Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinə yekun vurulub.
Birliyin Natəvan klubunda təşkil olunan mərasimi “Ulduz”un baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığının vacibliyini vurğulayıb. İSİM-in direktoru Qəhrəman Haqverdiyev qeyd edib ki, müsabiqənin təşkilində əsas məqsəd gənc nəsildə sağlam davranışların formalaşdırılması, zərərli vərdişlərin mənfi təsirləri barədə əhalinin məlumatlılığının artırılmasıdır.
AYB-nin katibi Elçin Hüseynbəylıi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-həkim Nazilə Gültac, AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli çıxışlarında narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün müvafiq qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsini, əhali arasında geniş təbliğatın aprılmasını təqdir ediblər.
“Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçıları – Azər Qismət, Coşqun Xəliloğlu, Nemət Mətin, Günel Mehri, Qafar Cəfərli, Rövşən Qaragözov, Ruzbeh Məmməd, Məlahət Hümmətqızı, Nazilə Gültac və Tural Cəfərli qalib elan olunublar. Bildirilib ki, onların hekayələrindən ibarət “Həyatımızı sağlam yaşayaq!” adlı ədəbi toplu da nəşr olunub. Hekayələrdə narkotik maddələrdən istifadənin acı nəticələri bədii boyalarla təsirli şəkildə öz əksini tapıb.
XQ