Məramı vətənpərvərlik olan “Vətən”

post-img

Ümumrusiya azərbaycanlılarının “Vətən” mədəni-ictimai jurnalının ilk nömrəsi çapdan çıxıb. 

Bu jurnal 2002-ci ildən fəaliyyətə baş­layan “Vətən” qəzetinin davamçısıdır. Dərginin təsisçisi və baş redaktoru iqti­sad elmləri üzrə fəlsəfə doktoru, dosent Namiq Muraddır. Baş ofisi Rusiya Fede­rasiyası Mari-El Respublikasının paytaxtı Yoşkar-Ola şəhərində yerləşir. Həmin şəhərin “String” mətbəəsində nəşr olu­nan dərgi ayda bir dəfə işıq üzü görəcək. 

“Vətən”in məramı 30 il yalnız Mosk­vada deyil, bütün Rusiya məkanında ilk ictimai qurum olan “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəaliyyəti fo­nunda ölkəmizin ictimai, siyasi, mədəni həyatında baş verən hadisələri təbliğ et­məkdir. Jurnal Rusiyada Azərbaycan və rus dillərində yayımlanır. 

Loqosunda Bakının əfsanəvi “Qız Qalası”nı əks etdirən dərginin ilk nöm­rəsinin üz qabığında böyük mütəfəkkir, filosof-şair İmadəddin Nəsiminin portreti və şairin məşhur “Məndə sığar iki cahan” misrası yer alıb. Dərgi Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun həyat yo­luna həsr olunmuş məqalə ilə başlayır. “Qafqazın Mirvarisi – Bakı” adlı yazıda isə Azərbaycanın COP29 Beynəlxalq konfransına evsahibliyi etməsindən qü­rurla söhbət açılır.

Jurnalın səhifələrində qitə yarışların­da parlaq qələbələrə imza atan “Qara­bağ” futbol komandasının uğurları, eləcə də bu klubun şəhid kapitanı Allahverdi Bağırov və baş məşqçisi Qurban Qurba­nov haqqında məqalələr yer alıb.

Son səhifələrdə Azərbaycan milli mətbəxinin təamları təqdim edilir. Eləcə də dərginin arxa qabığında “Şeyx Səfi” və ”Ərdəbil“ xalçalarının sehirli ilmələ­ri nümayiş olunur. Jurnalın ilk nömrəsi 68 səhifədən ibarətdir, amma növbəti nömrələrin 100 səhifədən ibarət olması nəzərdə tutulub.

Kəmalə ABDİNOVA
XQ



Mədəniyyət