Yerli media mənsubları onu yaxşı tanıyır. Bülent Uğur 2005–2010-cu illərdə qardaş Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Ona qədər müxtəlif qəzetlərdə müxbirlik edən Bülent bəy 1996–2005-ci illərdə İstanbul Mətbuat Yayımı və İnformasiya Baş İdarəsində şöbə müdiri işləyib.
On iki il əvvəl Bakıdan ayrılan Bülent Uğur bir də ötən ilin noyabrında Azərbaycana gəlib. Hazırda pensiyadadır. Azərbaycana budəfəki səfərində redaksiyamızın qonağı olan Bülent Uğurla söhbətimiz çağdaş medianın qayğıları, Zəfərdən sonrakı Azərbaycan, bir az da yaradıcılığı barədə oldu.
– Bülent bəy, keçmiş diplomat-jurnalist hazırda nə işlə məşğuldur?
– Müstəqil jurnalist kimi, işimi davam etdirirəm. Boş dayanmağı heç xoşlamıram, evdə asudə vaxtlarımda da nəsə yazıram. Qələmə aldıqlarımı gələcəkdə kitab şəklinə salmaq fikrim var. Hələlik dörd kitabın müəllifiyəm, səyahətlərimlə bağlıdır. Birinci kitabım Azərbaycanla əlaqəlidir, diplomatik xatirələrimdir. İkincisi dünya səyahətimlə bağlı qeydlərim, üçüncüsü hər yerini gəzib-dolaşdığım Türkiyəyə aiddir. Dördüncü isə yalnız İstanbul barədədir.
– Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışdığınız 2005–2010-cu illər Qarabağ münaqişəsinin həlli yollarının axtarışı baxımından gərgin görüşlər, danışıqlar dövrü idi.
– Əvvəlcə onu söyləyim ki, Türkiyə ilə Azərbaycanın əlaqələri hər hansı digər dövlətlə aramızdakı münasibətlərə bənzəməz. Yəni, bu münasibətlər fərqlidir, qardaşcasınadır. Bakıya gələndə özümü yad ölkədə hiss etmədim. Eləcə də dil baxımından.
HAŞİYƏ: “Qarabağ Zəfəri, sadəcə, torpaqların işğaldan azad edilməsi demək deyil. Bu zəfər həm də milli kimliyi şüurlara həkk etdi. Çox önəmli məsələdir. Milli kimliyi olanın kürəyi yerə dəyməz. Azərbaycanın bugünkü gəncliyi ölkəsinin adı ilə qürur duyur. Dünya artıq Azərbaycanı tanıyır”.
Doğulduğum Elazığ Şərqi Anadolunun oğuz tayfalarının keçdiyi bir şəhərdir. Bilirsiniz ki, burada Azərbaycan türkü, Almas İldırım kimi şairimiz yaşayıb, dilimizin, ləhcəmizin inkişafı üçün böyük əmək sərf edib. Bakıda başqa ölkələrin diplomatları kimi işləmirdik. Onlar sadəcə öz dövlətləri üçün işləyirdi, biz isə “can Azərbaycan üçün də nələri edə bilərik” düşüncəsilə.
– Yəni, bir millətin iki dövlətinə xidmət edirmiş kimi...
– Elədir. Səlahiyyətimə daxil olmasa da, Türkiyə və Azərbaycan mediası arasında sıx təmaslar qurur, yerli medianın tərəqqisi üçün layihələr həyata keçirirdik. Məsələn, İstanbuldan Mətbuat, reklam və elanlar idarəsinin baş direktorunu bura dəvət etdik. İki ildən bir Mətbuat Şurası ilə birgə Azərbaycan və Türkiyənin media mənsubları arasında qarşılıqlı görüşlər, tədbirlər keçirdik. Bunların hamısı bizim diplomatik vəzifəmizdən kənar işlər idi. Baxış bucağımız fərqli olsa da, düşüncələrimiz eynidir. O zaman Qarabağ problemi, torpaqların işğaldan azad edilməsi kimi məsələlərdə oxşar hissləri yaşayırdıq. Nəticədə, 44 günlük qurtuluş savaşında böyük Zəfər qazandıq. Həmin vaxt gündəlük hərbi xronikanı burada siz necə izləyirdinizsə, biz də Türkiyədə eyni həyəcanla təqib edirdik. Cənab Ali Baş Komandan növbəti şəhərin, rayonun, kəndin işğaldan azad olunduğunu elan edəndə həmin sevinci, qələbə coşqusunu sizinlə birgə yaşayırdıq.
HAŞİYƏ: “İnsan birinə yaxşılıq edəndə içində hüzur tapır. Bu, həm də onun bu dünyada qazancıdır. Mənim isə Azərbaycanda ən böyük qazancım dostlarımdır. Onların sayı kifayət qədərdir. Bu dostluq bağları mən Bakıdan ayrılandan sonra da davam edir”.
– Azərbaycana ilk dəfə gəldiyiniz vaxtdan on səkkiz il keçib. Yerli çap və elektron medianın o zamankı və indiki durumu arasında fərq varmı?
– Dünyada jurnalistika anlayışının özü dəyişməkdədir. Bu dəyişiklik sadəcə Azərbaycan və Türkiyə ilə bağlı məsələ deyil, beynəlxalq xarakterlidir. Artıq mətbu nəşrlər azalır, ya da az satılır. İnsanlar daha çox elektron mediaya, onlayın platformalara, sosial şəbəkəyə üstünlük verirlər. Bu mərhələni yaxalamaq çox vacibdir. Elə Türkiyənin özündə də bu dəyişikliyi yaxalayanlar ayaqda qalır, yaxalamayanlar isə sıradan çıxırlar. Çünki indi işləri on səkkiz il əvvəlki kimi yönəltmək, idarə etmək olmaz. Hər sahədə belədir, elə biznesdə də. Yəni, köhnə dəzgahda təzə məhsul yaratmaq mümkün deyil. Günümüzün çağırışları sahəyə yanaşmada, texnologiyada yenilənmə tələb edir. Azərbaycanda bu yöndə irəliləyişi hiss edirəm.
Çap mediasında islahatların başında “Xalq qəzeti” gəlir. Qəzetinizin elektron versiyasını izləyirəm. Oxuculara daha çox və çeşidli informasiya verirsiniz, bu zaman obyektivliyi, məlumatlılığı gözləyirsiniz. Bu, olduqca vacib amildir. Ümumilikdə, Azərbaycan mediasında hadisələrə baxış bucağının genişləndiyi hiss olunur.
HAŞİYƏ: “Medianın ictimai nəzarət kimi funksiyası var. İşində nöqsana yol verən rəsmi təşkilat, dövlət məmuru bəlkə o yanlışlığı görməyib, duymayıb. Onu sadəcə diqqətə çatdırmaq lazımdır. Bu zaman qəzetin, elektron medianın hara bağlı olduğunun əhəmiyyəti yoxdur. Əsas məqsəd yıxıcı yox, qurucu olmaqdır”.
– 2010-cu ildə səfirlikdə fəaliyyətinizi başa vurub Bakıdan ayrıldınız və Azərbaycana bir də Zəfərdən iki il sonra gəldiniz...
– On iki il əvvələ qayıdıb deməliyəm ki, burada çalışdığım beş il ərzində Azərbaycanı qarış-qarış gəzdim. “Azerbaycan gözlemleri” adını verdiyim ilk kitabımda getdiyim, olduğum şəhərlərə, rayonlara bütöv fəsil ayırmışam. Həmin dövrdə Mətbuat Şurasının düzənlədiyi 22 iyul – Mətbuat Günü tədbirlərinin birində mənə söz verildi. Dedim ki, gün gələcək, Mətbuat Gününü Qarabağda qeyd edəcəyik və mən hansı şərtlər daxilində olursa-olsun, mütləq Azərbaycana gələcəm və o günü birlikdə bayram edəcəyik. 2010-cu ildən sonra Azərbaycana ilk dəfə ötən ilin noyabrında gəldim. Qarabağ artıq bizim torpağımız olduğu üçün əlimi Xudavəndi-aləmə açıb şükür etdim.
HAŞİYƏ: “Azərbaycanda gözəl yeniliklər görürəm. Məsələn, ASAN xidmət. Dünyada bunun bənzəri yoxdur. Vətəndaşa cüzi miqdarda rüsum ödəməklə qısa zamanda zəruri sənədi almaq imkanı yaradılıb. Yəni, əvvəllər on günə görülən iş yarım saatın içində bitir”.
– Və azad edilmiş Şuşada Azərbaycanın və Türkiyənin bayraqları yanaşı dalğalandı. Sizdən ötrü bu, nə demək idi?
– Tamamilə fərqli duyğu idi. Bunu bir neçə dəfə yaşamışam. Bakıya dörd ay əvvəlki səfərim zamanı Zəfərin ildönümü ilə bağlı Pirallahıda keçirilən bir tədbirdə iştirak edirdim. Salonun ön sıralarında əyləşmişdim və birdən arxaya boylananda əllərdə Türkiyə və Azərbaycan bayraqlarının dalğalandığını gördüm. Çox təsirləndim. Ardınca səhnəyə azyaşlılar və əllərində ulduzlu-ayparalı əkiz bayraqları tutan iki gənc çıxdı. Onlar qardaşlıq şərqisini söyləyəndə salonu həyəcan seli bürümüşdü. Tüklərim biz-biz oldu. O səhnənin mənası bu idi: Azərbaycan – Türkiyə qardaşlığı əbədidir!
Söhbəti qələmə aldı:
İ.HƏSƏNQALA, “Xalq qəzeti”