Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas-yazıçı, AYB üzvü Əli Rzazadənin Vətən müharibəsi şəhidi, leytenant Teymur Abbasovun xatirəsinə həsr etdiyi “Cənab leytenant” memuar-romanı çağdaş qəhrəmanlıq ədəbiyyatımızı zənginləşdirən əsərlərdəndir.
Müəllif müharibənin ilk günlərində könüllü, özü də yaşı çox olduğu üçün təkidlə cəbhəyə yollanan 40 yaşlı Teymurun Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirakından rəğbətlə bəhs edib. O, şəxsi igidliyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilən gənclik dostu Teymura vəfa borcunu bir ədib kimi də yerinə yetirib.
Əsərdə şəhidin həyatından, döyüş yolundan və uzun illər düşmən işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda göstərdiyi qəhrəmanlıqdan bədii vasitələrlə söz açılır. Romanın təqdimatında akademik Nizami Cəfərov, professor Asif Rüstəmli və başqaları əsər, eləcə də müəllifin vətənpərvərlik mövzusunda yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər.
“Cənab leytenant” Əli Rzazadənin sayca 7-ci kitabıdır. Bundan öncə “Sonsuz”, “Yağış”, “Səmaya qayıdan yazı” romanlarını, “Nurdan zərrələr”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” və “Onun hekayəsi” adlı əsərlərini oxucu auditoriyasına təqdim edib. Müəllifin ərəb dilində qələmə aldığı “Xocalıya ədalət” adlı əsəri Xocalı həqiqətlərini əks etdirən ilk ərəb dilində nəşr edilmiş kitab olaraq bir neçə ərəb ölkəsində təqdim edilib. Əli müəllim “Cənab leytenant” haqqında qəhrəmanına sevgi ilə söhbət açdı:
– Biz rəhmətlik Teymurla universiteti birgə oxuyub eyni peşə sahibi olmuşuq, ümumilikdə isə 25 illin dostu idik. Çox mehriban, yaxın əlaqələrimiz olub. Mənim vaxtilə “Yağış” romanımın təqdimatında Teymur zarafatla demişdi: Bəs mənim haqqımda nə zaman kitab yazacaqsan?”. Mən də eyni zarafatla demişdim ki, narahat olma, sən də daxil, dostlarım haqqında gələcəkdə kitab yazacağam. 2020-ci ildə müharibə başlananda Teymur israrlı xahişilə savaşa qoşuldu.
Onunla son telefon danışığımızda dedim ki, ay qardaş, hər ikimiz ehtiyatda olan zabitik, amma hələlik bizə ehtiyac yoxdur. Bu israrla cəbhəyə tələsməyin niyə? O, isə dedi ki, bu gün xalqım və Vətənim naminə müharibədə olmalıyam. İş elə gətirdi ki, Teymur müharibənin gedişatında şəhadət zirvəsinə ucaldı. Bundan sonra dostuma vaxtilə zarafatla dediyim söz daim beynimdə fırlandı. Sonda belə qərara gəldim ki, Teymur haqqında roman yazım. Onu da deyim ki, Teymurun yalnız müharibədəki son dövrünü yox, həm də tələbəlik, dostluq vaxtlarımızı, birgə keçirdiyimiz xoş günləri də qələmə almışam.
Romanda tələbəlik xatirələrinə dalan müəllif yazır ki, sanki, şəhid olacağını bilirdi. Həmişə deyirdi ki, görərsiz, nə edəcəyəm. Auditoriyada Teymur qəfil arxaya dönərək, partamızın üstündəki dəftərimizə qol çəkir və gülərək deyirdi: vaxt gələcək, bu imza sizə lazım olacaq. Vaxt olacaq, məni axtaracaq, amma tapmayacaqsınız...
Teymurun qardaşı Tural Abbaslının xatirələrindən: “Hər məqamda, – Müharibə başlasa, torpaqlarımızı alardıq. Erməni kimdir ki, bizim torpaqlarda oturur? Bu, bizim millətimizi aşağılayır, – deyirdi. 12 iyuldakı erməni təxribatından sonra evdə demədən gedib könüllü yazılmışdı və həvəslə onu çağırmalarını gözləyirdi. Müharibə başlanandan bir gün sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə zəng etdi, hətta bununla yetinməyib idarəyə getdi və onu aparmadıqları üçün iradını bildirdi. Hələ 2003-cü ildə əsgərlikdə olarkən, Gəncədə xüsusi təyinatlıların hərbi hissəsinə yazılmışdı, xidmətini orada davam etdirdi. Əsgərliyinin sonuncu 3 ayında zabitlik kursunu bitirmişdi. Beləliklə, ordudan leytenant kimi tərxis olundu. Ümumiyyətlə, Teymur hərbiyə çox meyilli idi və Vətən uğrunda vuruşmaq istəyirdi. Qismət gəldi, bu günə düşdü və 29 sentyabr tarixində hərbi xidmətə getdi”.
İki həftədən sonra Teymur canını Vətənə qurban verdi. Hərbçi yoldaşları onun tabeliyindəki əsgərləri mərmi yağışı altından çıxartdığını deyirlər. Hadrutda olduqları ərazidə su yox imiş. Öz suyunu onlara içirdib. Döyüş zamanı qoruyucu gödəkcənin açıq hissəsindən güllə yarası alıb, elə ondan da şəhid olub. Romandan da göründüyü kimi, Teymur istədiyi kimi yaşayıb, işləyib, ailə həyatı qurub, istədiyi kimi də bu dünyadan gedib.
Anasının dediklərindən: “Bir dəfə danışanda “Teymur, özünü qoru”, – dedim. “Ana, niyə belə deyirsən? Mən 18 yaşlı uşaqları irəli verim, özüm arxada durum? Heç vaxt belə edə bilmərəm. Mən qabaqda gedib “arxamca gəlin!” deyirəm”, – dedi”.
Döyüş dostları isə danışır ki, oktyabrın 12-nə keçən gecə mühasirədən çıxandan sonra oturub dincəlirmişlər. Teymur köməkçisi Ülviyə “Meşədən səs gəlir, gedək baxaq, ola bilər ki, bizi mühasirəyə alsınlar”, – deyib. Ülvi yorğun olduğunu, bir az dincəlmək istədiyini deyib və Teymur özü tək yollanıb. Bir qədər sonra dostları 3 güllə səsi eşidiblər. Teymur gələndən sonra “Uşaqlar, deyəsən məni vurdular” deyərək gülə-gülə yerə uzanıb və su istəyib.
Vaxtilə yaşadığı “Mirzə Fətəli Axundzadə, 2” ünvanındakı evin divarlarını şəhid leytenantın hərbi paltarda portretləri bəzəyir. Fotolardan enlikürək, nur simalı, gülərüz gənc zabit boylanır. Elə “Cənab leytnant” romanının səhifələrindən də belə bir igid boy göstərir.
Şəhidlərdən bizə qalan əmanətin bir Vətən, bir də xatirələr olduğunu qeyd edən yazıçı “Cənab leytenant”ı yazmaq səbəbini səmimiyyətlə açıqlayır: “Sadəcə, Teymuru anlatmaq, ondan danışmaq istəyirəm, vəssalam...” Əli Rzazadə Teymuru hamımıza yazıçı ustalığı ilə tanıda bilib. Xəyali obrazı işləmək asandır, onu oxucuya istəsən, o cür də təqdim edə bilərsən. Həqiqi dost itkisinin ağrı-acısına bükülüb, özünün ədəbi ustalığına sığınaraq qəhrəmanı olduğu kimi təqdim etmək isə çətindir. İnamla deyə bilərik ki, yazıçı buna nail olub.
Kitabın redaktoru, həmkarımız Şəfa Vəli yazır ki, Əli Rzazadə romanın əvvəlində Teymur Abbasovun timsalında bütün şəhidlərimizə olan ehtiramını dilə gətirir: “Onlar fövqəlinsanlardır. Adları gəlincə bizi ehtiramla ayağa qaldıran, damarımızda kədərli bir qüruru coşduran, xatirələrinə sarılaraq qəmimizə təsəlli tapmağımıza səbəb olan ŞƏHİDLƏR! Ağrı da xatirədir, həm də ən qudsalından!”
İki gəncin köhnə kitablar satılan yerdə rastlaşması, bir-birinin fikir dənizində qəvvasa çevrilməsi də tale işidir. O tale ki, lap əzəldən Teymurun şəhid olacağı, Əli Rzazadənin də şəhid dostu haqqında roman yazacağı həkk olunmuşdu alnına... Və şəhadət şərəfinin nəsib olduğu insana kainatın bunu müxtəlif işarətlərlə anlatmaq forması var romanda. Məsələn, bir qadının Teymura etdiyi alqış: “Allah səni şərəfləndirsin, oğlum”.
Kitabdan oxuyuruq ki, Teymur ömür-gün yoldaşına, Cəfər Cabbarlının təbirincə, Sonasına mesajında yazır :“Bağışla, mən Vətəni seçdim”. Oxuduqca bir təbəssüm qonur dodaqlarımızın ucuna, sonra düşmən gülləsinə qurban gedən dağ vüqarlı bir oğulun göynəyi baş qaldırır sinəmizdə, lap sonda da Sona Abbasovanın gülümsər çöhrəsi gəlir gözümüzün önünə... Təbəssümümüz göynəyimizə, göynəyimiz təbəssümümüzə təsəlli verir: “Sona xanım Teymuru ilk gördüyü, könlünü verdiyi gün bağışlamışdı Vətənə”.
Əli Rzazadənin bütün əsərlərində – janrından asılı olmayaraq, – bax, belə bir mənəvi arınma var. “Cənab leytenant” isə bu pak aləmin növbəti qəhrəmanlıq dastanıdır.
Əli NƏCƏFXANLI
XQ