Azərbaycan jurnalistikasına və milli mətbuat tarixi elminə ağır itki üz verib. Avqustun 25-də tarix elmləri doktoru, Bakı Dövlət Universiteti milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Qara oğlu Yaqublu ömrünün 62-ci ilində avtomobil qəzasında həlak olub.
Milli Məclisə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan–Qubadlı seçki dairəsindən deputatlığa namizəd Nəsiman Yaqublu Zəngilan seçiciləri ilə görüşdən qayıdarkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi avtomobildə qəzaya düşüb, aldığı ağır xəsarətlərdən həyatını itirib.
Dünən mərhumla vida mərasimində onun milli mətbuat və Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi ilə bağlı çoxillik fəaliyyəti, jurnalist kadrları hazırlığına verdiyi töhfələr, aktual mövzularda geniş publisist yaradıcılığı qədirbilənliklə vurğulanıb. Tanınmış ziyalılar və dostları istedadlı alim-pedaqoqun dünyasını faciəli surətdə dəyişməsinin elm, təhsil və mediamız üçün ağır itki olduğunu bildiriblər, xatirəsinə dərin ehtiram ifadə ediblər. Nəsiman Yaqublu doğma və yaxınlarının iştirakı ilə Bakının Zabrat qəbristanlığında torpağa tapşırılıb.
Ölkə mediasında yayılmış hüznlü xəbərlərdə və nekroloqlarda Nəsiman Yaqublunun mənalı ömür yolu, zəngin elmi-publisistik yaradıcılığı və səmərəli ictimai fəaliyyəti əksini tapıb.
Nəsiman Qara oğlu Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunda anadan olub, burada orta təhsil alıb. 1981-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində başladığı ali thsili 1986-cı ildə Sankt-Peterburq Universitetinin jurnalistika fakültəsində başa vurub. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. Qarabağ savaşında könüllü olaraq hərbi xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin baş redaktoru vəzifəsində işləyib.
1993-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş müəllim kimi fəaliyyətə başlayan Nəsiman Yaqublu 2001-ci ildə "Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Çoxsaylı elmi, publisitik məqalənin, milli irslə bağlı bir sıra kitab və toplunun müəllifidir. Yerli və beynəlxalq konfranslarda milli istiqlal tarixi və mühacirət mətbuatı mövzusunda silsilə məruzələrlə çıxış edib. Əsərləri xaricdə də nəşr edilib.
“Heydər Əliyevin 100 illiyi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları ilə təltif edilib. “Hacı Zeynalabdin Tağıyev” və “Həsən bəy Zərdabi” mükafatlarına layiq görülüb.
“Xalq qəzeti”