“Mənim iki Vətənim var...”

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd Dövlət Nəqliyyat Universiteti (DDNU) ilə birgə Maqsud Şeyxzadəyə həsr olunmuş “Mənim iki Vətənim var – Azərbaycan və Özbəkistan” adlı beynəlxalq konfrans keçirib.

AMM-nin direktoru Samir Abbasov Azərbaycanın böyük oğlu Maqsud Şeyx­zadənin özbək ədəbiyyatı və mədəniy­yətində fenomenal yerə sahib olduğunu qeyd edib. O, Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni, dostluq, qardaş­lıq əlaqələrinin qurulmasında Maqsud Şeyxzadənin də böyük rolunun olduğunu vurğulayıb. 

S.Abbasov mədəniyyət mərkəzinin Maqsud Şeyxzadə yaradıcılığını daim diqqət mərkəzində saxladığını, hər il mərkəz tərəfindən M.Şeyxzadə ilə bağlı nəşrlərin, filmlərin, məqalə və televizi­ya verilişlərinin hazırlanması layihəsinə dəstək verildiyini, konfrans və semi­narların keçirildiyini qeyd edib. Bu il də mərkəzin dəstəyi ilə Özbəkistan Dövlət Televiziyası tərəfindən Maqsud Şeyxza­də haqqında sənədli filmin ərsəyə gətiril­diyini qeyd edən Samir Abbasov bu bey­nəlxalq konfransın da böyük alimin irsinə həsr edilmiş silsilə tədbirlərdən olduğunu diqqətə çatdırıb.

DDNU-nun prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ru­hunda yetişməsində böyük əhəmiyyətə malik olmasından söz açıb, bu gün gənc­lər arasında Maqsud Şeyxzadə yaradıcı­lığının təbliğinin çox vacib olduğunu qeyd edib. 

Sonra mədəniyyət mərkəzi və Özbə­kistan Dövlət Televiziyasının “Mahalla” telekanalı tərəfindən hazırlanmış, Maq­sud Şeyxzadəyə həsr edilən “Əziz insan” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, incəsənət və mədəniyyət xadimlərinin Maqsud Şeyxzadə yaradıcı­lığı ilə bağlı fikirləri, xatirələri yer alıb. 

Özbəkistan Elmlər Akademiyası Əli­şir Nəvai adına Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun dosenti Gülnoza Sattarova, universitetin Özbək dili kafed­rasının dosentləri Malika Abdullayeva, Aybibi İskəndərova, AMM-nin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, universitetin tələbəsi Gül­cahon Abdufattoyeva Maqsud Şeyxzadə­nin həyat və yaradıcılığından söz açıblar. 

Konfransın ədəbi-bədii hissəsində universitet tələbələrinin iştirakı ilə Maq­sud Şeyxzadənin əsərlərindən ibarət te­atrlaşdırılmış kompozisiyalar göstərilib, rəqslər nümayiş etdirilib. 

Mədəniyyət mərkəzinin foyesində Maqsud Şeyxzadə haqqında nəşrlərdən ibarət sərgidə şairin Azərbaycan və öz­bək dilində çap edilmiş əsərləri də nüma­yiş etdirilib. 

 

Qulu KƏNGƏRLİ,

Daşkənd

Sosial həyat