Qarabağ şəkil deyil ki, kəsib Ermənistana yapışdırasan

post-img

Tövbə qapısına arxa çevirənlər bunu anlamırlar 

“Qoy Tanrı bizə müdriklik və təfəkkürümüzə milli oyanış bəxş eləsin ki, hər bir erməni milli problemlərinə əhəmiyyət versin”. 

“Əzabkeş xalqın” Tanrı dərgahına ünvan­ladığı bu ismarıc Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının “Artsax milli hərəka­tının 36-cı ildönümü münasibətilə” yaydığı müraciətindən götürülüb. 

Əgər haylarda əzəl başdan müdriklik və milli oyanış kimi bəşəri keyfiyyətlər olsay­dı heç vaxt indi üzləşdikləri aqibətə gəlib çıxmazdılar. Yüz ildən çoxdur beşikdə hələ gözlərini tam açmamış erməni çağanın qula­ğına türkün düşmən olduğu barədə nağıllar danışan, neçə-neçə nəsillərin içini nifrət və qisas düşüncəsi ilə zəhərləyən, ən savadlısı­nın belə beynindən “miatsum” sərsəm ide­yası silinməyən bu dinsiz toplumun Tanrı ilə nə əlaqəsi ola bilər ki, onun da “müraciətini” qəbul etsin?

Erməni xalqının bütün faciələrinin ba­iskarı sayılan qriqorian kilsəsi Bakının ta­rixin arxivinə göndərdiyi “Dağlıq Qarabağ” problemini, qorbagor olmuş “status-kvo”nu o dünyadan xortladıb yenidən “gün işığına” çıxarmaqdan ötrü dəridən-qabıqdan çıxır. “36 il bundan əvvəl Artsax öz müqəddaratı­nı təyinetmə hüququnun müdafiəsinə qalxdı. Bütün xalqın əzmkar mübarizəsi birlik dəyə­rinə əsaslanırdı və hər kəs bu məsələyə şəxsi töhfəsinin vacibliyini dərindən dərk edirdi”.

Bəs, 136 il əvvəl Qarabağda Alban kil­sələrini qriqorianlaşdırmağa girişən erməni din xadimlərinin əməlləri barədə Ali Hökm Sahibinə məlumat verməyi niyə unutmusu­nuz? Təkcə Qarabağda deyil, az qala, dünya­nın dörd tərəfində axtardığınız erməni dövlə­tinin binədən yalan olmasını başqaları deyil, hamıdan əvvəl praqmatik erməni tarixçiləri özləri üzə çıxardılar. 

“Ağır şəraitə baxmayaraq, “birləşməni” baş tutmuş hesab etmək olar. İndi bizim Art­saxdan və Ermənistandan olan bacı və qar­daşlarımız Ana Ermənistanda birləşiblər. Bu vəziyyətdən ağılla və səmərəli şəkildə istifa­də etmək, ulu əcdadlarımızın nümunəsindən ilhamlanmaq çox vacibdir. Son nəticədə bu, milli oyanışın olduqca mühüm ərəfəsinə çev­rilə bilər”.

Müraciətini də duaları kimi yalan və sax­takarlıq, utopik ümidlər üzərində kökləyən, milləti yanlış yola sövq etməklə əzablara düçar edən erməni kilsəsi tarixin bu həlledici dönəmində də təxribatından əl çəkmir. Dav­ranışından birbaşa cinayətin iyi gələn Erməni Apostol kilsəsi, deyəsən, yenə daxili qurban­lar ovuna çıxmağa hazırlaşır. Axı, onun bu sahədə də “zəngin təcrübəsi” var. 

Bu cinayətə az qala Tanrının özünü belə şərik etməkdən qorxub-çəkinməyən, utan­mayan Erməni Apostol kilsəsi öz təbəəsini tarixin heç bir dönəmində dini missiyasına uyğun həqiqi inanclı, saf mömin bəndə kimi tərbiyə etmədiyindəndir ki, indi üz tutduqla­rı Uca Yaradan da onlardan üz döndərib. Bu gün Ondan dilədiklərindən çoxdan məhrum edildikləri, guya, yalançı xristian hayların öz­lərinə agah deyilmiş. 

Amma Tövbə qapısı günah işlədənlərin üzünə həmişə açıqdır. Bəlkə, dinə-imana gələrək, yaxın qonşuları ilə sülh və əmin-a­manlıq içərisində yaşamağa qərar verdikdən sonra Tanrı da onların günahından keçə. 

İ.HƏSƏNQALA
XQ

Siyasət