Musiqini bəşəriyyətin mənəvi ünsiyyət vasitəsi hesab edənlər yanılmırlar. Hətta onu insanı tanrı ilə danışdıran dil adlandırırlar.
İyulun 4-dən Azərbaycanın ən qədim şəhərlərindən biri olan və Böyük İpək yolunun üzərində yerləşən Şəkidə keçirilən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qruplarının, Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin təqdim etdikləri çıxışlar müxtəlif ölkə və xalqları ortaq təntənədə qovuşdurub.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının XII görüşünün ilk günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivinin bəstəkar Firəngiz Əlizadənin “İntizar” operasını nümayiş etdirməsi böyük maraqla qarşılandı. Bəstəkarın müasir polifonik, klassik və milli çalarlarla zəngin əsəri yalnız parlaq ifalarla deyil, xoreoqrafik səhnə hərəkətləri ilə də yadda qaldı.
“Zəfər” muğam ansamblının konserti festivalın rəngarəngliyini daha da artırdı, musiqinin sərhəd tanımadığını göstərdi. Muğam ifaçıları tamaşaçıların könlünə yol tapıb, xoş duyğular oyatdılar.
Qonaq kollektivlərin təqdim etdiyi çıxışlar da Şəki şəhər sakinləri və qonaqlara əsl musiqi bayramı əhvalı yaşatdı. Dünyada mədəni inteqrasiyaya, mənəvi dialoqa töhfə verən Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayəti ansamblının, daha sonra Qazaxıstanın Ükili Ibıray adına Akmola Vilayət Filarmoniyasının “Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının konsertləri hamıda xoş ovqat yaratdı. Festival xalqımızın mədəni həyatına, Şəkinin sənət aləminə unudulmaz hadisə kimi yazıldı.
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qazaxıstan Respublikasının Akmola Vilayət Filarmoniyasının direktoru Nurgul Şaykenova festivalın ölkəmizin çox gözəl, füsunkar bir diyarında, Şəki şəhərində keçirilən çox möhtəşəm tədbir olduğunu bildirib. Qeyd edib ki, festivallar xalqları musiqi ətrafında bir yerə toplayır. Burada iştirak etmək kollektivlər üçün müxtəlif xalqların folklor və musiqi nümunələri, rəqsləri ilə yaxından tanış olmaq imkanı yaradır.
Festivalda Türkiyə və Özbəkistandan gələn kollektivlərin musiqi ərməğanları da böyük maraqla qarşılandı. Tamaşaçılar Safranbolu Bələdiyyəsi xalq oyunları qrupu və Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının təqdimatlarından xoş təəssüratlarla ayrıldılar. Konsertlərdə ifa edilən oynaq, şux mahnı və rəqslər, ritmlər tamaşaçıların zövqünü oxşadı.
Dünən festivalın son günündə isə Azərbaycan Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestri (dirijor Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilov) və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) çıxışı Şəkidə möhtəşəm təntənəyə çevrildi.
Leyla QURBANOVA,
“Xalq qəzeti”