İncəyurdun incə ruhu

post-img

Bu günlərdə 70 yaşı tamam olan şair, publisist, Prezident mükafatçısı Rafail İncəyurdun “Bu da belə” adlı şeir kitabı işıq üzü görüb. Şairin oxucuları qarşı­sında bir növ yaradıcılıq hesabatı olan yeni toplusunda tarixin, bəşər övladının keçdiyi yollar mükəmməl poetik nümunələr kimi ipə-sapa düzülüb. 

Atatürk Mərkəzi ilə “Qazax” Xeyriy­yə İctimai Birliyinin birgə təşkil etdikləri təqdimat mərasimində Rəfail İncəyur­dun həm incə ruhlu, həm də döyüşkən poeziyasından ətraflı söhbət açılmaqla bərabər, xüsusi qeyd olunub ki, “Bu da belə” kitabında şairin əsasən müdrik çağında yazdığı şeirlər yer alıb. Mərkə­zin rəhbəri, akademik Nizami Cəfərov, İlham Pirməmmədov,Əkbər Qoşalı, Röv­şən Babanlı, Məti Osmanoğlu, Bəsti Əli­bəyli, Musa Ələkbərli, Ağacəfər Həsənli, Rüstəm Kamal və başqaları çıxışlarında onun insani keyfiyyətlərinə, vətənpərvər­lik və turançılıq motivli əsərlərinə diqqəti cəlb ediblər, poeziyamız qarşısında xid­mətlərini yada salıblar. 

Rəfail İncəyurd Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-ri­yaziyyat fakültəsinin məzunudur. Müəllim də işləyib, proqramçı da olub. Amma fik­rində, zikrində kəsrlər, teoremlər, tənliklər deyil, təşbehlər, bənzətmələr, qafiyələr dolaşır onun. 1975-ci ildən mətbuatda müntəzəm çıxış edir. Türkiyə və Rusi­yada da çap olunub. “Ömürdən oyana yollar uzanır”, “Könül dünyam”, “Köhnə kişilər”, “Köz yaşı”, “15-imdən 55-ə va­randa…” kimi kitabları ilə oxucuların sev­gi, ədəbi tənqidin təqdir hədəfi olub. 

Ötən həftə Şuşada keçirilən növbəti Vaqif Poeziya Günlərində birgə iştirakı­mız zamanı daha yaxından tanıya bildi­yim Rəfail İncəyurd mənə də yeni kita­bını hədiyyə etdi. Ədəbiyyat yanğısına, gənclik ruhuna, təvazökarlığına heyran qaldım.

Dönüb məhəbbətin bəyaz tacına,

Könlümdə bir şeir tumurcuqlayır.

Qoşulub dünyanın bir ağacına,

Bilirəm nə deyir – tumurcuqlayır.

Beləcə, indi də tumurcuqlayıb gül açan poetik etiraflarını bizə qızırğanma­dı, bildiklərini həvəslə paylaşdı. Poeziya bayramına toplaşdığımız Vaqif baba­sından gözəl misallar çəkdi, varisanə söhbətlər elədi. “Sözün Vətəni – Qa­rabağ” müasir poeziya saatındakı çıxı­şı da böyük maraqla qarşılandı şairin. Tac-şəhərdəki digər unudulmaz görüş­lərimiz, ulduzlu axşamların duyğulu kö­nül lafları ömrümüzə-günümüzə yazıldı. Tədbirlərdən sonra Şuşanın bir qədər yuxarı hissəsində yerləşən “Xarıbülbül” otelinin yoxuşlu yollarında onun özü kimi ağsaqqal qələm dostu – AYB-nin Qazax Bölməsinin sədri Barat Vüsalla necə qıv­raqcasına öndə getməsi də bizlərə bir ibrət dərsi idi. Baxıb “Maşallah!” dediyi­mizə belə cavab verdi:

Məhəbbət gərəkdi qocaya, gəncə,

Eşqi görən kədər çəkilər küncə.

Ay həkim, xəstəyə həblərdən öncə

Könlünü oxşayan kəlmə lazımdı...

Bu da onun müdriklik poeziyasının öyüd-nəsihətidir: 

Dar gününü gen günündən uca tut,

Söz var, onu bayraq elə, söz var, ud.

Gördüyünü görübsən, ay İncəyurd,

Yaxşı günlər çətin çağın üstədi.

Rəfail İncəyurdun şeirlərində maraqlı janr eksperimentlərinə rast gəlmək olur. Akademik Nizami Cəfərovun da kitaba yazdığı “Ön söz”də qeyd etdiyi kimi, in­cəli şairlərin əksəriyyəti üçün səciyyəvi cinas (təcnis) yaratmaq məharəti diqqət­dən yayınmır. 

Əgər Allah eşqi canda yoxdusa,

Onda imana nə, dinə nə, gözəl?!

Sözünü vaxtında deyə bilməyən

Sonda dinməyə nə, dinə nə, gözəl?!

Canında, ruhunda həyat eşqi çağla­yan Rəfail İncəyurdun təzə kitabı onun hələ çox illər təzə-tər şeirlər yaza bilmək hünərindən soraq verir. 

Ay İncəyurd, sınma, düzəl,

Əzəl sondu, hər son əzəl.

Yenə həyat eşqi gözəl,

Yenə yaşamaq gözəldi.

Gözəldi, vallah, gözəldi!

...Şairin yeni kitabındakı şeirləri oxu­yuram və mən də “Gözəldi, vallah, gözəl­di! – deməkdən özümü saxlaya bilmirəm.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət