“52 yaşlı” tarzənin 100 yaşı

post-img

Əhsən Dadaşov – 100


Mikayıl Müşfiq tarı hücumlardan belə qorumuşdu:

“Oxu, tar, oxu, tar!                                                                                                            
Səni kim unudar?”  

Osman Sarıvəlli isə yazırdı: “Hər kim yüz il yaşamasa, günah onun özündədir”.   İlk baxışda sadə bir fikir kimi görünsə də, dərin mənalar daşıyır. Bu ifadə ilə bağlı düşünərkən həyatın qiyməti, zamanın əhəmiyyəti və insana verilən ömür sərmayəsinin necə dəyərləndirilməsi mövzusunda çox sayda fikir beynimdən keçir. Misraları başqa bir aspektdən təhlil etdikdə isə düşünürəm ki, burada sadəcə cismən yaşamaq nəzərdə tutulmur. Axı, elə olsaydı biz bu gün 52 il yaşayıb-yaratmış dahi tarzən Əhsən Dadaşovun 100 illik yubileyini qeyd etməzdik. Cismən 100 il yaşamasa da, ruhən bizimlədir, yaddaşlara həkk olunub, heç vaxt da unudulmayacaq.

Onu ilk dəfə Mirzə Mənsur Mənsurov kəşf etmişdi. Sanki ürəyinə dammışdı ki, bu uşaq nəğməkar olsa, dağ çayı qədər məğrur, coşqun şəlalələrtək gur, tar qədər qəlbə yaxın, şirin bir musiqi bəstələyər. Dahi bəstəkar Üzeyir Hacıbəylinin belə, dinləyəndə əfsunlandığı, ruhunu qidalandıran və ona “əhsən sənə, Əhsən!” deməyinə səbəb olan bir musiqi...

“Onun ifasını dinləyəndə, mənə elə gəldi ki, iki səmimi dost bir-biri ilə dərdləşir. O böyük düha tarı çalmırdı, tarla söhbət edirdi”. 

Bu, ilk dəfə tarzənin ifasında “Hümayun” muğamını dinləyərkən məni ağuşuna almış fikirlərdir.

Həyatın çətinlikləri, sərt sərhədləri ilə dolu bir dünyada, insanın özünü tapması və ifadə etməsi bəzən qeyri-adi yollarla olur. Bu yollardan biri də musiqidir. Musiqi, ruhun dilidir, insanı dərin hisslərə, düşüncələrə və xəyallara aparır. Bu mənada, “tar və simfonik orkestr” üçün Hacı Xanməmmədov tərəfindən yazılan konsertin ilk ifaçısı, əfsanəvi tarzən Əhsən Dadaşovun həyatını və sənətini təsvir etmək, bir musiqi parçasının melodiyası kimi, müxtəlif notların harmoniyasını tapmaq deməkdir. İlklərin adamı idi Əhsən Dadaşov. Sovet dövründə qadağa qoyulan ud alətini də 60-cı illərdə ölkəmizə gətirərək, yenidən ona nəfəs vermiş, məşhur “Şur” muğamını ifa etmişdir.

Əhsən Dadaşov musiqi aləminə daxil olduğu gündən etibarən, özünəməxsus üslubu ilə dinləyicilərini heyran edib. Tarzən ənənəvi Azərbaycan musiqisini modern notlarla birləşdirərək, öz yaradıcılığında bir körpü qurub. Onun ustalığı, yalnız musiqi alətini ifa etməsi ilə deyil, həm də hər bir notda gizlənmiş duyğuları dinləyiciyə çatdırma qabiliyyəti ilə bağlıdır.

Bir gün, lent yazılarında sənətkar tarı ilə bir araya gəldikdə, sanki zaman dayanır. Hər bir telin səsi, bir nağılın başlandığını bildirir. Sanki o, mizrabın hər bir zərbəsində dağların, çayların və dənizlərin səsini yaradır. O, tarın səsi ilə ruhunu birləşdirir, onu yalnız bir musiqi aləti kimi deyil, bir dost, bir yoldaş kimi qəbul edir. Bu, onun musiqisinin qeyri-adi ruhunu ifadə edir.     

Musiqi bəzən insanın içindəki acıları, sevinci, həyəcanı və xəyalları səsləndirməyin   ən gözəl yoludur. Əhsən Dadaşov, tarzən olaraq, bu hissləri öz ifasında birləşdirib. O, musiqinin dili ilə danışır, dinləyiciləri öz aləminə dəvət edirdi. Hər bir konsert, onun üçün bir səfər idi. Bu səfərdə o, dinləyiciləri öz duyğularının dərinliklərinə aparırdı.

Tarzən Əhsən Dadaşov, yalnız bir musiqiçi deyil, həm də ölməz sənətkardır. Onun ifası, dinləyicilər üçün gözəl bir dünyaya açılan pəncərədir. Bu pəncərədən baxdıqda, görünən mənzərə – həyatın gözəllikləri, çətinlikləri və onların öhdəsindən gəlməyi öyrənməkdir. Musiqisinin ritmi, insanların ruhuna bir parıltı bəxş edir. Bu pəncərə vasitəsilə hər birimiz öz içimizdəki melodiyanı kəşf edə bilərik.

Onun melodiyaları, insanları bir araya gətirir, sevgi, dostluq və həmrəylik hisslərini canlandırır. O, musiqisinin hər bir notunda bir hekayə danışır; dinləyicilər bu hekayələrdə özlərini tapır, öz duyğularını yenidən yaşayırlar.

Ruhu şad olsun! 

Xədicə

 

Mədəniyyət