Konstitusiya Məhkəməsində Monqolustanın Baş prokuroru ilə görüş olub

post-img

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə XQ-yə Konstitusiya Məhkəməsindən məlumat verilib.

F.Abdullayev qeyd edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx əməkdaşlıq əlaqələri qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni zamanda hər iki dövlət arasında olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.

Daha sonra sədr Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbul etmə proseduru, həmçinin Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.

J.Banzraqç ölkələr arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı tərəflər məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdıraraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Siyasət