Turistlərin görən gözü

post-img

Turizm – fəal istirahətin geniş yayılmış və kütləvi növüdür. Fransızcadan tərcümədə gəzinti, səyahət deməkdir. Bələdçilər isə səyahətsevərlər üçün turları təşkil edən, maraqlı yerlər haqqında dolğun məlumat verənlərdir. Düşündüm ki, bələdçilərdən biri ilə yaxından tanış olub, onunla maraqlı söhbət aparım. Həmsöhbətim Azərbaycan Bələdçilər Assosiasiyasının üzvü, gənc bələdçi Cavad Ağayevdir.

– Cavad bəy, zəhmət olmasa de­yin, bələdçilik peşəsinə maraq sizdə necə yaranıb?

– Mən Azərbaycan Dillər Universite­tində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam. Rus və fransız dil­lərində sərbəst danışıram. Vətənimi və tariximi çox sevirəm. Bu peşəyə ruhən bağlıyam. Artıq neçə illərdir ki, bələd­çi vəzifəsində çalışıram. 2009-cu ildən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğun­da bələdçi kimi fəaliyyət göstərirdim. Orada işlədiyim müddətdə qoruğa baş çəkməyə gələn yerli və xarici qonaqlar üçün Azərbaycan, fransız və rus dillərin­də ekskursiyalar təşkil edirdim. Qoruğun peşəkar rəhbər heyəti mənə bu peşənin incəliklərini öyrətdi və sevdirdi. Onların dəstəyi ilə Abşeron rayonunun etnoqra­fiyası ilə yaxından tanış oldum. 

– Ölkəmizdə bələdçi kadrlar necə yetişdirilir. Onlar üçün hansı təlimlər təşkil olunur?

– Azərbaycan Bələdçilər Assosiasi­yasının üzvüyəm. Qeyd edim ki, bu qu­rum bələdçilər üçün il ərzində müxtəlif maarifləndirici təlimlər təşkil edir. Bey­nəlxalq səviyyədə keçirilən təlimlərə “HOT” adlanan təlimi misal göstərmək olar. Bu təlim sayəsində bələdçilərə əsasən, bələdçilik peşəsinin incəliklə­ri öyrədilir. İkinci mərhələdə isə “TOT” adlanan təlim tədris olunur. Bu təlim isə bələdçilik peşəsini tədris etmək üçün peşəkar müəllimlər hazırlayır. 

– Maraqlıdır, peşənizlə əlaqədar başınıza gələn ən maraqlı hadisə nə olub? 

– Bəzən, elə vaxt olur ki, mənə 35-40 nəfərlik bir qrupa bələdçilik etməyi tapşı­rırlar. Bir dəfə ekskursiya aparan zaman bir də gördüm ki, turistlərdən kimsə yoxa çıxıb. Qrup rəhbərinə xəbər vermədən gedib hansısa binanın, qapının və s.şəklini çəkirdi, (gülür). Bu hal ən çox İçə­rişəhərdə baş verir. Burada küçələr dar və dolanbac olduğu üçün labirinti xatır­ladır. Turistlərdən kimsə gözdən itəndə, adətən, gəldiyimiz küçələrlə geri qayı­dıram və azmış qonağı tapıb gətirirəm. Hətta elə anlar da olur ki, burada, suve­nir satılan dükanların işçiləri mənə zəng edir ki, qonağınız burada qalıb, gəlin götürün. 

– Cavad bəy, lütfən deyin, bizim turizm məkanları qonaqları daha çox hansı səciyyəvi cəhətləri ilə cəlb edir?

– Azərbaycan turizm baxımından maraqlı ölkədir. Məsələn, İçərişəhərin küçələrində gəzərkən Şirvan, Abşeron memarlığına xas olan qədim tikililər in­sanı tarixi keçmişə aparır. Lahıca sə­yahət edəndə isə sanki, başqa bir aləmə düşürsən. Orada misgərlik nümunələri­nin, ustaların mis əşyalara vurduğu incə naxışların şahidi olursan. 

Qafqaz sıra dağlarının ətəyində yer­ləşən Qəbələ rayonunun isə özünəməx­sus füsunkar gözəlliyinin şahidi olmaq insana mənəvi zövq verir. Şəki şəhəri isə əsrlərdən bizə yadigar qalan canlı ta­rixdir. “Şəki xan” sarayı, “Şəkixanovların qış evi”, “Şəbəkə” emalatxanaları, XVIII əsrə məxsus karvansaraylar, Kiş kəndin­də yerləşən Qafqazın ilk kilsəsi və hal­va dükanları turistlərin marağına səbəb olan tarixi məkanlardır. 

Qarabağın incisi olan Şuşada da­ğıdılmış tarixi mədəniyyət abidələrinin bərpasından sonra, bu yerlərlə turistlə­ri tanış etmək və məlumatlandırmağın bələdçilər üçün qürurverici hiss olacağı­na şübhə etmirəm.

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”



Müsahibə