İşə gedərkən sevimli FM radio stansiyalarımızda eşitdiyimiz səslər tezliklə süni intellektə aid ola bilər. Həyatımızda getdikcə daha az yer tutan radio, görünür, bir neçə ildən sonra süni zəka tərəfindən idarə ediləcək. Belə ki, “Futuri Media” şirkəti dünyanın ilk süni intellektə əsaslanan “lokallaşdırılmış” radio stansiyasını – “RadioGPT”-ni təqdim edib. Xəbəri “futurimedia.com” saytı verib.
“RadioGPT” “ChatGPT”də mövcud olan “GPT-3” modeli ilə “TopicPulse”un (hekayələri kəşf edən və sosial media məzmununu skan edən proqram) birləşməsi nəticəsində qurulmuşdur. Nəticədə, süni intellektli DJ yerli ərazidə hansı mövzuların trend olduğunu müəyyən edəcək və müvafiq olaraq məzmun təqdim edəcək.
Məlumatlara görə, “RadioGPT” mövzuları müəyyən etmək üçün “Facebook”, “Twitter”, “Instagram” və 250 mindən çox digər xəbər və məlumat mənbələrini skan edəcək. Əldə edilən məlumatlar isə süni intellektin səsi ilə dinləyicilərə ötürüləcək. Bu səslər məşhur sənətkarların səsi ilə də əvəz oluna biləcək. Digər tərəfdən, süni intellektli radio stansiyasında veriləcək məlumatların etibarlılığı və qərəzsizliyi də sual işarəsi altındadır. Bildiyimiz kimi, sosial media son illər yalan xəbərlərə görə tez-tez tənqid olunur.
Bütün bunlara baxmayaraq, artıq “Alpha Media” “RadioGPT”-nin ilk part-nyoru olmaq üçün “Futuri Media” ilə müqavilə imzalayıb.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”