Tamaşaçıların hər zaman böyük marqla baxdığı “Şərikli çörək” bədii filminin bərpa edilmiş variantının Nizami Kino Mərkəzində premyerası keçirildi.
İkinci Dünya müharibəsinin ağır həyat şərtlərindən bəhs edən “Şərikli çörək” filmi 1969-cu ildə ekranlaşdırılıb. ANS Şirkətlər Qrupunun BALANS Rəqəmsal Bərpa Studiyası bərpa edilən kinopovestdə müharibə illərində uşaqların çətin, fərəhsiz həyatından söhbət açılır.
Bərpaolunan filmin premyerası böyük maraq doğurdu. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev XQ-yə müsahibəsində dedi ki, filmin bərpasına 6 ay vaxt sərf ediblər və üzərində 17 peşəkar əməkdaş çalışıb:
– Filmin vizual bərpası zamanı bütün cızıq, toz, işartı, küy və sabitləşdirmə 114 min 280 kadrda təmizlənib və 2 min 830 kadr yenidən bərpa olunub. Filmin səslərini də tam şəkildə bərpa etmişik. 1800 səs BALANS foli studiyasında yenidən yazılıb. Bu, studiyanın bərpa etdiyi 11-ci filmdir. Studiya bu sahədə peşəkardır. Filmin bərpasına ekran əsərinin rejissoru Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibəti ilə başladıq.
“Ötən əsrin 60-cı illərində Azərbaycanda 3 maraqlı film çəkilib. Onlardan biri də Azərbaycanın dövlət mükafatına layiq görülmüş “Şərikli çörək” idi. Ekran əsərinin böyük hissəsi “Böyük qala” küçəsində çəkilib. Filmdə pavilionlardan çox az istifadə edilib. Şamil Mahmudbəyov uşaqlarla, yeniyetmələrdə unikal işləyirdi, maraqlı xatakterdə olan uşaqları film çəkilişlərinə cəlb edirdi”. Bu fikirləri isə XQ-yə Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev bildirdi.
Filmin çəkiliş heyətində yer almış Azərbaycanın Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzov isə qeyd etdi ki, sovet ideologiyası prinsipləri əsasında, SSRİ dövründə çəkilməsinə baxmayaraq, “Şərikli çörək”də dərin azərbaycançılıq, Azərbaycan mədəniyyəti, dəyəri var. Filmin çəkiliş heyətində yer aldığım üçün qürurluyam.
Rizvan FİKRƏTOĞLU
XQ