Son vaxtlar müzakirə olunan mövzulardan biri də dükan-bazarlarda saxta kərə yağları və digər keyfiyyətsiz ərzaq məhsullarının satışı ilə bağlıdır. İstehlak bazarında rəqabət artdıqca “iş adamları” daha modern üsullara keçir, “ucuz və keyfiyyətli” kərə yağları, digər “ərzaq” məhsulları təklif eləməklə alıcıları aldatmağa davam edirlər.
Standarta görə, markalanma zamanı məhsulun adı “kərə yağı” kimi qeyd edilməlidir. “Kərə yağı” adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik heyvan mənşəli yağlar üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və duzsuz olması mümkündür.
Palma yağı isə ən çox qənnadı məmulatlarının istehsalında istifadə olunur. Qida məhsullarına qoyulan tələbə görə, tərkibinə daxil edilən bütün inqridiyentlər qablaşdırmanın üzərində əksini tapmalıdır. Lakin son vaxtlar AQTA-nın (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) apardığı yoxlamalar göstərir ki, yerli məhsulun tərkibi onun üzərində yazılanlara uyğun gəlmir. Bu mənada, ölkəmizdə istehsal olunan hansı məhsulda və nə qədər palma yağından istifadə olunduğunu müəyyən etmək mümkün deyil. Qeyd edək ki, palma yağı İndoneziya və Malayziyada yemək yağı kimi istifadə olunur. Ən böyük istehsalçı və ixracatçı da həmin ölkələrdir. Palma yağının insan orqanizminə zərərləri barədə məlumatlar yayılsa da, Avropa Qida Təhlükəsizliyi Təşkilatının sifarişi ilə aparılan tədqiqatlar zamanı məlum olub ki, palma yağında hansısa xüsusi konserogen maddə mövcud deyil. Sadəcə, bütün bitki yağları kimi onu da dəfələrlə 200 dərəcəyə qədər qızdırdıqda tərkibində dəyişiklik baş verir.
Hələ 2003-cü ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının palma yağının sağlamlığa zərərlərinə diqqət çəkməsinə baxmayaraq, onun dünyada istehsalı və istehlakı ikiqat, 1995-ci ildən 2017-ci ilədək olan dövrdə isə istehsal 4 dəfə artdı.
ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aida Bəndəliyeva istehlak etdiyimiz kərə yağları ilə bağlı deyir:
– Mülayim məhdudlaşdırılmış rasiondakı yağın 1/4 hissəsi kərə yağı, 1/4 hissəsi bitki yağı, 3–4-cü hissələri isə yeyinti məhsullarının özündə olan yağlar və kulinariya məqsədilə istifadə olunan mətbəx yağları olmalıdır.
Xatırladaq ki, Azərbaycanda kərə yağı beynəlxalq “Codex” standartı əsasında hazırlanır. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda – yağ emulsiya tipli formaya malik yağ məhsuludur. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyintlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı – 80 faiz m/m, maksimum su miqdarı – 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı – 2 faiz m/m olmalıdır.
– Aida xanım, palma yağı barədə nə deyə bilərsiniz?
– Reallıqda heç bir heyvan və bitki yağında, hətta balıq yağında belə palma yağındakı qədər A vitamini yoxdur. Bu yağın tərkibində zərərli xolesterin yoxdur. Tərkibindəki doymamış yağlar beynin sağlamlığında mühüm rol oynayır. Yağın əsas zərərli tərəfi onun tərkibində həm də doymuş yağların çox olmasıdır. Belə yağlar adətən çətin həzm olunur, qan damarlarının divarlarında toplanaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Palma yağının əsas çatışmazlığı və zərəri kimi 50 faiz doymuş yağlardan ibarət olması göstərilir. Halbuki kərə yağında bu göstərici 66 faiz, kakao yağında 62 faiz təşkil edir. Buna görə də palma yağından bütün yağlar kimi, qaydasında istifadə edilməsi məqsədəuyğundur.
Palma yağı maye deyil, qatı halda olur. Saxlanma müddəti artdıqca qatılıq da çoxalır. Məsələn, təzə yağ 27 dərəcə temperaturda əriyirsə, 1 həftəlik yağı əritmək üçün 42 dərəcə lazım gəlir. Tərkibindəki yüksək beta-karotinə görə təzə yağın rəngi narıncı olur. Yeyinti sənayesində 200 dərəcəyədək qızdırılaraq rəngsizləşdirilmiş yağdan istifadə olunur. Bu sektorda həmçinin tam təmizlənmiş, bir neçə dəfə rafinə olunan palma yağından istifadə edilir. Bu qədər təmizlənmədən sonra istifadə olunsa da, inkişaf etmiş ölkələrdə palma yağı qatılan bütün qida məhsullarının qablaşdırılması üzərində bu barədə qeydin olması tələbi var.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da müsahib olduq.
– Kərə yağı adı ilə biz nə yeyirik?
– Ölkəmizdə yerli istehsal və təxminən, 80 faiz həcmində xarici ölkələrdən kərə yağı idxalı mövcuddur. İdxal olunmuş kərə yağları ilə bağlı şübhələr, suallar, problem yaşanır. Yerli idxalçılar bağlamanın üstünə lazımı informasiyaları qoymaqdansa, bir inək şəkli vurub kərə yağı adı altında satırlar. Onları çoxu spred – yəni bitki yağları ilə qarışıq məhsullardır. Xarici ölkələrdən Azərbaycana kərə yağı idxal olunur. 5 il öncə Zelandiyada konfransda olan zaman Azərbaycana kərə yağı göndərən zavodların birində oldum. Orada bir neçə firma yağ istehsal edir. “Westgold” kərə yağını istehsal edən müəssisənin fermer təsərrüfatına getdim. İnəklər açıq havada otlayır, ilboyu yaşıl otla qidalanırlar. Gördüm ki, heyvanlara qış yemi verilmir deyə, xərc az olur və ona görə məhsul ucuz başa gəlir.
– Deyə bilərikmi idxal edilən yağların hamısı təmizdir?
– Xeyr. Xarici ölkələrdən tonlarla kərə yağı alıb burada kiloqramlara çevirən firmalar var. Həmişə mən o firmalara şübhə ilə baxmışam ki, burada o yağları kiloqramlara ayıranda nəsə problem yarana bilər. Kərə yağı bazarından çoxlu şikayətlər var. Qida Təhlükəsizliyi Agentliyi bu ilin yanvarından etiket məlumatları ilə tərkibin araşdırılmasını öz üzərinə götürüb. AQTA bu sahədə çoxlu araşdırma aparmalıdır ki, əhalinin narahatlığı aradan qalxsın. “Kənd yağı”, “nehrə yağı”, “nənəmin yağı” adı altında satılan yağlar birmənalı olaraq marqarin qatılmış yağlardır. Əhali buna inanmasın. Bu yağların hazırlanma qaydası bizə məlumdur.
– Keçək palma yağlarına. Bəzi mütəxəssislərin fikrincə, bu məhsullar keyfiyyətinə görə digər bitki yağlarından fərqlənmir. Sizin fikriniz necədir?
– Ölkədə palma yağları ilə bağlı problemlər yaşandığı barədə fikirlər çoxdur. 5 il öncə Braziliyada istehlakçı hüquqlarını qoruyan təşkilatların dünya konqresində olan zaman bu məsələni gündəmə gətirdim. Məlum oldu ki, bir çox ölkələrdə, o cümlədən Braziliyada palma yağı açıq satılır. Bu məsələni gündəmə gətirəndə məlum oldu ki, palma yağı iki cür olur. Biri onun toxumundan hazırlanmış, qida üçün tam yararlı yağ, bir də onun gövdəsindən hazırlanan sənaye üçün lazım olan. MDB-də palma yağı ucuz olduğundan bitki yağı bazarına ciddi təsir edə bilər. Ona görə MDB məkanında bu yağa qarşı ciddi media basqısı var ki, bazara daxil olmasın. Əslində palma yağı normal yağdır.
Təəccüb edirəm ki, qida üçün Azərbaycana yağ gətirən firmalar nə üçün bunu açıq və hər yerdə satmır ki, əhalinin fikri dəyişsin. Qida üçün olan palma yağları hansı məhsula qarışdırılırsa, üstündə yazılması zəruridir. Biz də görərik ki, İsveçrədə hazırlanmış körpə qidalarının tərkibində də bu yağdan var və üstündə də qeyd olunub. Bir sözlə, qida üçün olan palma yağına qarşı münasibət MDB məkanında müsəlman ölkələrində istehsal olunan ucuz yağların bu bazara daxil olmasına qarşı olan media basqısıdır.
– Təmiz, keyfiyyətli kərə yağını vizual seçmək mümkündürmü?
– İstehlakçı kərə yağı almaq istəyirsə, yağı əlinə alıb sıxsın. Hansı yağ əllərinə bərk gələrsə, bilsin ki, o daha təmiz kərə yağıdır. Trans yağlarla bağlı AQTA lazımi işlər görür. Yağların tərkibində trans yağların miqdarı barədə agentlikdə rəsmi sənədlər var. AQTA buna nəzarət edir. Amma əhali bilməlidir ki, bütün marqarinlər və növləri arzuolunmaz yağlardır. Belə yağlardan birmənalı şəkildə uzaq olmaq lazımdır.
– Ölkəyə gətirilən zərərli yağların qarşısını necə almaq olar?
– İdxal edilən məhsullar AQTA tərəfindən nəzarətə götürülür və standarta uyğunluğu yoxlanılır. Amma azad bazar iqtisadiyyatıdır. Dövlətin, hökumətin maraqları biznesi inkişaf etdirməkdir. İstehlakçı hüquqlarının zəif qorunması və bizim təhlükəli yağlar istehlak etməyimizin nəticəsidir ki, aptek şəbəkələri başqa ölkələrə nisbətən daha çoxdur. Apteklərə müraciət getdikcə artır. Ona görə istehlakçılar ehtiyatlı olmalı, malın etiketini oxumalıdır. Çox zaman istehsalçılar bu etiketləri gizlədirlər. Lakin, AQTA bu məsələləri araşdırır. Təbii ki, təhlükəli yağların ölkəyə daxil olmasının qarşısının alınması üçün agentlik iş aparır. Ola bilər ki, yağ təhlükəsiz olsun, amma keyfiyyəti olmasın. Bununla maraqlanan qurum olmalıdır.
– Satışda olan yağların bəzi xəstəliklərə yol açdığının məsuliyyətini kim daşıyır? İdxalçı şirkətlər, yoxsa AQTA?
– Keyfiyyətsiz qida insanların sağlamlıqlarına ciddi təsir edir və onları səhiyyə müəssisələrinə yönəldir. Ona görə keyfiyyət məsələsi ilə məşğul olan dövlət orqanı olmalıdır. Başqa sözlə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu bu məsələlərə ciddi yanaşmalıdır. Yaxud AQTA-nın standartında dəyişiklik olmalı, keyfiyyət məsələsi önə çəkilməlidir. Heç kəs deyə bilməz ki, insanlar niyə bu qədər apteklərə müraciət edirlər? Hansı qidadan əziyyət çəkirlər?– Çünki heç yerdə bununla bağlı tədqiqat aparılmır.
Xarici ölkələrdə dərmana tələbat olmadığından bazar günü apteklər bağlıdır. Bizdə 24 saat açıq olan apteklər var. Təəssüf ki, “niyə bu qədər xəstəyik, klinikalarda növbə var” – sualları barədə düşünən yoxdur. Təsadüfi deyil ki, uzunömürlülüyə görə 198 ölkə arasında Azərbaycan 115-ci yerdədır. Şri- Lankada əhalinin tibbə əlçatanlığı, qidalanması aşağı səviyyədədir. Amma orta ömür uzunluğu bizdən yuxarıdır. Bu, ÜST-ün rəsmi məlumatıdır. Banqladeş əhalisi bizdən çox yaşayır. Bu bizi narahat etməlidir. Düşünürəm ki, ölkənin bir nömrəli qəzeti vasitəsilə çağırış edəm ki, tibbi sferalar bu məsələləri araşdırsın, qidamızdakı problemlər aradan qaldırılsın.
AQTA malların təhlükəsizliyini təmin edir, strateji məqsədi biznesin inkişafıdır. Azad İstehsalçılar Birliyinin qaldırdığı məsələ ilə 3 il ərzində biz yalnız qəndlər barədə məlumatlar almışıq. İstehsal prosesində qəndlərin ağardılması üçün kimyəvi maddələr istifadə edən müəssisənin bağlanmasına nail olmuşuq. Duzun yodlaşdırılmasına dair AQTA müəyyən işlər görüb. Lakin AQTA-nın tədqiqatları zəifdir. Çünki əhaliyə malın adı, satıldığı yer, lazım olsa, o biznes qurumunun təkmilləşdirilməsi lazımdır. Biz biznes qurumlarının bağlanmasını yox, təkmilləşdirilməsinin, standartlara uyğun mal istehsal etməsinin tərəfdarıyıq.
Eyyub Hüseynovun fikirlərinə əlavə olaraq, təəssüflə deyə bilərik ki, ölkəmizdə hansısa məhsulun insan orqanizminə zərərini araşdıracaq qədər yüksək inkişaf etmiş elmi-tədqiqat institutlarının olmaması nəinki palma yağı, digər məhsullarla bağlı analoji iddiaların doğruluq əmsalını müəyyənləşdirməyə imkan vermir. Lakin istehlak bazarına nəzarəti təmin etməli qurumların, ən azı, bu və ya digər məhsulun tərkibində palma yağının, yaxud başqa komponentin miqdarını müəyyən etmək imkanları olmamış deyil... Onda qoy cəmiyyətə doğru-düzgün cavab verilsin!
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”