Şeirləşən qəhrəmanlıq

post-img

Milli azadlıq uğrunda mübarizə  yolunda baş verən tarixi hadisələrdən biri – 20 Yanvar qırğını Azərbaycan poeziyasında da geniş əks-səda doğurub. Həmin müdhiş gecənin reallıqları Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Fikrət Qocanın,  Xəlil Rza Ulutürkün, Mədinə Gülgünün, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin və digər vətənpərvər qələm sahiblərinin elegiyalarında, etiraz ruhlu şeirlərində öz əksini tapıb. Xalq şairi Nəriman Həsənzadə də 20 Yanvara həzin duyğulu bir şeir həsr edib. Hazırda səhhəti ilə bağlı müalicə alan sevimli şairimizə şəfalar diləyərək həmin şeiri oxucularımıza təqdim edirik. 

Şəhidlər xiyabanı

Dayanın, Şəhidlər xiyabanıdı, 

Yas toya qarışıb, toy yasa burda. 

Qızıl qumaşlarda qara xonçalar, 

Nişan gətiriblər bir qıza burda. 

Nigaran gedənlər yatır xəbərsiz, 

Yatağı boş qalıb, atı yəhərsiz. 

Analar ogulsuz, gəlinlər ərsiz, 

Nəydi bu müsibət, bu cəza burda? 

Qızıl qan ləkəsi qalır gül üstə, 

Bir qurğu qurdular fitnə-fel üstə. 

İl təhvil olubdu qərənfil üstə,

Verib öz yerini qış yaza burda. 

 Kim bilir, nə qədər ölən-qalan var, 

Vətəndə bir vətən şəhid olan var. 

Hələ bir-birini xəbər alan var, 

Dil yox, sual verir, göz-gözə burda. 

Çağırın Babəki bu yasa gəlsin,

Şəhriyar əlində bir əsa gəlsin.

Qisas istəyəni qisasa gəlsin,

Yer üzü çağırır qisasa burda.

Kim belə qarğadı bu bağça-bağa,

Qaralar bağladı min bir budağa.

Sürtüb ağ saçını qara torpağa,

Dəyməyin, Nəriman ağlasa burda.

Nəriman Həsənzadə, 
Xalq şairi

 

Mədəniyyət