Rəsmi İrəvandan gələn açıqlamalar pozitiv düşünməyə əsas vermir
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və baş nazirlərinin müavinləri yaxın vaxtlarda görüşə bilərlər. Bunu Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib. Ancaq onun məsələyə o qədər də nikbin yanaşmadığı da məlum olub. Buna baxmayaraq, Qriqoryan görüşdə ölkələr arasında sülh müqaviləsi layihəsinin müzakirəyə çıxarılma ehtimalından söz açıb. Ən başlıcası isə A.Qriqoryan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər aldığını deyib. Yazımızda bu barədə söz açacağıq.
“Bizim təkliflərimizə cavab olaraq Azərbaycan öz versiyasını göndərdi və biz işimizi davam etdiririk”, – deyən Qriqoryan əlavə edib ki, Azərbaycanın təkliflərində bəzi yumşalmalar var. Əlbəttə, o, fikrini əsaslandırıb haqqında söz açdığı yumşalmaların nədən ibarət olduğunu açıqlamayıb. Yeri gəlmişkən, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən yumşalmaların olduğunu bu il yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bildirmişdi.
Ümumən, Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparırlar və bu proses artıq neçə vaxtdır davam edir. Sonuncu dəfə İrəvan Bakıya sülh müqaviləsi variantını 2024-cü il yanvarın 4-də göndərib. İndiyədək tərəflər 5-6 dəfə, belə demək mümkünsə, təklif mübadiləsi aparıblar. Ancaq ortada konkret real nəticə yoxdur. Real nəticə həm də ona görə yoxdur ki, Ermənistan müxtəlif məsələlər irəli sürməyi özünün konstruktivliyi prizmasında dəyərləndirir. Əslində isə ölkə vaxt udmaqla məşğuldur. Yəni, vaxt udub güclənməklə.
Bəli, Azərbaycan sülh gündəliyinə səbrlə yanaşır. Ermənistan isə “təklif diplomatiyasını”, sanki, siyasi oyuna çevirib. Elementar bir misal çəkək. Bir halda ki, yanvarın 10-da A.Mirzoyan Bakının mövqeyində müəyyən yumşalmaların olduğunu bildirmişdi, o zaman nə üçün Ermənistan fevralın 13-də şərti sərhəddə hərbi təxribat törətdi? Olmazdımı ki, həmin yumşalmalara müsbət münasibət bəslənilsin? Görünür olmazmış! Belə çıxır ki, ölkəmizin hansısa humanist və anlayışlı davranışı qarşı tərəfdə adekvat qarşılanmır...
Digər yandan, baş verənlər onu göstərir ki, rəsmi İrəvan beynəlxalq spektrdə hansısa fərqli durumun formalaşmasına ümid bəsləyir. Yəni, Ermənistanın “təklif diplomatiyasına” üstünlük verməsinin bir məqsədi də məhz budur. Mövcud məqamı Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi. Dövlətimizin başçısı demişdi ki, 2023-cü ilin Sentyabr hadisələrindən (lokal xarakterli antiterror tədbirlərindən–red.) sonra Azərbaycan yeni vəziyyətlə üzləşib: “Ermənistana verilən vədlər, xüsusilə də həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək, “bu əməliyyat” Azərbaycana baha başa gələcək. Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədiyi kimi tərtib edə bilərlər və bizə də kimsə təzyiq edib bizi də razı sala bilərlər. Məhz buna görə 70 gün ərzində bizim təklifimizə, – çünki burada təkliflər mübadiləsi 5-6 dəfə gedib, mətnlər göndərilir şərhlərlə, – cavab vermirdi”.
Bir məqamı da vurğulayaq ki, Ermənistanın Azərbaycana ünvanladığı əvvəlki sülh təkliflərində Qarabağ erməniləri ilə bağlı müddəalar yer alırdı. Lakin hazırda belə bir durum yoxdur və bunu Prezident İlham Əliyev də sözügedən müsahibəsində təsdiqlədi. Belə olan halda, Qriqoryanın və Mirzoyanın haqqında söz açdığı “yumşalma” və “geri çəkilmə” məntiqinin, əslində, İrəvana adi olduğunu söyləyə bilərik. Ancaq məsələnin digər tərəfinə də diqqət yetirmək zəruridir.
Dövlətimizin başçısı yenə həmin müsahibəsində bildirib ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər yaradılıb. Ona görə mətn üzrə işlər fəal getməlidir. Yəni, ölkəmizin lideri Ermənistanın vaxt uzatmasının düzgün olmadığını əsaslandırmışdı. Eyni zamanda: “Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Hazırda istər Ermənistanda yaşananlar, istərsə də ölkə rəsmilərinin bildirdikləri onu deməyə əsas verir ki, erməni iqtidarı Azərbaycanın mövqeyinə pozitiv reaksiya vermək iqtidarında deyil. Bunun bir sübutu da elə fevralın 13-də baş vermiş sərhəd insidenti, ölkəmizin hərbçilərinə atəş açılmasıdır. Atəşi açan erməni tərəfidir, ancaq rəsmi İrəvan elə fon yaradır ki, sanki sərhədçilərimiz cavab tədbirləri görməli deyilmişlər. Tədbir görüblərsə, guya, bu, Bakının işğalçılıq niyyətidir. Mövcud ritorikanı baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçiləri, demək olar, bütün beynəlxalq platformalara daşımaqla məşğuldurlar. Yeri gəlmişkən, Azərbaycandan növbəti sülh təkliflərinin gəldiyini deyən A.Qriqoryan fevralın 13-də yaşanmış insidentlə əlaqədar tamamilə yeni müstəvini işə salıb. Daha doğrusu, köhnə bayatını.
Beləliklə, A.Qriqoryan sərhəddəki qanlı toqquşmaya görə Rusiyanı ittiham edib. Daha dəqiq desək, o, Moskvanı insidenti dayandırmamaqda günahlandırıb. Belə çıxıb ki, Azərbaycan sərhədçilərinin cavab tədbirləri nəticəsində dörd erməni hərbçisinin öldürülməsinin baiskarı Rusiya imiş.
Maraqlıdır ki, A.Qriqoryan Avropa İttifaqının mülki müşahidə missiyasının hadisənin baş verdiyi əraziyə çıxışının olmadığını deyib. O, başlıca vurğunu belə bir üstünlüyə malik Rusiya hərbçilərinin hadisənin qarşısını almağı bacarmadıqlarına qoyub. Deməli, ayının min oyunu bir armudun başındadır. Qriqoryan rəsmi İrəvanın Kremlin Ermənistanın təhlükəsizliyinin təminatı məsələsindəki dişsizliyi müddəasını yenidən dövriyyəyə buraxıb.
O da maraqlıdır ki, Ermənistanın təhlükəsizlik şurasının katibi nə üçün Aİ müşahidəçilərinin həmin hissəyə çıxışının olmadığına dair sualı cavablandırmaqdan yayınıb. Daha çox missiyanın rolunu şişirtməyi üstün tutub: “Biz onların fəaliyyətini tam dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik”.
Sonda bir daha bildirək ki, Azərbaycan Ermənistana sülh təkliflərini göndəribsə, danışıqların davamında, bununla da İrəvana şans yaratmaqda maraqlıdır. Qalır qarşı tərəfin bu şansdan necə istifadə etməyi. Necə deyərlər, yaşayarıq görərik.
R.ƏVƏZ
XQ