“Humanitar böhran şousu” işə keçmədi

post-img

Ermənistan tərəfi Azərbaycanın sülhlə bağlı irəli sürdüyü humanist şərtlərə əməl etməkdən boyun qaçırır və beləliklə də regionda sülhün, təhlükəsizliyin təminatına mane olur. Eyni zamanda, Laçın yolundan istifadə zamanı qeyri-qanuni halların, sui-istifadələrin qarşısının alınması üçün rəsmi Bakı Azərbaycan–Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklif irəli sürmüşdü. Rəsmi İrəvan təklifi qəbul etmək istəmir. Nəzərə alsaq ki, son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib, yoldan qanunsuz istifadələr olub. Ermənistan açıq şəkildə Laçın yolundan təyinatı üzrə istifadə etmək niyyətində deyil. 

Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissa­rı Volker Türk ilə görüşü zamanı Laçın yolu ətrafında məsələlər də müzakirə olunub. Rəsmi İrəvanın Laçın yolu ət­rafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə guya, Azərbaycanın erməni sakinlərini “blokadaya alması”, bölgədə “humanitar böhran” vəziyyəti ya­ratması barədə həqiqəti əks etdirməyən mövqeyini sərgiləməsi beynəlxalq ictima­iyyəti növbəti dəfə aldatmaq məqsədilə edilir. Azərbaycan dövləti ölkənin bütün vətəndaşları kimi, bölgədə yaşayan er­məni sakinlərinin də təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.

E.Məmmədov, həmçinin BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri Rameş Rajasinqham ilə görüşündə də Laçın yolu ətrafında müzakirələr aparıb. Laçın yolu ətrafın­da Azərbaycan vətəndaş cəmiyyəti nü­mayəndələrinin etiraz aksiyası ilə bağ­lı Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən “blokada”, “humanitar böhran” iddiala­rının həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. Nazir müavini Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkət rejiminin dəyişməz ola­raq qaldığını bildirib.

Qeyd edək ki, azərbaycanlı ekofəal­ların Şuşa ərazisindən keçən Laçın–Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 81 gündür davam edir. Ərazi hu­manitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

 

 

 Aydın QULİYEV, siyasi şərhçi:

 

– Laçın yolu ilə bağlı Azərbay­canın siyasəti tam aydın və açıqdır. Bu siyasətin xüsusiyyətləri, element­ləri müxtəlif vaxtlarda Azərbaycan Prezidenti tərəfindən ölkədaxili və xari­ci auditoriyaya aydın ifadə olunub. La­çın yolu barəsində əks mövqe tutanlar qərəzlidirlər, Ermənistanın maraqların­dan çıxış edirlər. 

İstərdik ki, Laçın yolu ilə bağlı üçtərəfli Bəyanatın müddəaları tam şəkildə icra olunsun. Bu yol təyinatı üzrə – humanitar məqsədlər üçün is­tifadə edilsin, Ermənistanın hakimiyyət orqanlarının təmsilçilərinin sui-istifadə hallarının qarşısı alınsın. Bizə sirr de­yil ki, bu yol vasitəsilə Qarabağda se­paratizmə dəstək verən üçüncü şəxs­lərin keçidi sərbəstdir. Bu sərbəstliyin belə davamı qəbuledilməzdir.

Çox təəssüf ki, Ruben Vardan­yanın Qarabağa Moskvanın aydın gündəliklə göndərilməsi danışıqlar prosesində əngəl oldu. O, həm də po­zuculuq siyasəti ilə də məşğul olurdu. Lakin, bu, çox davam edə bilməzdi. Prezidentimizin siyasəti, ekofəalların dözümlülük nümayişi məkrli planları alt-üst etdi, Vardanyan ərazilərimiz­dən qovuldu. Ancaq iş Vardanyanın ərazilərimizdən çıxarılması ilə bitmir. Azərbaycan tərəfi Qarabağda yaşayan erməni vətəndaşları ilə danışıqlara ha­zırdır, vardanyanlarla yox. Danışıqlar Qarabağda tarixən yaşamış ermənilə­rin nümayəndələri ilə baş tuta bilər.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”



Siyasət