Bir gün palata qonşum Eldar kişiyə Sankt-Peterburqdan zəng gəldi. Səhhəti ilə maraqlanırdılar. Zəng edənlə çox səmimi, mehriban hal-əhvaldan sonra fərəhlə bildirdi ki, danışan gürcü dostu Oleqin azərbaycanlı həyat yoldaşı Elnarə idi. Və ardınca maraqlı bir əhvalat danışdı:
Kutaisidə dünyaya gəlmiş Oleq (əsl adı – Aleksandr, soyadı – Tsxuvara) 3 yaşında olanda atası ağır xəstəlkdən vəfat edir. İki ildən sonra anası yenidən ərə gedir. Kiçik qardaşı dünyaya gələndən sonra Oleq özünə qarşı ögeylik hiss edir. Anasının ilk oğluna soyuq münasibəti illər boyu onun qəlbini üzür. Sonralar orta məktəbi bitirib işləsə də, ailədəki ögeylik ona rahatlıq vermir, üzü gülmür.
Bir gün təsadüfən internetdə Sumqayıtdan olan bir azərbaycanlı qızla tanış olur. Qızın ağıllı söhbətləri, mühakimələri, həm də əsl müsəlman kimi abırlı-həyalı olması Oleqin çox xoşuna gəlir. Və qıza o qədər vurulur ki, artıq çoxdan yadlaşmış ailəsi ilə xudahafizləşib Sumqayıta gəlir. Uzaqdan-uzağa vurulduğu Elnarəni taparaq, onun xətrinə müsəlmanlığı da qəbul edib sevgisinə qovuşur. Azərbaycan toyu edirlər, kirayə mənzildə yaşamağa başlayırlar. Ancaq bir dəfə kirayədə qaldıqları evin sahibi onlardan mənzili boşaltmağı tələb edəndə Oleq çıxılmaz hala düşür. Tərs kimi son vaxtlar daimi işi və qazancı da yox idi...
Yaxşı ki, yaxşılar varmış
Eldar kişi daha sonra bildirdi ki, oğlu Etibar bir axşam gürcü oğlunun çıxılmaz vəziyyəti barədə ona söhbət açır. Qəlbən çox həssas, kövrək olan Eldar kişi Oleqin azərbaycanlı qızla ailə qurduğunu, lakin qəribçilikdə çətinliklə üzləşdiyini bilincə oğluna tapşırır ki, həmin adamı təcili tapıb, öz evlərinə gətirsin. Oleq və azərbaycanlı həyat yoldaşı utana-utana onlara gəlirlər. Eldargilin həyət evinin cəmi iki otaqdan ibarət olduğunu bilincə, 5 nəfərlik ailəni rahatsız etmək, onlarda qalmaq istəmirlər.
Lakin Eldargil gənc ailəni köməksiz buraxmırlar. Ev sahibləri özləri bir otağa sığışaraq digər otağı Oleqlə Elnarənin istifadəsinə verirlər. Bütün ailə onlara son dərəcə mehribanlıqla, qayğıkeşliklə yanaşır. Evdə hazırlanan yeməklərini də onlarla bir ailə kimi bölüşdüklərini görən Oleq bütün qəlbi ilə bu ocağa bağlanır. Bir müddət işsiz qaldığına, Eldargilə əlavə yük olduğuna görə narahatlıq keçirən gürcü balası borclu qalmasın deyə, Eldar kişiyə həyət-baca işlərində daim kömək edir. Bir müddət sonra isə Etibarın vasitəsilə özünə iş tapıb, ailəsini dolandırmağa başlayır.
Bədxah ata...
Bir gün gecəyarısı Eldar kişinin həyət qapısı aramsız döyülür. Səsə çıxan ev sahibi içkinin təsirindən ayaq üstə güclə dayanan bir nəfərin iki yoldaşı ilə ona hədə-qorxu gəlməyə çalışdıqlarına əhəmiyyət verməyib, onları xoşluqla yola salmaq istəyir. Amma sərxoş adam qışqırıq salaraq qızını aparmağa gəldiyini bildirir.
Sən demə, həmin adam Elnarənin atası imiş, içkinin təsirindən gənc ailəni dağıtmaq fikrinə düşübmüş. Eldar kişi çağırılmamış qonaqlara sərt üz göstərərək bildirir ki, onun evindən heç kəs qız apara bilməz. Səs-küyə oyanan Etibar atasına köməyə çıxır və qonşularla birgə sərxoş üçlüyü məhəllədən uzaqlaşdırırlar.
Xeyirxahın pis dostu olmaz
Eldar kişinin ailəsindən hər zaman mehribanlıq, qayğıkeşlik görən Oleq bir ildən çox onlarda qaldıqdan sonra başqa yerdə ev kirayələmək qərarına gəlir. Belə olduqda Eldar kişi Sumqayıtın əşya bazarında çalışan dostu Rəfailə müraciət edib Oleqə həm kirayə ev həm də iş məsələsində kömək göstərməsini xahiş edir.
Vəziyyətdən agah olan Rəfail Oleqgilə elə bazarın yaxınlığındaca çox ucuz kirayə ev verir və onu işlə də təmin edir. Lakin çörək itirməyən, Eldar kişiyə “mənim atam yoxdur, sən mənim atamsan” deyən Oleq onlara bir il ərzində böyük qayğı göstərmiş bu gözəl ailə ilə get-gəlini davam etdirir. Hər şey tədricən qaydasına düşür.
Sevgi qalib gəlir
Tale onları, sanki, yenidən sınağa çəkir – düz 7 il övladları olmur. Sevgi hər ikisi üçün hər şeydən üstün olduğu üçün ayrılmaq barədə qətiyyən düşünmürlər. Elnarə başa düşür ki, əgər Oleq şəhərlər, kəndlər aşaraq öz sevgisinin arxasınca Sumqayıta gəlibsə, bu sevgini sonacan qorumaq lazımdır. Oleq də elə bu cür düşünür. Və tale elə gətirir ki, Allahın lütfü ilə sonradan onların iki övladı dünyaya gəlir – oğlanları İlyas və qızları Sveta. Buna Oleq və Elnarə ilə bərabər, Eldar kişinin də ailəsi çox sevinir.
Uşaqlar dünyaya gələndə ilk şadlıq məclisləri də, sonralar onların ad günləri də Eldar kişinin evində sevinclə keçirilir. Və İlyas da, Sveta da dil açanda Eldar kişiyə “baba”, onun yoldaşı Nəzakət arvada isə “nənə” deyə müraciət edirlər.
Xüsusi peşə təhsili olmasa da, bütün dəmir-dümür sənətlərini, santexnikliyi yaxşı bacaran Oleq ailəsinin dolanması üçün gecə-gündüz çalışır. İstirahət və bayram günlərində ailəsi ilə, özünün həyatında mühüm rol oynamış Eldar kişi və onun oğlu Etibarla birgə şəhərə, onun yaşıllıqlara qərq olmuş sahil parkına, dəniz sahilinə gəzintiyə çıxır, taleyinə sevinirdi.
Eldən-elə, ildən-ilə...
Eldargilin nəsli əslən Güney Azərbaycandandır. Ötən əsrin əvvəllərində İrandan Bakı ətrafına köçüblər. Ailə 1934-cü idə Sovet zülmündən əzab çəkməli olur. Eldarın atası və anası, babası və nənəsi, əmi və bibiləri heç bir səbəb olmadan, sorğu-sualsız sürgünə göndərilir. Onların bəziləri sonradan azad edilsə də, babası Mirqasım kişi bir daha Azərbaycana qayıda bilmir.
Eldargil ailədə 4 bacı, 2 qardaş olublar. Ataları Əhəd kişi Azərbaycan Boruyayma Zavodunun ən ağır sahəsində – marten sexində fəhlə olub, böyük ailəsini halal zəhməti ilə dolandırıb. Ailənin 4-cü övladı olan Eldar santexnik və qaynaqçı ixtisaslarına yiyələnmiş, halal zəhməti ilə ailəsini dolandırmışdır. İki oğul və bir qızı atası olan Eldar kişi övladlarına gözəl tərbiyə vermiş və hər birinə, ilk növbədə insan olmağı, halal dolanmağı tövsiyə etmişdir. Etibar polis sistemində xüsusi peşə sahibi kimi çalışmış, kiçik qardaşı Rəsul isə Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərə atılmış, Füzulinin, Cəbrayılın, Laçının düşməndən azad edilməsində şücaət göstərmişdir.
Amansız xəstəlik
Sumqayıtdakı xoşbəxt taleyinə və ailəsinə görə böyük sevinc duyan, Azərbaycanda yaşamaqdan zövq alan Oleq iki il əvvəl bir dəfə sinə ağrılarından əziyyət çəkdiyi üçün Eldar kişi onu tanıdığı həkimlərə göstərir, müayinə və analizlər aparılmasına nail olur. Ciyərlərində problem olduğundan cərrahi əməliyyat aparılması məsləhət görülür. Azərbaycan vətəndaşı olmadığından əməliyyatın Gürcüstanda aparılması tövsiyə olunur.
Həmin günlərdə Eldar kişinin ailəsi Oleqin tezliklə sağalması qayğısına qalaraq əllərindən gələni edirlər. Gürcüstanda da ona pul lazım olacaq deyə, Eldar kişi və Etibarın dostları 2 min manat toplayıb onu Kutaisiyə yola salırlar. Lakin çox təəssüf ki, orada Oleqin anası klinikaya gec çatdırır və o, elə əməliyyat stolundaca, çox sevdiyi ailəsindən, balalarından xeyli uzaqda həyatla vidalaşır.
Bu acı xəbəri yalnız Elnarə xanım deyil, Eldar kişinin ailəsi də böyük qəlb ağrısıyla qarşılayır. Bir müddət sonra Elnarə burda heç kəsə yük olmamaq üçün Oleqin yadigarlarını da götürüb, Sankt-Peterburqa – anasının (o, Azərbaycanı sevən və dilimizi çox yaxşı bilən rusdur, son illər orada yaşayır) yanına yola düşür. İndi o, anası və uşaqları ilə Neva sahillərində yaşayır.
Yaxşılıq unudulmur
Məsafə uzaq olsa da, Elnarə xanım tez-tez Eldar kişiylə – onun gənc ailəsinə hər zaman dayaq olmuş bu gözəl, böyük ürək sahibi olan əvəzsiz, xeyirxah insanla, ailəsi ilə əlaqə saxlayır, xətirlərini əziz tutur. İlyasla Sveta isə telefonda Eldar kişinin adını eşitcək, “Baba, baba!” deyərək sevincdən atılıb-düşür, dil-boğaza qoymurlar. Axı, Eldar kişi həm də əziz, unudulmaz ataları Oleqin mənəvi atasıdır. Onu – sevgisi təmənnasız olan bu geniş ürək sahibini sevməmək olarmı?..
Rəhman ORXAN,
Əməkdar jurnalist