(Prezident İlham Əliyevin çağırışları fonunda)
I MƏQALƏ
Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Heydər ƏLİYEV
Ümummilli lider
İnkişafın intellektual yolu
Müasir dünyamızda elmi intellekt fövqəladə vacib və strateji faktora çevrilmişdir. İndi alimlər bəşəriyyətin inkişafını elmdən kənar təsəvvür etmirlər. Buna “ifrat sientizm” də demək olar, əksini də iddia etmək mümkündür. Lakin reallıq birdir: insan hər yerdə elmin nəticələri ilə üzləşir, dünyaya elmin gözü ilə baxır. Faktiki olaraq, insan övladının dünyanı görməyə “başqa gözü qalmamışdır”. Koreyalı filosof Yuk Huyi iddia edir ki, hətta, bütövlükdə, Kainat artıq “texnokosmosdur”. Yəni dünyanı elmin, texnologiyanın yaratdığı mənzərə kimi dərk etməyə məhkumuq və buna görə də müasir dünyamız faktiki olaraq “texnokosmizm”dir.
Əlbəttə, sürətlə yeniləşən və dünyanı öz uğurları ilə təəccübləndirən Azərbaycan da dövlət və cəmiyyət olaraq bu prosesdən kənarda qala bilməz. Azərbaycan həmin inkişaf kursundan nəinki kənarda qalmır, hətta müəyyən edilən yeni mərhələdə inkişafın mərkəzində məhz elm və təhsili görür. Prezident İlham Əliyev bununla bağlı bir neçə dəfə fəaliyyət tezisləri irəli sürmüşdür. Andiçmə mərasimində də açıq və konkret mesajlar vermişdir.
Azərbaycan Prezidenti elm və təhsilin strateji mahiyyətini dəfələrlə açıqlamışdır. Azərbaycanın qarşısında duran iki vacib məsələdən birinin təhsil olduğunu söyləmişdir. Andiçmə mərasimində yeni nəslin tərbiyəsini və azərbaycançılıq məfkurəsinin inkişafını ön plana çıxarmışdır. Prezident vacib məsələlərdən biri kimi texnoloji inkişafı göstərmişdir. Texnoloji inkişafı, kibertəhlükəsizliyi, süni intellektin tətbiqini Azərbaycanın gündəlik həyatının əlamətlərinə çevirmənin zəruriliyini ayrıca vurğulamışdır: “Əks-təqdirdə, biz geridə qala bilərik. Biz isə geridə qala bilmərik!”.
Əlbəttə, Prezidentin yeni mərhələ ilə bağlı fikirlərini bütövlükdə cəmiyyət qarşısında duran mühüm vəzifələr kimi qəbul etməliyik! O cümlədən, elmlə məşğul olan qurumların, hər bir elmi yaradıcı kadrın qarşısında qoyulan vəzifə kimi qəbul etməliyik.
Həmin prosesdə, şübhəsiz ki, AMEA fəal iştirak etməlidir. Azərbaycanın baş elmi qurumunda aparılan tədqiqatların strateji əhəmiyyəti və lazımlığını əlavə sübut etməyə ehtiyac yoxdur. Burada elmi tədqiqatların təşkili artıq yeniləşir və konkret məqsədə xidmət edir. Onu ifadə edək ki, AMEA indi əsas olaraq sosial-humanitar sahələrdə tədqiqatlar aparır. Bu da qurumun tədqiqat strategiyasına konkret yön verir.
Öncə onu vurğulayaq ki, müasir tarixi mərhələdə sosio-humanitar tədqiqatların strateji əhəmiyyəti daha da artmışdır. Bunun əsas səbəbi yuxarıda vurğuladığımız və obrazlı ifadə etsək, “dünyanın və hətta Kainatın dərkinin elmiləşməsi” ilə bağlıdır. Sürətlə baş verən cəmiyyətə çevik tətbiq edilən hər yeni elmi ixtira və ya kəşfin toplumun həyatına göstərdiyi təsirlərin fəlsəfi, siyasi, mənəvi, əxlaqi, iqtisadi, sosial, kulturoloji, aksioloji, ideoloji və psixoloji təsirləri eyni çevikliklə geniş araşdırılmalıdır ki, bütövlükdə ölkənin inkişaf istiqamətini düzgün müəyyən etmək imkanı yaransın. Bu işin təşkilində isə sistemli araşdırmalar aparan elmi təşkilat aparıcılıq etməlidir. Bu baxımdan, AMEA sosial və humanitar sahələrdə tədqiqatın taktiki, təşkilati və strateji aspektlərini müəyyən etmişdir və həmin kurs üzrə elmi fəaliyyəti təşkil etməkdədir. Tam mənzərənin yaranması üçün məsələnin bu tərəfi üzərində geniş dayanmaq lazım gəlir.
Milli ideya və strateji inkişafın sintezi
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu il fevralın 13-də AMEA-nın Direktorlar Şurasının ilk iclasında yeni tarixi mərhələdə qarşıda duran başlıca vəzifənin dövlət başçısının 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində irəli sürdüyü “gələcək dövr üçün milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi” tezisinin həyata keçməsində fəal iştirak etməkdən ibarət olduğunu demişdir. Həmin bağlılıqda da AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşür. Artıq Azərbaycan Prezidentinin tapşırığının yerinə yetirilməsi istiqamətində AMEA-nın Rəyasət Heyətində ilkin müzakirələr aparılmışdır. Bundan sonra da milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində qurumun elmi müəssisələrində alimlərin iştirakı ilə yeni müzakirələr keçiriləcəkdir.
Akademiyanın rəhbəri, bütövlükdə, təşkilatda Prezidentin və çağdaş dünya elminin çağırışları fonunda araşdırmaların daha da intensivləşəcəyini bildirmişdir. Bu zaman, konkret olaraq akademik İsa Həbibbəyli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ifadə edilən müddəalardan irəli gələn tədqiqatlara üstünlük veriləcəyini söyləşmişdir.
Bunlarla yanaşı, yeniləşən AMEA beynəlxalq miqyasda elmi əlaqələrini daha da genişləndirəcək və Azərbaycan elminin dünyanın inkişaf etmiş hissəsinin elminə inteqrasiyasını daha da sürətləndirəcək. Bu istiqamətlər üzrə də dəqiq fəaliyyət proqramları işlənmişdir. Bir sıra nüfuzlu elm mərkəzləri ilə əməkdaşlıqla bağlı razılaşmalar əldə olunmuşdur. Ayrıca, türk dövlətlərinin elmi qurumları ilə əlaqələr yeni səviyyəyə yüksəldilir. Bu özəllik Prezidentin Türk dünyası ilə bağlı andiçmə mərasimindəki nitqində irəli sürdüyü strateji vacib tezisin (“Bizim ailəmiz Türk dünyasıdır” və “bizim başqa ailəmiz yoxdur”, ona görə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsi zəruridir) mahiyyətinə və məqsədinə tam uyğundur.
Şübhə yoxdur ki, Türk Dövlətləri Təşkilatının gücləndirilməsində əsas istiqamətlərdən biri də elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdən ibarətdir. Məhz həmin aspektdə AMEA-nın indiki rəhbərliyi bütün gücü ilə çalışır, çox maraqlı ideyalar və layihələr fəaliyyət proqramları statusunda hazırlanır. O cümlədən, Azərbaycan alimlərinin türk dövlətlərindəki yüksək indeksli beynəlxalq elmi jurannallarda əsərlərinin dərc edilməsi ilə bağlı konkret addımlar atılır.
Bütün bunlar, təbii ki, AMEA-da elmi idarəetmə prosesində də yeniliklərin olmasını tələb edir. Onlar da artıq konkret müəyyən edilmişdir. Akademik İ.Həbibbəyli həmin yenilikləri aşağıdakı kimi təsnif etmişdir:
- İdarəetmənin və aparılan islahatların çevikliyinin artırılması;
- elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi;
- meydana çıxan problemlərin səmərəli həll yollarının axtarılması;
- AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması;
- təcrübə mübadiləsinin aparılması;
- elmi tədqiqat işlərinin müasir tələblərə uyğun aparılması üçün yeni mexanizmlərin işlənib hazırlanması;
- birgə elmi və elmi-texniki tədbirlərin təşkili;
- elmi fəaliyyətin və cari idarəetmənin təkmilləşdirilməsi ilə bağli Direktorlar Şurasının yaradılması.
Elmi tədqiqatların təşkili kontekstində konkret 8 yeniləşmə istiqamətinin müəyyən edilməsi AMEA rəhbərliyinin məsələyə sistemli, elmi və məntiqi yanaşdığını göstərir. Çünki həmin istiqamətlərin fəlsəfi-sinergetik analizi göstərir ki, onlar arasında daxili məntiqi əlaqə, məzmun həmahəngliyi və eyni strateji məqsəd mövcuddur. Məsələnin bu aspekti üzərində geniş dayanaq.
Yeniləşmənin 8 istiqaməti
Burada “sinergizm” dedikdə vurğulanan yeniləşmə istiqamətlərinin məzmun, reallaşma və məqsəd baxımından bir-biri ilə elə sistemli əlaqələrdə olmalarını nəzərdə tuturuq ki, yekunda “sinergetik effekt” əmələ gəlsin. Yəni, AMEA bütöv və tam halda inkişafedən sistem kimi fəaliyyət göstərsin və bu cür funksionallıq elmi-praktiki səmərə versin. Deməli, “sinergizm” burada gəlişigözəl termin kimi işlədilmir. O, konkret praktiki reallaşma nəticəsində nəticə verən kompleks xarakterli prosesin ümumnəzəri ifadəsidir. AMEA-da yeniləşmə istiqamətlərinin seçilməsi də məhz nəzəri ilə yanaşı, praktiki səmərəyə nail olunması prinsipinə əsaslanmışdır. Biz məhz bu cəhəti fəlsəfi-elmi və məntiqi arqumentlərlə sübut etməyə çalışacağıq.
Öncə, vurğulanan istiqamətlərin yeniləşmənin müxtəlif aspektlərini necə ifadə etdiklərinə baxaq.
Əminik ki, AMEA rəhbərliyi məsələyə sistemli və müasir elmi fəaliyyətin kriteriyaları prizmasında yanaşmışdır. Belə ki, yeniləşmədə elmi fəaliyyətin təşkili ənənəvi disiplinarlıq (fənni) prinsipi üzrə deyil, “Elm haqqında” Qanunun başlıca müddəaları əsasında müəyyən edilmişdir. Daha konkret desək, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 12 may 2023-cü il tarixli qanun-layihəsinin 5.2.-ci maddəsində “11.3-cü maddədə “elmin müxtəlif sahələri” sözləri “onun fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin”, 5.5-ci maddəsində “11.6-cı maddədə “elmin müxtəlif sahələri” sözləri “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin” və “5.7-ci maddəsində “11.9-cu maddəyə “elm sahəsində” sözlərindən əvvəl “fəaliyyət istiqamətləri üzrə” sözləri əlavə edilsin” yazılmışdır.
Burada əsas məqam ondan ibarətdir ki, qanunda “elmin müxtlif sahələri” ifadəsi daha çox disiplinar elmi fəaliyyətə uyğundur, onun “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilməsi isə interdisiplinar (fənlərarası) elmi fəaliyyətə uyğundur. Buna görə də düzəliş elmi tədqiqatların təşkilini disiplinar bölgüyə görə deyil, müxtəlif elmlərin qarşılıqlı əlaqəsinə, elmi tədqiqatların sintezinə və fəaliyyətin kompleks təşklinə əsaslanmağı nəzərdə tutur.
Onu da xatırladaq ki, həmin dövrdə Milli Məclisin “Elm və təhsil” komitəsinin sədri akademik İsa Həbibbəyli idi. Bu isə o deməkdir ki, elmdə aparılan islahatlarda AMEA rəhbəri faktiki olaraq aparıcı rol oynayır. Bütün bunların fonunda AMEA-nın müəyyən etdiyi 8 yeniləşmə istiqamətinin daxili bağlılığını anlamaq olar.
Burada ilk önəmli məqam islahatların və idarəetmənin çevikliyinə vahid kontekstdə baxılmasından ibarətdir. Onlar aktual məsələlərin geniş müzakirəsi əsasında aparılmalıdır. Yəni, elmi fəaliyyətin təşkilinin bütün çalarları geniş müzakirələr əsasında formalaşacaq yeni yanaşmaların yalnız idraki (koqnitiv) deyil, həm də idarəetmə və fəaliyyətin təşkili aspektlərinin sintezi fonunda müəyyən olunur. Bu isə o deməkdir ki, faktiki olaraq elmi tədqiqatların təşkili əsasında alınan fənlərarası elmi biliklərin qiymətləndirilməsi nəzəri aspektlə idarəetmə aspektlərinin vəhdətində aparılmalıdır. Müasir mərhələdə dünyanın inkişaf etmiş ölkələrində elmi tədqiqatın təşkili ilə elmi biliyin qiymətləndirilməsi analoji mexanizmə əsaslanır.
Nümunə kimi, hazırda Qərbdə elmin təşkili perspektivlərində xüsusi rol oynayan Beynəlxalq Elmi Şuranın mövqeyinə baxaq. Bu təşkilatın elmdə məsuliyyət və azadlıq üzrə Beynəlxalq Elmi Şura Komitəsi 2021-ci ildə “XXI əsrdə azad və məsuliyyətli elmi praktikaya müasir baxış” adlı çox maraqlı məruzə hazırlamışdır. Bu məruzənin Azərbaycanda “Elm haqqında” Qqanuna edilən dəyişikliklərin ana ideyası olan – “elmi fəaliyyətə qoyulan məhdudiyyitələrin ləğv edilməsi”, tezisi ilə səsləşən aspekti azad və məsuliyyətli elmi fəaliyyətə üstünlük verməklə bağlıdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru