Gözəl sahil məkanı olan, dünyada tanınan mədəniyyət xadimlərinin adına ulduzlar açılan Bakıdakı “Sea Breeze” istirahət mərkəzində möhtəşəm “Dream FEST 2025” beynəlxalq musiqi festivalı davam edir.
Bir neçə gün əvvəl buradakı “Walk of Fame” Şöhrət xiyabanında mərhum teleaparıcı, Milli Məclisin deputatı, müasir Azərbaycan mədəniyyətinin parlaq simalarından biri Anar Məmmədxanovun, dünən isə In-Grid kimi tanınan italyan müğənni və bəstəkarı İnqrid Alberinin adına olan ulduzun açılışı olub.
Açılış konsertindən əvvəl xarici ulduzlar və azərbaycanlı ifaçılar qırmızı xalça üzərindən keçiblər. Sonra musiqi bayramı başlayıb. Səhnəyə ilk olaraq Xalq artisti Emin Ağalarov çıxaraq, tamaşaçılara coşğun, inanılmaz enerji bəxş edən nəğmələr oxuyub.
Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Tünzalə Ağayevanın səsləri tədbirə xüsusi rəng qatıb. Musiqi gecəsində çıxış edən sənətçilər arasında Alessandro Safina, Emin Ağalarov, Anar Ağayev, Roza Zərgərli, Merab Amzoevi, Brendon Stoun, “Blue” qrupu, Tünzalə Ağayeva, Nigar Camal, Nəsibə Abdullayeva, Elçin Əzizov, Nani Breqvadze, Fərrux Zakirov və digər tanınmış ifaçılar yer alıblar. “Sea Breeze” tarixində ilk dəfə olaraq tamaşaçılara 500 drondan istifadə edilməklə şou təqdim edilib. Gecə möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Ertəsi gün axşam proqramlar görkəmli Azərbaycan opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin yaradıcılığına həsr olunub. Onun möhür vurduğu məşhur əsərləri həm solo, həm də duet formatında səsləndirilib. Konsert çərçivəsində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx da nümayiş etdirilib. Gecənin kulminasiya anlarından biri Emin Ağalarov, Alessandro Safina və Elçin Əzizovun birlikdə ifa etdikləri “Mavi əbədilik” mahnısı olub. Onların yüksək peşəkarlıq və dərin emosiyalarla zəngin çıxışı dəniz üzərində atəşfəşanlıqla müşayiət olunaraq unudulmaz ab-hava yaradıb.
Bu gün isə ötən əsrin son onilliklərinin disko-musiqisinin pərəstişkarları üçün xüsusi proqram təqdim ediləcək. Nostalji ab-hava yaradan retro musiqilər qanad açacaq. Qeyd edək ki, “Dream FEST” iyulun 26-dək davam edəcək və bu müddət ərzində tamaşaçılar Böyük Britaniya və Türkiyə, Kanada da daxil olmaqla, 100-dən çox musiqiçinin çıxışını maraqla izləyə biləcəklər.
XQ