Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Abşeron, Gəncə, Bərdə, Beyləqan, Oğuz, Qazax, Saatlı, Salyan, Tovuz, Ucar, Zaqatala, Bərdə, Xaçmaz, Şabran şəhər və rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 140 mənzil və fərdi ev təqdim edilib.
MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksindən mənzillərin təqdim edilməsi tədbirində Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. İyulun 7-də 15 şəhər və rayonda daha 140 mənzil və fərdi ev verilib.
Beləliklə, postmüharibə dövründə 5 min, bu il 500, ümumilikdə ötən dövrdə 13 min 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda, ölkə Prezidentinin sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində Gəncədə də mühüm işlərin aparıldığını diqqətə çatdırıb.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə, həmçinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzil və fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Z.HÜSEYNOVA,
“Xalq qəzeti”