermənistanda, istərsə də artıq canını tapşırmış separatçı “Dağlıq Qarabağ Respublikası”nda bayram günü kimi qeyd edilirdi.
Ermənistanda yenə qondarma hərəkatın ildönümü yada salındı. Amma necə? Ölkəyə sığınmış beş-altı separatçı Erablura toplaşdı. Buna “böyük tarixi” xatırlamaq yox, anmaq da demək mümkündür. Axı Erablur qəbiristanlıqdır. Deməli, “Qarabağ hərəkatı”nın 36-cı ildönümünün illiyinin orada keçirilməsində məntiq var. Məntiq və qanunauyğunluq. Əlbəttə, həm də ibrət. Erməni cəmiyyəti bu sadaladıqlarımızın hansına daha çox üstünlük verəcək, öz işidir. Reallıq budur ki, qondarma hərəkatın hazırda qərarlaşdığı ən doğru məkan elə qəbiristanlıqdır. Fikrimizi sonda bir qədər ətraflı əsaslandıracağıq.
Əlqərəz, Samvel Şahramanyan (keçmiş qondarma “DQR”in sonuncu “prezidenti”) başda olmaqla beş-altı separat tör-töküntüsü “Qarabağ hərəkatı”nın 36-cı ildönümü münasibətilə Erablurda İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarında cəhənnəmə vasil olmuş erməni hərbçilərinin qəbirlərini ziyarət ediblər. Hadisə separatçıların özlərindən söz etdirmələrinə səbəb olub. Onlar necə gündəmə gəlib, bu barədə də sonda söz açacağıq. Ancaq əvvəlcə Azərbaycan xalqına olmazın fəlakətlər və məhrumiyyətlər yaşatmış “Qarabağ hərəkatı” barədə danışaq. Tarixin ibrət səhifəsini yada salaq. Yada salaq ki, diqqətli və ehtiyatlı olaq. Həm də ona görə yada salaq ki, Ermənistan hakimiyyətinin Erablurda, əslində, hansı işi görməli olduğuna dair yekun nəticəyə gələk.
Bəli, “Qarabağ hərəkatı” erməni millətçilərinin Ermənistan SSR-də və Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 1980-ci illərin sonlarında başlamış olduqları, məqsədi bölgəni Azərbaycandan alıb Ermənistana birləşdirmək olan hərəkat idi. Qeyd edək ki, 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə qatılması tələbi ilə bağlı imzalar toplanmışdı. Təşkilatçılar öz “kampaniyalarını” “referendum” adlandırmışdılar.
1987-ci il dekabrın 1-də Qarabağ ermənilərinin nümayəndə heyəti tələblərini və “referendum”da toplanmış imzaları Moskvada Sov. İKP Mərkəzi Komitəsinə təqdim etdilər. Prosesdə erməni millətçisi və cəlladı yazıçı Zori Balayan aktiv rol oynadı.
1988-ci il fevralın 13-də Xankəndidə (o zaman Stepanakert) ilk kütləvi nümayiş təşkil olundu. Nümayişçilərin tələbi “DQMV Ermənistana birləşdirilməlidir!” idi. Fevralın 14-də isə hay şairi Silva Kaputikyan Ermənistan Yazıçılar İttifaqının iclasında Qarabağ ermənilərinin tələblərini dəstəklədiyini açıqladı. Ümumən, fevralın 16-dan martın 2-dək Xankəndinin mərkəzi meydanında fasiləsiz nümayişlər keçirildi. Fevralın 20-də isə DQMV-nin Xalq Deputatları Şurasının növbədənkənar iclasında “Ermənistan SSR və Azərbaycan SSR-in Ali Sovetləri qarşısında, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında vəsatət qaldırılması” qərara alındı. Məhz həmin gün İrəvanda sözügedən vəsatətə dəstək məqsədilə ilk nümayiş oldu.
Bunun ardınca baş verənlər də yaxşı məlumdur. Martın 1-də Xankəndidə Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşısına məqsəd qoymuş “Krunk” təşkilatı yaradıldı. Təşkilata rəhbərliyi Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov etdi. Jurnalist Tomas de Vaal kitabında yazır ki, “Krunk” SSRİ-nin rəhbəri Mixail Qorbaçov dövründə Sovet İttifaqında tətili siyasi silah kimi istifadə etməyə başlayan ilk təşkilat idi. Onun “ideoloji bölməsinə” başçılığı o zaman Xankəndi ipək fabrikinin partiya komitəsinin katibi işləmiş, sonradan Ermənistan prezidenti postunu tutmuş Robert Koçaryan etdi. S.Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyanın rəhbərliyi altında yaradılmış xalq drujinalarının məqsədi isə Xankəndidə yaşayan azərbaycanlıları qovmaq oldu. Bir müddət sonra R.Petrosyan “Qarabağ özünümüdafiə qüvvələri” adlanan erməni silahlı dəstələrinin komandirlərindən birinə çevrildi.
Paralel olaraq Ermənistanda Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda kampaniya da vüsət aldı. Nəticədə İrəvanda “Qarabağ komitəsi” yaradıldı. Bir müddət sonra bu komitə hakim Ermənistan Kommunist Partiyasını üstələməyə başladı.
Fevralın 26-sı Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov Kremldə Zori Balayanı və Silva Kaputikyanı qəbul etdi. Görüşdə Qorbaçovun erməni əsilli köməkçisi Qeorqi Şaxnazarovun iştirakı diqqət çəkdi. Şaxnazarov yazırdı ki, Qorbaçov Qarabağ ətrafında baş verən hadisələri “Arxadan vurulan zərbə” kimi səciyyələndirdi və bildirdi ki, “azərbaycanlıları çətinliklə sakitləşdirirlər, ən əsası isə təhlükəli presedent yaranır. Ölkədə onlarla potensial etnik qarşıdurma ocağı var, Qarabağ məsələsi zorakı əməllərə əl atmağa cürət etməyənləri ilhamlandıra bilər”.
Lakin bütün bunlar yalnız sözdə idi. Çünki SSRİ rəhbərliyi erməni separatizminin qarşısını almaq üçün, faktiki olaraq, heç nə etmir, azğınlaşmış erməni millətçilərinə qarşı sərt tədbirlər reallaşdırmır, sanki onların nazı ilə oynayırdı. Nəticə ertibarilə, “Qarabağ hərəkatı”nın rəhbərləri ermənilərin özlərinin törətdikləri Sumqayıt hadisələrindən məharətlə yararlandılar. Onlar Ermənistanda yaşayan azərbaycanlıların həmin vaxtadək başlamış olan qovulmalarını sürətləndirdilər.
Martın 21-də Sov. İKP MK-nın Siyasi Bürosunun iclasında Qarabağda və Ermənistanda baş verən hadisələr, habelə, “Qarabağ komitəsi”nin fəaliyyəti müzakirəyə çıxarıldı. Həmin günün ertəsi Sovet İttifaqının mərkəzi mətbuat orqanı “Pravda” qəzeti “Qarabağ hərəkatı”, həmçinin Azərbaycan və Ermənistanda yaşanan hadisələr haqqında “Emosiyalar və Şüur” başlıqlı məqalə dərc etdi. Yazıda baş verənlər “insanları təxribata çəkən məsuliyyətsiz ekstremistlərin əməlləri” adlandırıldı. Amma bunun heç bir faydası olmadı. Əksinə, martın 23-də məhz həmin məqaləyə cavab olaraq Xankəndidə aprelin 5-dək davam etmiş kütləvi tətil başlandı. Bir gün sonra Azərbaycan SSR-in Ali Sovetinin Rəyasət Heyəti “Krunk”un ləğvi və icazəsiz toplantıların qadağan edilməsi haqqında qərar qəbul etdi.
1988-ci ilin mayında “Qarabağ komitəsi”nin rəhbərliyində dəyişikliklər oldu. Qarabağ erməniləri Zori Balayan və İqor Muradyan komitədən kənarlaşdırıldı, təşkilatın tərkibində, demək olar, bütünlüklə İrəvan ziyalıları yer aldı. Beləliklə, “Qarabağ komitəsi” “Qarabağla Ermənistanın birləşməsi uğrunda umummilli erməni hərəkatı” kimi fəaliyyət dövrünə start verdi. SSRİ Baş Prokurorluğu qurumun bəzi rəhbərlərini həbs etsə də, onlar tezliklə azadlığa çıxdılar.
1990-cı ilin avqustunda Erməni Ümummilli Hərəkatı sonradan Ermənistanın birinci prezidenti olmuş Levon Ter Petrosyanın rəhbərliyi ilə Ermənistan Ali Sovetinə keçirilən seçkilərdə qalib gəldi. Nəticədə “Qarabağ komitəsi”nin, yəni elə “Qarabağ hərəkatı”nın da bir çox üzvü nazir və dövət məmuruna çevrildi.
***
Bütün bunları həm tarix kimi xatırladıq, həm də müəyyən paralellər aparmaq üçün. Gələk hazırkı dövrə. Deməli, separatçıların sonuncu “lideri” S.Şahramanyan “Qarabağ hərəkatı”nın 36 illiyi ilə bağlı heç nə danışmasa da, keçmiş qondarma “DQR”in “parlamentinin” vitse-spikeri adlanan Vahram Balayan adlı məxluq Qarabağ səhifəsinin hələ bağlanmadığını bildirib. O, hazırda erməni tərəfinin pis durumda olduğundan, vəziyyətdən çıxmaq üçün Ermənistanı gücləndirməyin vacibliyindən söz açıb və bildirib ki, güclənmə “ermənilərin “tarixi vətəninin” bir hissəsinin qaytarılması uğrunda mübarizəsinin davamına” imkan yaradacaq. Öz aləmində qondarma tarix uydurub ondan söz açan V.Balayanın ən böyük çərənləməsi isə budur: Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.
Belə nəticəyə gəlirik ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Doğrudur, indi separatçılar keçmişdə, yəni “Qarabağ hərəkatı”nın mövcud olduğu dövrdəki kimi, Ermənistanda hakim qüvvə deyil. Ancaq, ümumən, onların mövcudluğu, özlərini hansısa formada göstərmələri ölkənin adına yazılır. İstər-istəməz, düşünülür ki, indiki durum rəsmi İrəvanın Cənubi Qafqazda sülhün yaranmasına əks mövqe tutduğunun təsdiqidir. Yəni, baş nazir Nikol Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsinin, üstəlik, ölkəmizdən Ermənistanın ərazi bütövlüyünün tanınmasını istəməsinin hansısa əhəmiyyəti yoxdur. Çünki ortada real mənzərə var – Ermənistan Azərbaycan ərazilərinə iddiada olan birləşməni bəsləməklə məşğuldur. Həmin birləşmənin üzvləri özlərini “prezident”, “parlament sədri” və sair adlandıra bilirlərsə, başqa cür düşünmək, sadəcə, mümkünsüzdür.
Əslində, Ermənistan iqtidarı heç nəyə baxmadan şahramanyanları, balayanları və digər yanları həbsə atmalıdır. Ancaq bunu etmir. Üstəlik, erməni cəmiyyətində də belələrinə münasibətdə hansısa antipatiya nəzərə çarpmır. Deməli, xəstə erməni cəmiyyəti də üzləşdiyi hazırkı acınacaqlı durumun baiskarlarının kimlər olduğunu anlamaqda çətinlik çəkir.
Anlamaqdan söz düşmüşkən, deyəsən, Ermənistanda bu mənada fərqlənən yalnız bir qütb var – Ermənistan Jurnalistlər İttifaqı. Əlbəttə, qurumun S.Şahramanyanın adı açıqlanmayan cangüdəninin Erablur qəbiristanlığında jurnalistlərə qarşı kobud rəftarı ilə bağlı bəyanatını qeyd etdiyimiz prizmadan dəyərləndirmək mümkünsüzdür. Amma məsələ ondadır ki, bu bəyanat həmin cangüdənin naməlum qaramaskalılar tərəfindən yoxa çıxarılmasında həlledici rol oynayıb. Bəyanata gəldikdə isə orada “Qarabağ hərəkatı”nın 36 illiyi ilə bağlı mərasimin işıqlandırılmasına maneçilik törətmək pislənilib. Yəni, bu qondarma tarix erməni cəmiyyətinin intellektual kəsimi tərəfindən də ictimai əhəmiyyət daşıyan hadisə kimi vurğulanıb. Belə qənaətə gəlirik ki, haqqında söz açdığımız anlama məsələsində, daha doğrusu, reallıqları anlamamaqda hansısa istisna yoxdur...
Sonda yenidən Erablur qəbiristanlığından söz açaq. Əvvəldə bildirdik ki, burada İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbçilərinin qəbirləri yerləşir. Onu da dedik ki, “Qarabağ hərəkatı”nın 36-cı ildönümü ilə bağlı həmin məkanın ziyarət edilməsində məntiq var. Yaxşı olar ki, nəinki S.Şahramanyan və başını dəstəsi, eləcə də baş nazir Nikol Paşinyan və onun komandası Erablurda “Qarabağ hərəkatı” üçün məzar yeri düzəltsinlər. Nəzərə alsınlar ki, meyit ortada qalanda iylənir, ətrafa üfunət qoxusu yayılır. Onu təcili basdırmaq, özü də qəbri dərin qazmaq lazımdır. Ən əsası, heç bir halda meyitin xortlayacağına ümid bəsləməsinlər. Yoxsa, Erablurda qəbir yeri tapılmayacaq.
Ə.CAHANGİROĞLU
XQ