Doğum günü yol qəzasında həlak olan aktrisa yuxusunda nə görübmüş?
O müdhiş günün axşamı televiziyanın xəbərlər proqramında belə bir məlumat oxundu: “Nabran–Bakı yolunun Xaçmaz rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sərnişin Mömünat Qurbanova hadisə yerindəcə keçinib”.
Sabahından soraq ala bilmədiyimiz ömür, sür-prizlərlə dolu həyat bəzən çox amansız olur. Ətrafımızda ömrü yarıda qırılmış, cavan ikən dünyadan köçmüş insanlar az olmayıb. Onların arasında hamımızın tanıdıqları da var.
İnsan həyatı sanki epiloqu bəlli film kimidir. Amma ömrün son dayanacağına kimin nə vaxt və necə çatacağı Uca Yaradandan savayı heç kəsə bəlli deyil. Sizə haqqında söhbət açacağımız aktrisa da qısa ömür yolunda öz finalına doğru iti addımlarla irəliləyib ki, ona tez çatsın....
Beş uşağın ərköyünü
Tamaşaçıların “Dərviş Parisi partladır” filmində Şərəfnisə, “Qaçaq Nəbi”də Həcər kimi tanıdıqları aktrisa Mömünat Qurbanova 1958-ci il dekabrın 8-də Buzovnada sadə bir ailədə dünyaya gəlmişdi. Beş uşağın ərköyünü idi. Ona görə də orta məktəbdə komsomol fəalı, idman dərnəklərinin qabaqcılı olan Mömünat məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə doğmaları onun bu seçimini ərköyünlük kimi qəbul etmişdilər.
Amma Mömünatın bu “ərköyünlüyü” heç də ötəri deyildi. Hələ məktəbli ikən “Yeddi oğul istərəm” filminə o qədər baxmışdı ki, onu əzbər bilirdi. Cəlalın (Ənvər Həsənovun–red.) şəklini otağının divarına vurmuşdu. Hərdən bu portretlə söhbət də edirdi. Bir dəfə söhbət əsnasında ona söz vermişdi ki, səninlə birlikdə filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri topladığı qovluq Mömünatın kitab dolabında layiqli yerdə dururdu.
İllər keçəcək və Mömünat Qurbanova Ənvər Həsənovun evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ buna illər qalmışdı. Mömünat institutun aşağı kurslarında oxuyur, Ənvər isə ardıcıl olaraq filmlərə çəkilirdi.
“Çəkiliş başa çatar-çatmaz nişanlandıq”
1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kastinqlər keçirirdi. Tələbə Mömünat Qurbanova eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Tələbələrin arasında Mömünat Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor gözündən yayınmır. Ənvəri yanına çağırıb soruşur: “Bax gör, bundan sənə Şərəfnisə olar?” Ənvər “elə olar!” – yarızarafat cavab verir. Sınaq çəkilişlərindən Şərəfnisə roluna ən layiqli namizəd kimi Mömünat Qurbanova qalib çıxır.
“Münasibətlərimiz elə bu filmlə də başladı. Çəkilişlər başa çatar-çatmaz nişanlandıq”,– deyə Ənvər bildirir.
1978-ci ildə institutu bitirən Mömünat Qurbanovaya azad təyinat verilir, çünki o, artıq tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər isə “Azərbaycanfilm”də çalışırdı.
“Onu kinoda yox, evdə görmək istəyirdim”
“İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Mömünatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü, bir az da qısqanırdım. O, mənim həyatımın Şərəfnisəsi olmuşdu, kiminsə Şərəfnisəsi, Nigarı olmasını qəbul edə bilmirdim”.
İllər ötür və Ənvərin xatirinə aktrisalıqdan vaz keçən Mömünat xanım daha bir filmə dəvət alır. Bu, dəvət deyildi, tələb idi. Ailənin dostu, rejissor Əbdül Mahmudov Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər rolunda Mömünatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi.
Ənvər Həsənov: “Mömünatın mərd, ağıllı, amiranə görkəmi vardı. Nigar roluna ondan başqa namizəd yox idi. Həm ağıllı, həm də çox şən olması Mömünatı hamıya sevdirmişdi. Onun sayəsində ailəmiz çoxlu dost qazanmışdı. İştirak etdiyi məclislər də şən keçirdi. Çəkiliş meydançası Mömünatla daha maraqlı olurdu. Həsən Turabovla Əbdül Mahmudov dedilər ki, Mömünatın Nigar obrazına çəkilməsinə razı olmasan, onu qaçırıb sənsiz çəkəcəyik. Əlacım kəsildi, razılaşdım. Nəbini Həsənağa Turabov oynasa da, Həcərlə olan məhrəm səhnələrdə özüm çəkilmişəm. Qrimi elə edirdilər ki, hiss olunmasın. Həcərin at çapmaq səhnələrini də Mömünatın təhlükəsizliyi üçün özüm oynayırdım. Mənim təcrübəm var idi, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürüb baş alıb getdi. Yaxşı ki, atın qaçışının qabağını divar kəsdi. Onda Mömünata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey olsa, nə edəcəyimi təsəvvürümə belə gətirmirdim”.
Mömünat Qurbanova cəmi üç filmə çəkilib, üçündə də həyat yoldaşı ilə birlikdə. Üçüncü film kommersiya xarakterli olub, ekranlara çıxmayıb. Ənvər Həsənov deyir ki, indi sevinirəm yaxşı ki, üç filmə çəkilib, tarixdə qalacaq. Aktrisalıqdan uzaqlaşandan sonra Mömünat İncəsənət Muzeyində elmi işçi kimi çalışırdı.
Qəza yolda haqladı...
2008-ci il dekabrın 8-i Mömünat xanımın 50 illik yubileyi münasibətilə dostları onları Nabrana dəvət edirlər. Ailə razılaşır, amma yola çıxmaq vədəsi çatanda yubilyar nədənsə tərəddüd edir. Mömünat gecə qəribə yuxu görüb, əhvalı pozulubmuş. Amma bunu Ənvərə deməyib.
Ənvər müəllim tüfəng əhvalatını danışanda başımızın tükü biz-biz oldu:
– Bir gün əvvəl özünə dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi. Dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Səhər dostlar gəldilər bizi götürməyə. Dedim, Mömünat, dostlar aşağıda maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim nəsə həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, dostlardan ayıbdır, gedək. Qayıtdı ki, əvəzimdən üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Gördüm israr edir, razılaşdım. Keçib yan otaqdan ov tüfəngimi götürdüm ki, Nabran meşəsidi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi cəld ayağa qalxdı ki, mən də gedirəm. Kaş tüfəngi götürməyəydim. O da ov həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mənsə burda qalacam? Gəlirəm! Getdik, Nabranda çox maraqlı məclisimiz oldu. Qayıdanda maşını dostumuz sürürdü. Arada onu yuxu basdığından məcbur olub sükan arxasına mən keçirdim. Mömünat mənim arxamda oturub, dostum qabaqda, xanımı da onun arxasında. Maşını yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, həmin sürətlə yer buz olsa belə, maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb, ondan aşıb. Qəfildən yola bir it çıxdı, sükanı kəskin sağa döndərməli oldum. Nə oldu bilmirəm, yığışdıra bilmədim, arxa qapı, Mömünatın oturduğu tərəf ağaca çırpıldı. Ağzını açıb bir kəlmə deyə bilmədi...
* Aktrisa 50 yaşına açılacaq o gecə yuxusunda nə görmüşdü? Ona qarşıdakı təhlükəni andıran letargik mesaj nə imiş? Tüfəng, it, yoxsa ağac? Bəlkə, elə üçünü bir yerdə görüb? Bəlkə, fikrini qəfil dəyişməklə o səfərdə kiminsə həyatını xilas edib? Bunu bilmirik. Çünki Mömünat bu sualların cavabı ola biləcək qorxulu yuxusunu nə ömür-gün yoldaşına danışıb, nə də bizim üçün güman və ehtimallardan savayı nəsə buraxıb...
Bu sözləri deyəndə Xalq artistinin gözləri dolur: “Üstündən 16 il keçib, indiyə kimi özümə gələ bilmirəm. Yaxşı ki, qızım, nəvəm var, onlara görə yaşamalıyam”.
Bu da həyatdan nakam getmiş aktrisa Mömünat Qurbanovanın ömür hekayəti. Qismətində dünyaya gəldiyi gün, 50 yaşında ona “əlvida!” demək var imiş. On gün bundan əvvəl 74 yaşı tamam olmuş Ənvər Həsənovun isə taleyinə sual dolu “bəlkə”lərlə, “kaş”larla yaşamaq acısı düşüb. Təsəllisi Mömünat əmanəti qızı Aytən, nəvəsi Murad, bir də bərabər çəkildikləri filmlərdir…
Ramilə QURBANLI
XQ