Dəfələrlə bu mövzuda söz açılıb, danışılıb və yazılıb. Ancaq vəziyyət düzəlmir, üstəlik, pisləşməyə doğru gedir. Sanki, problem daha fərqli rəng çalarları qazanır. Söhbət insanların ağır emosional durumlarının foto və video çəkilişlərinin mediada, sosial şəbəkələrdə paylaşımından gedir. Əlbəttə, digər məqamlardan da söz açacaq, bütün bunların cəmiyyətin maraq və mənafeləri baxımından nə dərəcədə məqbul olub-olmadığına aydınlıq gətirməyə çalışacağıq.
Media cəmiyyətə nümunə olmalıdır. Texnoloji imkanların hər kəsi vətəndaş jurnalistikasının nümayəndəsinə çevirdiyi hazırkı dövrdə, məhz jurnalistika mənəvi dəyərlərlə bağlı norma yaratmalıdır. Təəssüf ki, Azərbaycan jurnalistikası hazırkı məzmunu, ampluası baxımından heç cür bu deyimə yaxın gəlmir. Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor və prodüsser Oqtay Əliyevlə vida mərasimindən bəzi video görüntülərin və fotoların çəkilərək paylaşılması da fikrimizin təsdiqidir.
Əslində, bu barədə yazmaq, konkret məqamları vurğulamaq çox ağırdır. Çünki ölüm faciədir və bu faciənin hər kəsə müxtəlif təsirləri var. Doğmasını, yaxınını itirən şəxslərin düşdükləri duruma verdikləri reaksiyalar da fərqlidir. Hərə öz acısını bir cür keçirir və yaşayır. Bu mənada O.Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanın reaksiyası da insanlıq halıdır, təbiidir.
Medianın, ayrı-ayrı jurnalistlərin isə o halı çəkib paylaşmaları nəinki təbiilikdən uzaqdır, bütün etik davranış qaydalarına ziddir. Bu mənada Azərbaycan Mətbuat Şurasının məsələyə münasibəti, ayrı-ayrı məqamların üzərində dayanması təqdirəlayiqdir: “Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor və prodüser Oqtay Əliyevin yol qəzasında dünyasını dəyişməsi ilə bağlı ayrı-ayrı media orqanlarındakı təqdimatlarda, sosial şəbəkə paylaşımlarında nəinki Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayadalarının pozulması halları, ümumən, insani normalara ciddi sayğısızlıq elementləri müşahidə edilib. Xüsusən, mərhumun yaxınlarının emossional durumlarının təsviri ziyalılar, söz və fikir adamları arasında haqlı narazılıq doğurub. Özünü peşəkar sayan və ya peşəkarlığa iddia edən heç bir kütləvi informasiya vasitəsi və jurnalist bir insan faciəsini cəmiyyətə belə xoşagəlməz formada təqdim etməməliydi. Təəssüf ki, biz bu durumun şahidi olduq”.
Məsələyə cəmiyyəti düşünərək yanaşaq. Əlbəttə, mərhum Oqtay Əliyev də, Dilarə Əliyeva da ictimai şəxs statusunda qəbul edilirlər, ölkədə, demək olar, hər kəs onları tanıyır. Onlarla bağlı hər yaşantı insanlara maraqlıdır və medianın bu marağı, necə deyərlər, xəbərləşdirmək hüququ var. Eləcə də O.Əliyevin vaxtsız vəfatı da, onunla vida mərasimi də cəmiyyətin maraq dairəsində olan hadisədir.
Ancaq mövcud durumda medianın, jurnalistikanın həmin marağı qarşılayarkən, cəmiyyətə verdiyi mesaj önəmlidir. Bəli, vida mərasimindəki hər kəs kədərliydi. Kimi kövrəlmişdi, kimi doluxsunmuşdu, kimi göz yaşlarına hakim kəsilə bilmirdi və sair və ilaxır. Bütün bunlarda mərhuma ehtiram var idi. Ancaq həddən artıq emossional yaşantıların, xüsusən də D.Əliyevanın durumunun göstərilməsi nəyə lazım idi, bunu anlamaq mümkünsüzdür. Bu, hörmət deyil, ehtiram heç deyil. Bunun bir adı var – qeyri-peşəkarlıq. Ancaq qeyri-peşəkar yanaşmanın vicdansızlığı doğurması, yaxud bu cür qarşılanması da mümkündür. Media niyə bu xoşagəlməz ampluada olsun ki?
Mətbuat Şurasının yanaşması da problemin izahı baxımından vacibdir: “Hesab etsək ki, O.Əliyev, onun ailə üzvləri adi vətəndaşlar deyil, cəmiyyətdə tanınmış şəxslərdir, hətta, bu halda da məlum təqdimatlar vətəndaşın şəxsi həyatına aid məsələlərin açıqlanması kimi qeyri-peşəkarlıq kontekstində qiymətləndirilməyə layiqdir. Çünki insan emossional durumunun, üzüntü təsvirlərinin hazırkı təqdimatında hansısa bir fayda yoxdur. Belə təqdimatlar mərhum Oqtay Əliyevin ruhuna ehtiram, yaradıcılığına dəyər nümunəsi deyil, əksinə, dəyərin və ehtiramın ikinci plana çıxarılmasıdır”.
***
Bildirdiyimiz kimi, media cəmiyyətə örnək olmalıdır. Sual yaranır – necə? Onu da qeyd etdik ki, indi informasiya-kommunikasiya texnologiyaları əsridir və hazırkı dövrdə hər kəs vətəndaş jurnalistikasının təmsilçisinə çevrilə bilər. Sadə bir misal: istənilən vətəndaşın əlindəki telefonla gördüyü hansısa hadisəni çəkib özünün sosial şəbəkə profilində yayaraq, bir növ, ictimai missiya yerinə yetirdiyini düşünməsi də mümkündür. Ancaq onun gördüyü iş nə dərəcədə ictimai əhəmiyyət daşıyır? Əsas olan budur və əslində, ictimailiyi qiymətləndirmək, daha doğrusu, nəyin ictimai olduğunu, nəyin olmadığını müəyyənləşdirmək peşəkarlıqdır. Söhbət jurnalist peşəkarlığından gedir. Deməli, vətəndaş jurnalistikası ilə peşəkar jurnalistikanı bir-birindən fərqləndirən cəhət ikincinin baş verən proseslərə soyuq yanaşma tərzidir. Soyuq yanaşma isə həm də həssaslıqdır.
Jurnalist, ümumən, media qərar verməlidir: hər bilgi, hər hadisə, hər epizod ictimai dəyər qazanıb xəbərləşə bilərmi? Hər bilginin, görüntünün informasiyalaşmağa mənəvi hüququ və səlahiyyəti çatırmı? Təəssüf ki, Azərbaycan jurnalistikası illərdir bu suallara ya cavab axtarmaq istəmir, ya onlara önəmsiz yanaşır, ya da məsələnin mahiyyətini dərk etməyəcək qədər primitivliyə köklənib. Hər bir halda nəticə eynidir – jurnalistika, yəni, eyni zamanda söz dəyərdən düşür. Ancaq faciə yalnız bununla məhdudlaşmır. Axı...
...Media cəmiyyətin güzgüsüdür, – deyirlər. Onu da deyirlər ki, cəmiyyət necədirsə, media da o cürdür. Əslində, bu deyimlə həm razılaşmaq olar, həm də razılaşmamaq. Razılaşmaq ona görə mümkündür ki, media öz materialını cəmiyyətdən götürür, həyatda baş verənləri geniş auditoriyaya çatdırır. Bəs nəyə görə razılaşmayaq? O səbəbdən ki, cəmiyyəti formalaşdıran da elə medianın özüdür. İndiki halda biz mediamızın cəmiyyəti daha çox zombiləşdirdiyini, yaxud da mənasız yerə sentimentallaşdırdığını, bədbinliyə daşıdığını görürük.
Beləcə həm də zövqlər formalaşır. Suallar yaranır: biz nəyə gülməliyik, nə üçün kədərlənməliyik? Gülüşümüz və kədərimiz kimə lazımdır? Lazımdırsa, bunu müəyyənləşdirən indiqator nədir? Nəhayət, media həmin indiqator, mayak rolunda çıxış edə bilirmi? Ən nəhatyət, jurnalistika gülüşü və kədəri fərdilikdən çıxarıb ona ictimai məzmun qazandırmağı bacarırmı?
Məsələn, övladı şəhid olmuş ataların, anaların onların məzar daşlarını qucaqlayıb hönkürməsi səhnələrini çox görmüşük. Bu səhnənin, yəni, insanın ağır yaşantısının təqdimatı ictimai önəm daşıyırmı? Ancaq qəti bilirik ki, övladı şəhid olmuş atanın tabuta bükülmüş bayrağı öpüb gözünün üstünə qoymasında ictimai motiv var. Elə isə jurnalistika nə üçün haqqında söz açdığımız ikinci səhnə ilə paralel olaraq birinci səhnənin də yayımlanmasına maraq göstərir?
Belə misalların sayını kifayət qədər artırmaq mümkündür. Sözümüz ondadır ki, hər iki misaldan doğan yaşantılı cəmiyyəti formalaşdıran məhz mediadır. Media, jurnalistika, bir növ, etalon olmalıdır. Axı insanlar da onun yanaşmasından görüb-götürürlər. Onlar, necə deyərlər, mediadan gülməyi və ağlamağı, sevinməyi və kədərlənməyi, bütün bu hisslərə çəki-düzən verməyi öyrənirlər. Bu gün media hansısa mənasız hadisəni “şok, şok, şok!” deyib təqdim edirsə, əlində telefon olan şəxs özünün sosial şəbəkə hesabında daha mənasız bir şeyi o formada təqdim edəcək və böyük iş gördüyünü düşünəcək. Ən pisi isə budur ki, ona doğru yol tutmadığını anlatmaq mümkünsüzə çevriləcək. Çünki adamın öyrəndiyi, yüksək məqam kimi dəyərləndirdiyi çıxış nöqtəsi var – Jurnalistika.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”