Ermənilərin soyqırımı yalanlarını, qonşularına aqressiv münasibət tarixini araşdırdıqca qarşımıza bir-birindən maraqlı faktlar çıxır. Bu riyakarlığı onların başbilənləri də etiraf edirlər. Əlimizdə Türkiyənin “Qaynak” Yayınlarının buraxdığı bir kitab var. Kitabda vaxtılə sovet Ermənistanın ilk baş naziri olmuş Ovanes Kaçaznuninin etirafları yer almışdır. Bu, bir raportdur. 1923-cü ilin aprel ayında Buxarestdə Daşnaksütyun partiyasının qurultayına göndərilmiş, Ermənistanda çapı qadağan edilmiş tarixi raport. Kitab belə adlanır: “Daşnak partiyasının edə biləcəyi bir şey yoxdur”. Müxtəlif dillərdə yayımlanan hissələri Avropa kitabxanalarından toplanmış və türkcəyə çevrilmişdir. Bu kitab başdan-başa məkrli və iqrçi erməni partiyasını ifşa edən çıxış və iddialardan ibarətdir. Kaçaznuni bəlkə, özü də istəmədən etiraf edir ki, düşmənçiliyi ilk olaraq onlar başlamışlar. Bəs haqqında bəhs etdiyimiz Ovanes Kaçaznuni kimdir?
O, 1918-ci ildə qurulan Ermənistan (Ararat-müəllif) dövlətinin ilk baş naziridir. Daşnak hökumətini 1919-cu ilin avqust ayına qədər, 13 ay idarə etmişdir. O, eyni zamanda Daşnaksütyun partiyasının qurucularından biri və idarə heyətində təmsil olunmuş şəxsdir. Bir sözlə, türklərə qarşı ən məkrli erməni partiyasının önəmli simalarından olmuşdur. Qafqazda erməni şovinizminin ayaq açıb yeriməsində özünün də xidmətləri olmuş bu şəxs bir müddət sonra, nəhayət, anlayır ki, onlar böyük dövlətlər, xüsusilə ruslar tərəfindən istifadə ediliblər. Ona görə də, qəti şəkildə onları ittiham edərək yazır: “Bizim problemlərimizin rusları maraqlandırmadığı və lazım olanda heç tərəddüd etmədən cəsədlərimizin üstündən keçə biləcəklərini biz bir siyasi partiya olaraq unutmuşduq. Rusların bizə qarşı alçaqca davrandıqlarına dair inancımızda sanki xüsusi bir təsəlli gizlənirdi”.
Əlbəttə, çar Rusiyasının “Parçala-hökm sür!” siyasəti bundan ibarət idi. İki toplumu bir-birinə qarşı qaldırmaq və bölgəni rahatca idarə etmək. Böyük ədibimiz Cəfər Cabbarlının məşhur "1905-ci ildə" dramındakı "Atan kazaklardır" ifadəsi bu vəziyyəti çox dəqiq əks etdirir. Çar və sovet imperiyaları dönəmində hakimiyyət dairələri bu metoddan gen-bol istifadə edirdi. Ermənilər də onlara siyasi alət kimi baxan hakimiyyət dairələrinin və ideoloq kilsə xadimləri və yazıçılarının felinə uyurdular. Bu isə onların bədbəxtçiliyinin əsasını qoyurdu.
Kaçaznuni müraciətində yazır ki, başımıza gələn hər şeydə xarici günahkar axtarılması və başqa hər kəsin bizə, sanki, borclu olması düşüncəsi ən böyük səhv idi. O, daşnakların sadəlövhcəsinə hər dəfə bir qüvvəyə inanmasını tənqid edir, onları xülyalara inanmaqda ittiham edir: “Dənizdən-dənizə xülyası üçün üsyana qalxdıq. Hadisələrin səbəbi bizik, aldadıldıq. Türklərin həyata keçirdikləri köç siyasəti (Təhcir-müəllif) məqsədəuyğun idi. Günahı özümüzdə axtarmalıyıq. Yüz-illərlə bir yerdə mehriban yaşamışdıq. İndi isə türklərə baxacaq üzümüz qalmamışdır”.
Erməni baş nazir daha sonra yazır ki, Daşnaksütyunun bütün qonşularla problemi var idi, bu fürsətdən gürcülər çox yaxşı bəhrələnir və inkişaf edirdilər. Bakı o zaman həm kommissarlığın, həm də bolşeviklərin mərkəzi rolunu oynayırdı. Daşnaklar isə istəsəydilər bolşeviklərə qarşı müsavatla birləşə bilərdilər, amma bu mümkün deyildi. Onlar müsavat diktaturasındansa, bolşevik diktaturasını daha üstün tutdular.
Kaçaznuni erməni dövləti hələ elan edilməmişdən öncə “Cənubi Qafqaz Seymi” dönəminə toxunaraq yazırdı ki, türklər bizim rəsmən Rusiyadan ayrılmağımızı istəyirdi. Amma danışıqlar nəticəsiz qaldı. Məlumdur ki, üç müstəqil respublika elan edilməmişdən öncə Zaqafqaziya Seymi deyilən dövlət yaradılmışdı. Burada Cənubi Qafqazın əsas üç milləti – azərbaycanlılar, gürcülər və ermənilər təmsil olunurdu. Türklər Ərzurumu və Batumini tutduqdan sonra seymin işi çətinləşdi. Gürcü və ermənilər Rusiyadan ayrılmağa meyil etmədilər. Azərbaycanlılar isə türklərlə eyni fikirdə idi. Nəhayət, bu seym türklərin hücum və təzyiqlərinə dözməyərək özünü buraxdı və bu üç icma öz dövlətlərinin müstəqilliklərini elan etdilər. Kaçaznuni qeyd edir ki, həmin geostrateji qarışıqlıq vaxtı erməni nümayəndə heyəti Paris Sülh Konfransında “Dənizdən – dənizə Ermənistan” ideyasını irəli sürürdü və o bunu ciddi tənqid edərək əlavə edir ki, bu, Paris ermənilərinin tələbi idi ki, nümayəndə heyəti də bu ovqata boyun əydi. Kaçaznuninin bu fikirləri bir daha onu sübut edir ki, erməni millətçilərinin diaspordan nə qədər asılıdırlar və bu asılılığın təxminən 100 illik tarixçəsi var.
Kacaznuni Gürcüstanla əlaqələrə də toxunaraq Daşnaksütyunu tənqid edir. O gürcülərlə aralarında baş vermiş Lori döyüşlərini xatırlayaraq bildirir ki, ən yaxın münasibətlər qurmalı olduğumuz qonşumuzla vuruşurduq . O qeyd edir ki, Azərbaycanla da ortaq həll yolu tapa bilmədik, silaha və qətliamlara əl atdıq, amma bu yolda da uğursuz olduq.
Kaçaznuni əlavə edir: “Bugün iki real güc var: Rusiya və Türkiyə. Biz onlarla hesablaşmağa məcburuq. Şərait elə gətirib ki, bu gün ölkəmiz Rusiyanın orbitinə girib və Türkiyənin hücumundan kifayət qədər qorunur. Rus hegemonluğu gedərsə, onun yerini mütləq türk-tatar hegemoniyası tutacaqdır. Ya Rusiya, ya Türkiyə, ya bolşeviklər, ya da türk millətçiləri; başqa bir çıxış yolumuz yoxdur. Bu cür seçimlə qarşılaşdığımız bir şəraitdə, məncə, heç bir tərəddüdə qapılmamalıyıq. Əlbəttə ki, Türkiyə deyil, Rusiya. Əlbəttə, türk millətçiləri deyil, bolşeviklər.”
Sonda müəllif ermənilərin düşdüyü bu siyasi aporiyadan qurtarmağın yolunu təklif edir: “Bilirəm ki, sizi çox kədərləndirəcək, lakin deyilməsi lazım gələn hüznlü sözləri heç bir bəzək vurmadan, tam açıq şəkildə burada demək lazımdır. EİDP-nin (Erməni İnqilabçı Daşnaksütyun Partiyası) artıq görə biləcəyi bir iş yoxdur. Partiyamız etməli olduğu hər şeyi etdi və gücü tükəndi. Yeni həyat şərtləri özüylə yeni tələblər də gətirir, bizim isə bu yeni tələblərə cavab vermək qabiliyyətimiz yoxdur, buna görə də bu meydanı bizdən daha qabiliyyətli olanlara buraxmalıyıq.
O deyir ki, artıq Türkiyə Ermənistanı yoxdur. (Söhbət Türkiyənin şərqində yerləşən 6 vilayətdən gedir) Böyük Avropa dövlətləri bizim məsələni dəfn ediblər.
Ermənistan Respublikası muxtar bir bölgə olaraq Rusiyaya birləşdirilib. Hətta istəsək də, istəməsək də, dövlətimizi Rusiyadan qopara bilmərik və bacardıqca bunu arzu etməməliyik. Məğlub olan və nüfuzunu itirən bu partiya ölkədən qovulub və artıq geri qayıda bilməz, koloniyalarda isə onluq bir iş yoxdur. Bugünkü vəziyyət məhz belədir.
Kaçaznuni etiraf edir ki, müstəqillikdən sonra Daşnaksütyun özünü buraxmalı idi: Müstəqilliklə partiyanın missiyası bitmişdi və vaxtında getsə idik, tarixdə daha şərəfli yol keçmiş bir partiya kimi qala bilərdik. Çox vaxt eşidirik ki, milli məsələmizin həlli üçün yalnız bir istiqamət kifayət deyil, çünki ehtiyatlılıq bir istiqamətin yanında və ona paralel şəkildə başqa bir istiqamətin də varlığını tələb edir. Məsələn, bu gün rus bolşevikləri türklərlə vahid cəbhədədirlər, amma sabah bu süni blok dağıla bilər və biz həm türklər, həm də arxalarında duran avropalılarla ortaq dil tapmaq zərurəti qarşısında qala bilərik. Deməli, gələcəkdə türklərlə münasibətimizi qorumaq lazımdır.
Erməni siyasətçi revanşist daşnaklardan fərqli olaraq praqmatik olaraq düşünüb ki, Türkiyə ilə münasibətləri səhmana salmaq lazımdır. Sanki bu gün üçün deyilmiş fikilərdir: “Bir gün türklərlə barışmaq lazım gəlsə, səhnəyə başqa bir anlayışa, başqa bir psixologiyaya, ən əsası, başqa bir keçmişə sahib olan və ya heç bir keçmişə sahib olmayan fərqli insanlar gəlməlidirlər. O məqamda Daşnaksütyun işə yaramaz, əksinə mane ola bilər”.
Bəli, zaman göstərdi ki, daşnak təfəkkür tərzi nəinki bu işə mane oldu, hətta ötən əsrin 60-80-ci illərində türk diplomatlarına qarşı dəstəklədiyi sui-qəsdlərlə, Türkiyəyə qarşı qondarma soyqırımı ittihamlarıyla, Azərbaycan türklərinə qarşı törətdiklər misilsiz vəhşiliklərlə elə dərin şırımlar, yaralar açdı ki, hələ də epizodik addımlardan savayı ortada ciddi bir irəliləyiş görünmür.
Anar TURAN, “Xalq qəzeti”