Kursk yürüşü hara aparır?

post-img

Avqustun 6-da gecə saat 2-dən başlayaraq, Ukrayna Ordusunun Kursk istiqamətində qəfil hücumu və bir neçə gün ərzində 30-35 kilometrədək irəliləməsi bütün dünyada şok effekti yaradıb və qlobal medianın gündəmindən düşmür. Bu mövzu hətta Qəzzada HƏMAS yaraqlıları ilə İsrail Ordusu arasında ağır zorakılıqlarla müşayiət olunan silahlı qarşıdurmanı da kölgədə qoyub.  

Hərbi ekspertlər hesab edirlər ki, ­Kursk əməliyyatı Ukraynanın müharibədə assimmetrik döyüş taktikasına keçməsinə dəlalət edir. Görünən budur ki, Kiyev hərbi sursat və əsgəri qüvvə baxımından özündən qat-qat güclü olan rəqibini gözlənilməz əks-hücumlarla yaxalamağa cəhd edib və əks tərəfin nüfuzuna ağır zərbə vurmağa çalışır. 

İndi Ukrayna Ordusunun əsas məqsədi ələ keçirdiyi ərazilərdə möhkəmlənmək, növbəti həmlələr üçün zəmin yaratmaqdır. Hər halda, yaxın günlər ərzində bunun mümkün olub-olmayacağının şahidi olacağıq. Fakt budur ki, hazırda Ukraynanın 12 minlik yüksək hazırlıq keçmiş qoşunu Rusiya ərazisində ağır döyüşlər aparır.

Qeyd edək ki, son bir il ərzində Rusiya-Ukrayna savaşının min kilometrlərlə uzanan cəbhəsi boyu tərəflər arasında ağır mövqe döyüşləri gedir. Son həftələr ərzində Xarkov istiqamətində Ukrayna hərbçilərinin vəziyyəti çətinləşib. Böyük qüvvələrlə hücum edən Rusiya rəqibini sıxışdırmağa çalışır və bir çox hallarda buna nail olur. 

Bir məqamda belə bir məsələyə də diqqət yetirmək lazımdır. Belə ki, bu il noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində milyarder Donald Trampın dövlət başçısı seçilmək şansı var. “Rusiyanın dostu” sayılan Tramp seçkilərdə qələbə qazanacağı təqdirdə, Ukraynada münaqişəyə cəlb olunan tərəfləri döyüşləri dayandırmağa və sülh danışıqlarına başlamağa vadar edəcəyini vəd edib. 

Ukrayna Trampın qələbəsini istəmir və belə bir perspektivdən çox buna görə narahatdır. Axı, bu ölkənin ərazisinin 20 faizə qədəri Rusiya tərəfindən nəzarətə götürülüb. Məlumdur ki, gələcəkdə mümkün sülh danışıqları masası arxasında diplomatların “arqumentləri” cəbhədəki real vəziyyətdən asılı olaraq ya “güclü”, ya da “zəif” olur. Məhz buna görə də, tərəflər bütün qüvvələrini səfərbər edərək, cəbhədə üstünlüyə malik olamağa can atırlar.                           

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski xalqa ənənəvi müraciət edərək bildirib ki, ölkəsinin Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirlər. Onun sözlərinə görə, Ukrayna Kursk əməliyyatı zamanı öz strateji məqsədinə çataraq yaxşı nəticələrə nail olur. 

Daha əvvəl Ukraynanın dövlət başçısı Kursk vilayətinin 74 yaşayış məntəqəsinin ələ keçirildiyini bildirmişdi. Lakin bu rəqəmin həqiqəti tam əks etdirdiyini təsdiq etmək çətindir. Rusiya hələlik rəsmən 28 yaşayış məntəqəsinin rəqibin nəzarətində olduğunu təsdiqləyib. Xatırladaq ki, hər bir müharibədə rəqibi çaşdırmaq üçün yalan, şişirdilmiş məlumatlar yaymaq adi haldır. 

Bu günlərdə “bostanına daş atılan” Rusiya Silahlı Qüvvələri, təbii ki, “bekar” dayanmır. Ukraynanın hərbi kəşfiyyatı onların Sumı vilayəti istiqamətində genişmiqyaslı hücuma keçə biləcəyi barədə məlumatlar əldə edib. Təsadüfi deyil ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko qeyd edib ki, Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinləri təcili surətdə təxliyə olunurlar. Artıq 20 mindən çox şəxs evakuasiya edilib ki, onlardan 2,5 mini uşaqlardır. 

Pentaqon Ukraynada baş verənləri nəzarətdə saxlayır. Dünən Ukraynanın müdafiə naziri Rüstəm Umerov ABŞ-dan olan həmkarı Lloyd Ostini Ukrayna–Rusiya cəbhəsindəki vəziyyətlə bağlı bir daha məlumatlandırıb. R.Umerov bu zaman həm ABŞ hökumətinə, həm də Amerika xalqına Rusiyanın hücumu başladığı zamandan ölkəsinə göstərilən dəstəyə görə təşəkkür edib. Eyni zamanda bildirib ki, Ukrayna xalqının öz ərazi bütövlüyünü qorumaaq üçün mücadiləsi davam edir. 

Bu günlərdə diqqətçəkən başqa bir məqam isə budur ki, Şimali Avropanın bir çox dövlətləri, eləcə də Danimarka Ukraynaya hərbi dəstəyi artırmağa başlayıb. Məlum olub ki, Danimarka Müdafiə Nazirliyi Ukrayna üçün “Bohdana” haubitsalarının istehsalını maliyyələşdirəcəyini açıqlayıb. 

Rusiya Ukraynanı Kursk yürüşünə görə nəyin bahasına olursa-olsun cəzalandırmağa çalışacaq. Ərazidə tezliklə ağır döyüşlərin baş verəcəyi gözlənilir. Rusiya–Ukrayna müharibəsinin taleyinin məhz bu labüd qarşıdurmadan asılı olacağı çoxlarında şübhə doğurmur. Bir başqaları isə ümid edirlər ki, Kursk yürüşü sülhə aparan yol ola bilər! Hər halda əlahəzrət Zaman müharibə dumanlarında gizlənən həqiqətlərə aydınlıq gətirəcək.  

Məsaim ABDULLAYEV 
XQ 

 

Dünya