Azərbaycanın milli brendi “ASAN xidmət” qısa zaman ərzində beynəlxalq səviyyədə nüfuz qazanıb. Artıq bir sıra ölkələr ASAN-ın təcrübəsindən yararlanmağa başlayıblar. Vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş bu xidmət növünün beynəlxalq miqyasda genişlənməsi və tətbiqinə başlanılması, əlbəttə ki, Azərbaycanın böyük uğurudur. BMT-də Azərbaycanın təşkilatçılığı ilə plenar sessiyanın keçirilməsi və tədbir çərçivəsində ASAN-ın fəaliyyəti barədə məlumatların verilməsi, müzakirələrin aparılması isə ölkəmizin sosial innovasiyalar sahəsində böyük uğurunun beynəlxalq səviyyədə tanınmasıdır.
Müasir dünyada idarəetmə sistemlərinin müasirləşirdirilməsi getdikcə daha çox yeni modellər tələb edir. Prezident İlham Əliyevin idarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar bu problemə yeni yanaşmaların yaradılmasına yönəlib. Heç kimə sirr deyil ki, müasir idarəetmə modelinin prinsiplərindən biri də şəffaflıqdır. Məhz dövlət orqanlarının fəaliyyətində şəffaflığın, onların işinin səmərəliliyinin və çevikliyinin təmin edilməsi, innovativ texnologiyaların tətbiqi ilə keyfiyyətin yüksəldilməsi, korrupsiyanın qarşısının alınması məqsədilə 2012-ci il iyulun 13-də və sentyabrın 5-də müvafiq sərəncamlar imzalanıb. Bu sərəncamlara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” təsis edilib. Qısa müddət ərzində yeni yaradılmış effektiv, müasir idarəetmə modeli beynəlxalq ictimaiyyətin də diqqətini çəkir. BMT-də Azərbaycanın təşkilatçılığı ilə ASAN-ın fəaliyyətinə həsr olunan plenar sessiyasının keçirilməsi də bunun əyani sübutdur.
Ümumiyyətlə, “ASAN xidmət” ilk dəfə deyil ki, BMT miqyasında diqqət mərkəzinə düşür. Hələ 2015-ci ildə Kolumbiyanın Medellin şəhərində “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Forum çərçivəsində keçirilən sərgidə ən çox “ASAN xidmət” iştirakçıların marağına səbəb olub və bu model təşkilatçılar tərəfindən dövlət xidmətlərinin göstərilməsi baxımından unikallığına görə xüsusi qeyd edilib. 2019-cu ildə isə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin qurumun Baş katibi Antonio Quterreşə “ASAN xidmət”in fəaliyyətinə dair ünvanladığı məktub Baş Assambleyanın sənədi kimi yayılıb. Həmin məktub Dayanıqlı İnkişaf üçün İnformasiya və Kommunikasiya Texnologiyaları: Cənub ̶ Cənub Əməkdaşlığı, sosial inkişaf mövzuları üzrə BMT Baş Assambleyası Gündəliyinin bəndləri əsasında dərc olunub.
Qeyd etmək zəruridir ki, Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi və bütün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması əhəmiyyətli rola malikdir. Hazırda “ASAN” İndoneziya, Monteneqro, Mərakeş, Uqanda, Özbəkistan və digər ölkələrdə fəaliyyət göstərən oxşar beynəlxalq agentlik və qurumlarla fəal əməkdaşlıq edir.
BMT-də “ASAN xidmət”in fəaliyyətinə həsr olunan növbəti tədbir də Nyu-Yorkda keçiriləcək. “Report”un ABŞ bürosu xəbər verir ki, “ASAN xidmət”in sədri Ülvi Mehdiyev BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək İqtisadi və Sosial Şuranın (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyasında iştirak edəcək. Sessiya çərçivəsində Ü.Mehdiyevin “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və davamlı inkişaf üçün BMT-nin səmərəli idarəçilik prinsiplərinin tətbiqi” mövzusunda çıxışı nəzərdə tutulub.
Tədbir çərçivəsində, həmçinin Dövlət Agentliyi və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə “İnsanyönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası” mövzusunda plenar sessiyası keçiriləcək. Ölkəmizin ev sahibliyi edəcəyi plenar sessiyada Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”, eləcə də “ASAN xidmət indeksi” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə üzv ölkələrin təmsilçilərinə məlumat veriləcək, beynəlxalq ekspertlərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılacaq.
“Xalq qəzeti”