Yenidən kim-kimi: Qərb, yoxsa Rusiya?

post-img

Züriyə QARAYEVA,
politoloq

 

Ukrayna məsələsi yenə gündəmdədir. ABŞ prezidenti Cozef Baydenin səfəri prosesdə canlanmaya səbəb olub. Liderlərin Kiyevə bundan öncəki səfərləri ilə bağlı siyasi təcrübə müharibə meydanında daha ciddi dəyişikliklərin olacağını deməyə əsas verir. Rusiya prezidenti Vladimir Putinin ötən günlərdə Federal Məclis önündə çıxışı isə sahədə vəziyyətin heç də Rusiyanın xeyrinə olmadığını göstərdi. Tam bir təbliğat məqsədli görünən çıxışda iki hədəf var idi: Qərb və rus xalqı. Qərbə yönəlik ismarıclar təhdid və hədyanlarla zəngin idi. Müharibənin əsl səbəbkarının qarşı tərəf olduğu diqqətə çatdırılırdı. Xalqa yönəlik mesajlar isə “Niyə biz müharibə edirik?” sualını verən cəmiyyəti savaşın vacibliyinə inandırmağa yönəlmişdi. 

Putin xalqının ruh düşkünlüyünü ara­dan qaldırmaq və yaxın gələcəkdə “bo­ğazına çökməmək” üçün səbəbləri Ru­siyadan kənarlaşdırmağa çalışırdı. Putin cəmiyyəti bu müharibənin milli təhlükə­sizlik maraqları uğrunda aparıldığına inandırmağa çalışır və başqa yollarının olmadığını göstərir. Ən əsası isə Rusiya­nın hazırkı vəziyyətinə don geyindirmək təşəbbüsü də ortadaydı. Gələcəyə yönə­lik nikbin proqnozlar verir. Müharibənin əsla Rusiyanın sonunu gətirməyəcəyini ifadə edir. Putin inandırmağa çalışırdı ki, müharibədən əziyyət çəkən yalnız qar­şı tərəfdir, ölkəsi isə, əksinə, güclənir. Halbuki bu fikirlərin əsassız olduğunu təsdiqləmək üçün bir arqument yetərlidir. Belə ki, enerji sahəsinə qoyulan sank­siyalar nəticəsində Rusiya iqtisadiyyatı gündəlük 150 milyon dollar vəsait itirir. Putin xüsusən canlı qüvvə ehtiyatları ilə öyünməyə çalışdı. 

Hər kəsə agahdır ki, müharibənin taleyini əsgərlər deyil, hərbi texnikalar, müttəfiqlər, təbliğat və ruh yüksəkliyi həll edir. Bu amillər Ukrayna ordusuna daha çox xasdır. Bu yöndə Baydenin səfərinin olduqca böyük əhəmiyyəti var. O, səfər nəticəsində Ukraynaya 700 ədəd tank, 1000 ədəd piyadaların döyüş maşını verəcəyini və 500 milyon dollar yardım ediləcəyini açıqladı. Etdiyi səfərlə həm də bütövlükdə Qərbin Ukraynanın yanın­da olduğu mesajını verərək ordunun ruh yüksəkliyini qaldırdı. Buna qarşılıq, sa­vaşın eskalasiyasından bir söz deməsə də, nüvə silahına dair strateji raketlərin ləğv edilməsi ilə bağlı START müqavilə­sindən çıxış eskalativ qərar idi. Putin müqavilədən çıxmayacaqlarını desə də, müqavilə ilə bağlı öhdəliklərini dayandı­racaqlarını açıqladı. 

Hazırda Putinin əsas hədəfi ilk növ­bədə hakimiyyətini qorumağa çalışması, ikincisi, Ukraynada işğal etdiyi 4 vilayə­tin administrativ sərhədlərinə çıxmaqdır. Əsas döyüşlər isə Luqansk, Donetski, Zaporoji, Xerson və Xarkovda gedir. Xarkovun 90 faizini Ukrayna azad edə bilib. Sonuncu ağır döyüşlər Baxmut, Soledarda gedir. Son günlər Zaporojye vilayətində döyüşlər gedir. Zaporojye vilayəti istiqamətində rusların döyüşlər aparmaları diqqəti daha çox Baxmut və Soledardan ayırmağa yönəlib. Baxmut strateji bir yoldur. Buna dörd yol da deyir­lər. O istiqamətdə dəmir yolu, quru yolu var. Təminat baxımından strateji bir əra­zidir. Ora həm Ukrayna, həm də Rusiya üçün əhəmiyyətlidir. Silahlanma təminatı üçün önəmi çoxdur. Lakin rus ordusu 6 aydır ki, burada 100 metr belə irəliləyə bilməyib. Bunlar göstərir ki, ikinci hədə­fin yerinə yetirilməsi üçün heç bir ciddi irəliləyişin baş verməməsi artıq birinci hədəfdə də, yəni hakimiyyətin qorunma­sında fiaskoya gətirib çıxarır. Fiasko tək bu məqamlarla bağlı deyil. Putinin ABŞ-la bağlı siyasəti də əks-effekt verdi.

ABŞ NATO-nu Şərqə doğru daha da genişləndirdi. Finlandiya və İsveçin də NATO-ya üzvlüyü ilə Baltik dənizi NATO dənizi halına gəlmək üzrədir. Va­şinqton Arktikadakı mövqelərini daha da gücləndirir. Fransa və Almaniyanın Avropanın strateji muxtariyyət siyasəti iflasa uğradı, Almaniya və Rusiya ara­sında strateji yaxınlaşmanın önünə Uk­rayna səddi çəkildi, Avropada Polşa və Ukrayna kimi önəmli ABŞ peykləri olan quru gücləri Fransa və Almaniyanın qar­şısına çıxarıldı, Avropanın iqtisadi olaraq ABŞ-dan asılılığı daha da artdı. Avropa iqtisadiyyatı daha da zəiflədildi, Rusiya iqtisadiyyatı təcrid edildi, “Şimal axını-2” boru kəmərinin partladılması ilə Rusiya­nın Avropada enerji hegemonluğuna son qoyuldu. Avropanın boşalan silah anbar­larını ABŞ öz silahları ilə doldurmaqla Avropanın silah bazarında mövqelərini daha da gücləndirdi.



Siyasət