İncəsənət Kolleci – 105
Ə.Əzimzadə adına İncəsənət Kolleci Azərbaycan təsviri sənətinin inkişafında böyük rol oynayıb. Bu istedadlar ocağının məzunlarının əsərləri mədəniyyətimizin qızıl fonduna daxil edilib.
Böyük fırça ustaları Səttar Bəhlulzadə, Tağı Tağıyev, Kazım Kazımzadə, Mircavad Mircavadov, Mikayıl Abdullayev, Elbəy Rzaquliyev, Toğrul Nərimanbəyov, Tahir Salahov, heykəltəraşlar Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov və digər onlarla görkəmli sənətkarımız ilk uğurlu addımlarını “Əzimzadə məktəbi”ndə atıblar.
Kollec fəaliyyətində keçmiş ənənələrə əsaslanaraq, bilikli, bacarıqlı gənc rəssam kadrları yetişdirməyi qarşıya məqsəd qoyub. Burada ixtisas fənləri ilə yanaşı, tələbələrə tarix, ədəbiyyat, kimya, fizika, xarici dillər, hərbi vətənpərvərlik və idman dərsləri də tədris olunur.
Hazırda 105 yaşı olan bu təhsil ocağı gənc fırça ustalarına, istedadlara bilik, qol-qanad vermiş, onları sənətin böyük yoluna çıxarmış bir sənət məbədi sayılır. Ensiklopediyanın diqqət çəkən bir bölməsi də məktəbin rəssam olmayan məşhur məzunları haqqında yazılanlardır. Orada göstərilir ki, Xalq artisti Mirzə Babayev, tarixçi Sara Aşurbəyli, yazıçı Fərman Kərimzadə, aktyorlar Fazil Salayev, Gündüz Abbasov, ədəbiyyatşünas alim Təhsin Mütəllimov, Avropa və Paralimpiya çempionu Gündüz İsmayılov və başqaları Dövlət Rəssamlıq Məktəbinin məzunu olublar.
Ötən il Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elşad Əhmədov ADRA-nın nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin olunub. Akademiyanın rektoru, Xalq rəssamı Natiq Əliyev kollecə yeni təyinatın buradakı pedaqoji və yaradıcı səviyyənin daha da yüksəlməsinə xidmət edəcəyinə inamını ifadə edib. Təcrübəli pedaqoqlar gənc həmkarlarının etimadı doğruldacağına əminliklərini bildiriblər.
Elşad Əhmədov Ağcabədi şəhərində anadan olub. 2012-ci ildə ADRA-da A. İsaev və F.Qulamovun rəhbərliyi altında “Rəngkarlıq” ixtisası üzrə bakalavriat təhsili alıb. Daha sonra 2012–2018-ci illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında “Dəzgah rəngkarlığı” ixtisası üzrə oxuyub. Məşhur rus rəssamları
İ.Ovçerenko, K.Qraçov, akademik A. Bliok, Y.Kalyuta, professorlar İ.Petrov, G.Manaşerov və V.Mogilevtsevdən nəzəri və təcrübi dərslər alıb. Beş il əvvəl orada assisentura-stajirovkada olub və “Yüksək ixtisaslı rəssam-rəngkar. Ali təhsil müəssisələrində yaradıcılıq fənləri üzrə pedaqoq” ixtisasına yiyələnib. “Mənim Azərbaycanım” seriyasını yaradıb.
İnişildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışan Elşad Əhmədov bir çox sərginin iştirakçısı olub. Əsərləri Azərbaycan, Rusiya, ABŞ, Çin, Türkiyə, Gürcüstan və digər ölkələrdə müxtəlif kolleksiyaları bəzəyir.
Direktor Elşad Əhmədov bizimlə söhbətində dedi:
– Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyevin sənətə, xüsusilə, rəssamlığa göstərdiyi qayğı bizi daha məsuliyyətlə işləməyə, keyfiyyətli kadrlar hazırlamağa ruhlandırır. Kollecin 5 illik strateji planını hazırlamışıq. Bu təhsil ocağının Bakı və paytaxt ətrafında əhatə dairəsini artırmaq, daha çox istedadlı gəncləri cəlb etmək əsas hədəfimizdir. Biz planlaşdırırıq ki, tədris daha geniş coğrafiya üçün sənətçi kapitalı yetişdirsin. Bu gün kolleci bitirmiş tələbə təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ali təhsil ocaqlarına qəbul ola bilsin. Bizim arealımız rəssamlıq sahəsidir, odur ki, artmenecment və artmarketinq kadrları da yetişdirmək istəyirik. Hazırda bununla bağlı auditoriyanın istək və təkliflərini araşdırırıq. Axı rəssam sifarişçi ilə işləməyi bacarmalıdır. Gənc rəssamların bazarda yerlərini tapa bilməsi bizim də uğurumuzdur.
Hazırda pedaqoji şurada yeni layihəmizin müzakirəsi gedir. Könüllü tələbə qrupları yaratmaq istəyirik ki, muzeylərdə keçirilən sərgilərdə iştirak etsinlər. Məqsəd tələbələrin inzibati məkanlarda gedən proseslərlə tanış olmasına imkan yaratmaq, səlahiyyətli, vəzifəli şəxslərlə əlaqələrini gücləndirməkdir ki, onlar kolleci bitirdikdən sonra bu istiqamətdə çətinlik çəkməsinlər.
Yubilyar tədris ocağının kollektivinə yeni uğurlar arzusu ilə:
Əli NƏCƏFXANLI
XQ