Dövlət Məşğulluq Agentliyi son bir ayda 1443 şəxsi peşə hazırlığına cəlb edib. Onlardan 805 nəfəri agentliyin Bakı, Gəncə və Göyçay peşə hazırlığı mərkəzlərində kurs keçəcək. 638 nəfərə isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda daha sonra deyilir ki, kurslarda İT üzrə texniki dəstək mütəxəssisi, innovativ suvarma, gübrələmə və dərmanlama texnologiyaları üzrə mütəxəssis, nəzarətçi-xəzinədar, dərzi, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı, insan resursları mütəxəssisi, avtomobil diaqnostikası və təmiri ustası, əməliyyatçı-mühasib və s. peşələr öyrədilir.
Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstəriləcək.
Z.HÜSEYNOVA,
“Xalq qəzeti”