Nizaməddin Şəmsizadə – 70
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə yarım əsrdir ki, ədəbviyyata, söz sənətinə xidmət edir. Klassikanı mükəmməl öyrənən, çağdaş ədəbi prosesi dərindən izləyən alim milli ideologiyamız – azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın müəllifidir.
O, 1954-cü il dekabrın 30-da Qubanın qədim türk obası İspik kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib və həyatını bütünlüklə elmə həsr edib. Uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətini davam etdirib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
“Ədəbi proses–78” (şərikli) “Ədəbi mübahisələr”, “Azərbaycan ideologiyası”, “Azərbaycan ədəbiyyatşünaslığı”, “Türk təfəkkürü məcrasında”, “Hıçqıran gülüşlər”, “Əli Nazim”, “Rejissor taleyi”, “Tənqidin ədəbi prosesdə rolu”, “Böyük nəslin davamçısı”, “Azərbaycançılıq”, “Ədəbi proses və ədəbi nəsil”, “Yazıçı ömrünə uvertüra” monoqrafıyalarının, “Əgər onlar olmasaydı” ədəbi-tənqidi məqalələr kitabının, “Mən kiməm” adlı sənədli-fəlsəfi ömürnamənin, “Bürkü”, “Tüstü”, “Duman”, “Səma”, “Sonuncu daxma” hekayə, şeir və esselər, “Müdriklər bunları deməyib” kəlamlar kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Üç cilddə “Seçilmiş əsərləri” çap olunub. Ali məktəblərində tədris olunan “Ədəbiyyat nəzəriyyəsi” adlı fundamental dərsliyin müəllifidir.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib: “Nizaməddin Şəmsizadə Azərbaycan ədəbi mühitində öz obrazını yaratmış şəxsiyyətdir. Təkcə adını demək kifayətdir ki, söhbətin nədən, kimdən gedəcəyi bəlli olsun. O, təkcə yüksək zövqlü tənqidçi yox, eyni zamanda, şeir və nəsr nümunələri yaradan ədəbiyyat adamıdır... Tənqidçi deyəndə əksəriyyətimiz düşüncəmizdə aqressiv bir adam canlandırırıq. Azərbaycan ədəbiyyatında belə tənqidçilər kifayət qədərdir. Amma Nizaməddin Şəmsizadə istər klassik, istərsə də müasir yazıçı və şairlərimiz barədə olan ən sərt tənqidini də elə səmimi, intellektual üslubda çatdırır ki, aqressivlik tamamilə arxa planda qalır”.
Yubilyar filoloq həmişə özünə ustad saydığı görkəmli ədəbiyyatşünas alimləri ehtiramla xatırlayır, onların haqqında qədirşünaslıqla söz açır: “Mən akademik Məmməd Cəfərdən müstəqil və təmkinli olmağı, akademik Kamal Talıbzadədən türkçülüyü və ədəbiyyatı milli mənafelər baxımından təhlil etməyi, akademik Bəkir Nəbiyevdən dövlətçilik düşüncəsini, Əziz Mirəhmədovdan elmə ciddi yanaşmağı, prinsipiallığı, şair və alim Qasım Qasımzadədən sözü üzə deməyi, Abbas Zamanovdan vətəndaş cəsarətini, professor Qafar Kəndlidən alim təvazökarlığını, XX əsrin böyük mütəfəkkiri, elmi rəhbərim Yaşar Qarayevdən məntiqi düşünməyi və nəzəri-fəlsəfi mühakimə mədəniyyətini, poetik üslublu tənqid manerasını öyrənmişəm”.
Nizaməddin müəllimin 70 illik yubiley günündə onun iki dahi yubilyar haqqında kitabından qısaca bəhs etmək istərdik. Məlum olduğu kimi, sona çatmaqda olan il ölkəmizdə İmadəddin Nəsiminin 655, Məhəmməd Füzulinin 530 illik yubileyləri ilidir. Bu ərəfədə görkəmli tənqidçinin “Nəsimi və Füzuli” adlı kitabı işıq üzü görüb. N. Şəmsizadə öz ənənəsinə sadiq qalaraq, orta əsrlərin söz dahiləri olan korifeylərimizin həyat və fəaliyyətinə geniş aspektdə nəzər salıb. Klassiklərin irsi kontekstində fərdi yaradıcılıqlarının bədii-fəlsəfi təkamülü məsələlərini araşdırıb. Müəllif nəzəri-analitik təhlil yolu ilə Nəsimi və Füzuli poeziyasının sehrini – bədii-fəlsəfi mənasını, unikal simvolik-metaforik formasını, bütövlükdə poetik sistemini açmağa çalışıb.
Səhhətində yaranmış ciddi problemlərə, ağır əməliyyatlar keçirməsinə baxmayaraq, elmə olan fədakar münasibəti səngiməyən, elmi yaradıcılığını inadla, inamla davam etdirən Nizaməddin müəllimin son illərdə neçə-neçə yeni kitabı çap olunub. Bütün bunlar barədə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professorun 70 illik yubileyi münasibətilə hazırlanmış virtual kitab sərgisində ətraflı bilgilər toplanıb. Sərgidə onun müəllifi olduğu “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “İdrakın üfüqləri”, “Roman və tarix”, “Turan yolu” və s. kitabları qısa annotasiyalarla təqdim olunub.
Dahi yunan filosofu Sokrat yazırdı: “Əsl ziyalı öz elmi təfəkkürünü təsdiq edən, intellektini həyata və cəmiyyətə tətbiq etməyi bacaran, müdrikliyi ilə örnək ola bilən insanlardır”. Bu aspektdən yanaşsaq, Nizaməddin Şəmsizadə böyük ziyalılarımızdan biri sayılır.
Can sağlığı arzuları ilə:
Əli NƏCƏFXANLI
XQ