Ermənistan baş naziri Nikol Paşinyan Fransaya iki günlük səfərə gedib. Bu barədə Hayastan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Məlumatda qeyd olunur ki, səfər işgüzar xarakter daşıyır. Baş nazirin nümayəndə heyəti icra və qanunvericilik orqanlarının üzvlərindən ibarətdir.
Dünən Parisdə N.Paşinyanın Emmanuel Makronla görüşü olub. Günün sonunda isə Ermənistan baş naziri və Fransa prezidenti Anna Akopyan və Bricit Makronla birlikdə Paris panteonunda Fransa müqavimət hərəkatının erməni iştirakçısı Misak Manuşyanın qalıqlarının dəfn edilməsi mərasimində iştirak ediblər. Mərasim fevralın 21-də Manuşyanın və onun əsgər yoldaşlarının edam edilməsinin 80 illiyi münasibətilə baş tutub. Ermənistan hökuməti qeyd edib ki, Manuşyanın Viktor Hüqo, Jan-Jak Russo, Pyer və Mariya Küri, Emil Zolya, Aleksandr Düma və digər fransız elm və mədəniyyət xadimlərinin dəfn edildiyi panteonda torpağa tapşırılması Ermənistan–Fransa əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, Paşinyan, həmçinin Fransanın rəhbər şəxsləri ilə bır sıra görüşlər keçirəcək. Belə ki, baş nazir Paşinyan Fransa parlamentinin yuxarı palatası – Senatın sədri, ölkənin baş naziri və Paris meri ilə görüşəcək.
Qeyd edək ki, Paşinyanın Fransaya səfəri bir neçə gün öncə Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonraya təsadüf etməsi diqqətdən yayınmır. Həmin görüş il ərzində keçirilən ilk görüş olmaqla Qərb meydanında baş tutmuşdu. Hələ ötən ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Qranada görüşü zamanı Azərbaycan Almaniya və Fransanın iştirakı ilə baş tutacaq danışıqlarda Türkiyənin qatılmasını istəmişdi. Ancaq ölkəmizin istəyi yerinə yetirilmədiyi üçün Bakı Qranada görüşündə iştirakdan imtina etmişdi. Ötən dövr ərzində nə Qərb, nə də Rusiya platformasında heç bir görüş keçirilməmişdi. Münxen görüşü qeyd etdiyimiz kimi, ilin ilk görüşü idi. Ancaq Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə keçirilən Azərbaycan–Ermənistan görüşü qətiyyən üçtərəfli görüş hesab edilə bilməzdi. Bu, ikitərəfli görüş idi. Almaniya burada vasitəçi deyil, sadəcə təşəbbüsçü və təşkilatçı qismində çıxış edirdi. Çünki Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi, artıq vasitəçiyə ehtiyac yoxdur.
Görüşün bu formatda keçirilməsi Azərbaycanın uğuru kimi qiymətləndirilir. Erməni politoloqu Beniamin Matevosyanın bugünlərdə verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycan Ermənistanla danışıqlarda özünün milli maraqlarını əsas götürür və Qərb platformasında görüşlərə də gözləntilərinin tam şəkildə reallaşacağını hesab etdiyi halda razılıq verir. Yaxın bir ay ərzində tərəflərin Münxendə hansı nəticəyə gəldiyi bəlli olacaq.
Politoloq onu da bildirmişdir ki, Münxen görüşünü erməni tərəfinin məğlubiyyəti hesab etmək olar: “Çünki erməni tərəfinin ilkin olaraq mövqeyi belə idi ki, Qərb platformasında danışıqlarda hansısa üçüncü ölkə təmsil olunmalıdırsa, o da mütləq Fransa olmalıdır. Paşinyan, faktiki olaraq, burada da güzəştə getdi və Makronu Şolts əvəz etdi”.
Onu da bildirək ki, fevralın 17-də Münxendə keçirilən görüşdə Almaniya Kansleri giriş nitqində ölkəsinin Ermənistan və Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulamışdır. Sonra görüş ikitərəfli formatda davam etdirilmişdi. Prezident İlham Əliyev və baş nazir N.Paşinyanın görüşündə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunmuşdur. Xarici işlər nazirlərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilmişdir. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilmişdir.
İndi, yəni azacıq müsbət irəliləyişlərin qeydə alındığı bir məqamda E.Makronun N.Paşinyanı Parisə çağırması Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması, bütövlükdə, bölgədə sabitliyin və əmin-amanlığın bərqərar olması üçün yaxşı heç nə vəd etmir. Əfsuslar olsun ki, Fransa bölgəmizdə destruktiv rol oynayır. Parisin təqsiri üzündən Fransa–Azərbaycan münasibətlərinin səviyyəsi müstəqillik illərində ən aşağı səviyyəyə düşüb. Əslində, Paris hər zaman ermənipərəst mövqe tutub. Erməni–fransız əlaqələrinin kökləri isə Orta əsrlərə, “Xaç yürüşləri” zamanına gedib çıxır. Xüsusilə, Kiçik Asiyada, Anadolu yarımadasında yerləşən tarixi əyalət olan Kilikiya istiqamətində həmin əlaqələr güclü olub. Yeri gəlmişkən, haylar həmin ərazidə Kilikiya erməni çarlığının mövcud olduğunu iddia edirlər. Amma həmin əlaqələrin XX və XXI əsrə təsir edəcək gücü olmayıb.
Erməni–fransız əlaqələri 1915-ci ildə intişar tapıb. Məlumdur ki, o illərdə Osmanlı dövləti ona xəyanət etmiş erməni təbəələrini Suriya ərazisinə köçürürdü. Əsas paylanma məntəqəsi Deyr əz-Zor idi. Ermənilər Anadolunun müxtəlif yerlərindən Deyr əz-Zora gətirilir, oradan isə yeni məntəqələrə göndərilirdi. Osmanlı dövləti Birinci dünya müharibəsində məğlub olanda Deyr-əz-Zor və ətrafını Fransa tutdu. Bu zaman orada yığılıb qalmış xeyli sayda erməni Fransaya köçürüldü. Ermənilərin Fransada böyük diasporunun formalaşması da o zamandan başlayıb.
Yeri gəlmişkən qeyd edək ki, Sovet İttifaqının mövcud olduğu dövrdə də Fransa Ermənistan SSR-də yaşayan ermənilərlə çox sıx əlaqədə olub. O zamanın şərtlərini – “dəmir pərdə”nin mövcudluğunu nəzərə alaraq bunu təsəvvür etmək o qədər də asan deyil. İkinci dünya müharibəsindən sonra (1947-1948-ci illərdə) Fransa, Yunanıstan və ABŞ-dan 8-10 min erməni sovet Ermənistanına repatriasiya edilib. Ancaq burada çətin həyat şəraiti ilə üzləşən repatriantların böyük əksəriyyəti sovet rəhbərliyi icazə verərsə, əvvəlki yaşayış yerlərinə qayıtmaq istədiklərini bildiriblər. Fransanın xarici işlər naziri Kristian Pino 1956-cı ildə İrəvana səfər edib. Onu hava limanında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Suren Tovmasyan qarşılayıb. K.Pino ilə görüşən Fransadan olan repatriantların çoxu onunla geri qayıtmaq imkanını müzakirə edib. Bu söhbətlərin nəticəsi olaraq Pino məsələni Moskvada müzakirə edəcəyinə söz verib. Uğurlu nəticəyə ümid edən bir çox repatriantların bir çoxu mənzilləri və şəxsi əşyalarını satıblar. Pino İrəvandan Moskvaya yollanıb. O, burada SSRİ-nin rəhbəri Nikita Xruşşov tərəfindən qəbul olunub. Ancaq Fransa xarici işlər nazirinin xahişi Moskva tərəfindən qəti şəkildə rədd edilib. Mənzillərini və şəxsi əşyalarını satanlar isə bu zaman əlavə məişət problemi ilə üzləşiblər.
Parisin Ermənistanın dövlət müstəqilliyinin bərpasını elan etməsindən sonra haylara diqqəti və qayğısının nəticəsi kimi yalnız bir faktı göstərmək olar: Fransa Senatı və Milli Asambleyası qondarma erməni soyqırımının tanınması ilə bağlı düz 3 dəfə (1998, 2000 və 2001-ci illərdə) qətnamə qəbul ediblər. 2006-cı ildə isə Fransa qanunverici orqanı plüralizm və söz azadlığı əleyhinə addım ataraq, qondarma soyqırımının tanınmasının inkarının cinayət məsuliyyəti yaratdığı barədə qanun qəbul edib.
Fransa Ermənistan–Azərbaycan münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti idi. Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə Parisin, necə deyərlər, kefi kök idi. Onlar üzdə özlərini bitərəf kimi aparırdılar. Fransızlar digər həmsədrlərlə birgə Azərbaycanı mövcud vəziyyətlə barışmağa çağırırdılar. Ancaq Azərbaycan 2020-ci ildə İrəvanın artan təxribatlarına cavab olaraq, Vətən müharibəsinə başlayandan, torpaqlarını azad etdikdən sonra Fransanın da maskası yırtıldı. Əgər Paris əvvəllər pərdə arxasında ermənipərəst mövqe nümayiş etdirirdisə, artıq üzdə də ermənilərin tərəfində olduğunu ortaya qoydu. Fransa hazırda elə addımlar atır ki, həmin addımlar bölgədə sülh quruculuğa deyil, müharibəyə başlamaq, münaqişəni hər vasitələrlə canlı saxlamaq siyasətinə xidmət edir.
Prezident İlham Əliyev hələ 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Fransa və Ermənistanın Azərbaycan əleyhinə fəaliyyətinə dair mövqeyini aydın ifadə etmişdi: “İkinci maraqlı detal ondan ibarət idi ki, bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan–Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda Ermənistan nümayəndə heyətinin üzvləri Fransa nümayəndə heyətinin üzvləri ilə kənara çəkilib pıçıltı ilə, necə deyərlər, cükküldəşirdilər, danışırdılar, müzakirə edirdilər. Yəni, bu, açıq-aşkar görünürdü. Çünki bir neçə saat bir balaca otaqda olmaq, əlbəttə ki, bu detalları görmək üçün bir imkandır. Yəni, emosiyaları gizlətmək bəzən çətin olur”.
Hərbi-siyasi şərhçi Rizvan Hüseynov “XQ”yə açıqlamasında bildirdi ki, bir neçə gün öncə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Görüş pozitiv çalarlarla yadda qaldı. Ölkə rəhbərləri xarici işlər nazirlərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verdilər: “Münxendə nə Makron, nə də Mişel var idi. İndi isə Paşinyan Makrona hesabat verməyə gedir. O da Paşinyana “dəyərli məsləhətlər” verəcək. Yəqin ki, “məsləhətlərin” əsas mahiyyəti sülh danışıqlarına necə əngəl törətməklə bağlı olacaq. Əfsuslar olsun ki, mən nə Paşinyandan, nə də Makrondan faydalı bir hərəkət gözləmirəm. Hər halda sülh danışıqları uzandıqca itirən Ermənistan dövləti və xalqı olacaq. Özləri bilərlər. Fransa Qarabağ ermənilərini xərclədiyi kimi indi də Ermənistanı xərcləmək işinə girişib”.
Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Bunu Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib. Görüşdə sülh müqaviləsi layihəsi ilə bağlı müzakirələr aparılacaq. Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını təsdiqləyib. Ancaq R.Hüseynov hesab edir ki, Ermənistan tərəfi danışıqlarda mövqeyini Paşinyanın Parisdən alacağı təlimatlar əsasında formalaşdıracaqsa, görüşdən böyük irəliləyiş gözləməyə dəyməz.
Girişdə qeyd etdiyimiz kimi, Paşinyanın səfəri üçün əsas rolunu Fransa müqavimət hərəkatının erməni iştirakçısı Misak Manuşyanın qalıqlarının dəfnində iştirak etmək oynayır. Parisin diqqətinə çatdırmaq istəyirik ki, Fransa müqavimət hərəkatında azərbaycanlılar da fəal iştirak ediblər. Partizan Əhmədiyyə Cəbrayılov hərəkatın görkəmli nümayəndələrindən biridir. O, “Armed Mişel” ləqəbi ilə Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 1944-cü il avqustun 20-də azad edilmiş Parisdə general Şarl de Qoll Ə.Cəbrayılovla görüşüb. Bu görüşü fotoşəkil də təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin başçısı olan de Qollun iştirak etdiyi banketdə Cəbrayılovu da görmək olar. Fransada onun hərbi şücaətləri layiqincə qiymətləndirilib. Cəbrayılov ölkənin orden və medalları, o cümlədən, Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub. 1966-cı ildə SSRİ-yə gələn Şarl de Qoll onunla görüşmək istəyib və “Armed Mişel” Moskvaya çağırılıb. Hazırda erməni partizanın qalıqlarının dəfninə qatılanlar bu faktları unutmamalıdırlar.
Səxavət HƏMİD
XQ