Poetik ömrün hesabatı

post-img

Çingiz Əlioğlu – 80

Tanınmış şair Çingiz Əlioğlu 1944-cü ildə Bakıda dünyaya gəlib. Atası Şuşanın Malıbəyli kəndindən, anası isə Füzulidəndir. Orta məktəbi Füzulidə oxuyub, sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (İndiki Dövlət Neft və Sənaye Universitetini) bitirib. Amma oradan mühəndislik diplomu alan Vaqif İbrahim, Cəmşid Əmirov, Rüstəm İbrahimbəyov, Bağır Seyidzadə, Cəmil Fərəcov, Salatın Əsgərova və digərləri kimi öz ixtisası üzrə çalışmayıb, Müşfiqin təbirincə desək, “ruh və qəlb münəndisi” olmağa üstünlük verib. Elə ilk əmək fəaliyyətinə də “Gənclik” nəşriyyatında başlayıb. 

Çingiz Əlioğlunun “Nikbinlik” adlı ilk kitabı 1969-cu ildə çıxıb və poeziyaya istedadlı bir şairin gəlməsindən soraq ve­rib. Sonralar onun “Vağzallar... Yollar...”, “Soraqlar sevgi məni”, “Ömür ağacı”, “Al­nından ay doğan adam”, “Günəşli daya­nacaqlar”, “Görüşdən ayrılığa”, “Tanrını tanı” və sair kitabları işıq üzü görüb və oxucu zövqlərini oxşayıb. 

Bir ömür yaşaram - narahat, çətin, 

Arxamca daş atan olsa da, nə qəm. 

Nəsillər rahatca keçsinlər deyə, 

Atılan daşlardan bir yol döşərəm!

– Bu misraları onun həyat leytmotivi də saymaq olar. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub. Beynəlxalq poeziya festivallarında, konfranslarda uğurla işti­rak edib. “Çərçivə” adlı kitabı Rusiyada 35 min dollar mükafata layiq görülüb və həmin məbləğin hamısını kitabını 10 gün ərzində çap etmiş nəşriyyata bağışla­yıb. Çingiz müəllim bədii tərcümə ilə də ciddi məşğul olub. Son tərcümə etdiyi kitab 2 cildlik dünya ədəbiyyatı ilə bağlı müntəxəbat olub.

Sumqayıt ədəbi birliyinin üzvü olmuş metallurq-şair Rəşid İsgəndərov (Qazax­lı) danışırdı ki, respublika komsomolu Mərkəzi Komitəsində gənc yazıçıların 6-cı Ümumittifaq müşavirəsinə nümayən­dələr seçiləndə onun poladəridən olduğu nəzərə alınaraq, Vaqif İbrahim və Çin­giz Əlioğlu ilə bərabər Moskvaya gön­dərilməsi qərara alınıb. Ona qədər eyni şəhərdə yaşadığı Vaqif İbrahimi yaxşı tanısa da, Çingiz müəllimlə aralarında məhz həmin səfər zamanı səmimi ünsiy­yət yaranıb. Bir neçə gün ərzində onun yüksək insani keyfiyyətlərinə, şair kimi fərqli cəhətlərinə yaxından bələd olub və yaradıcılıq uğurlarını həvəslə izləməyə başlayıb. 

Çingiz Əlioğlu uzun müddət Mədə­niyyət Nazirliyində məsul vəzifələrdə ça­lışıb, Azərbaycan Yazıçılar Birliyində po­eziya bölməsinə rəhbərlik edib. Həmişə yazılarını maraqla oxuduğum filologiya elmləri doktoru, professor Rüstəm Ka­mal onu Azərbaycan avanqard şeirinin görkəmli nümayəndəsi sayır. Çingiz Əli­oğlu haqqında qələmə aldığı “Dilin ma­gik təcrübəsi” məqaləsində yazır: “Heç kimə sirr deyil ki, Çingiz Əlioğlunun dili səs simvolizmi deyilən fenomen ilə sıx bağlıdır. Bu poeziyanın özəlliyi mətnlərin akustik xarakterindən gəlir. Səs simvoliz­mi ayrı-ayrı səslərin, səs birləşmələrinin mistik mənalandırılması deməkdir. O, dildən gələn və təbiətdə eşitdiyini içinə yığıb oxuyur... Şeirlərinin adında da sə­sin magiyasından yararlanır. Məsələn: “Qarğa və qırğı”, “Azman ozan”, “Rama­na romanı” və s… Onun sözü oxuması münəccimin ulduzları oxuması kimidir:

“Ayaq”ı tərsinə oxudum

Gördüm “qaya”dır.

Elədir, düşündüm,

ömrüm boyu

hara ayaq qoydum

önümü qaya kəsdi.

Təkrir Ç.Əlioğlu poetikasının mühim hissəsini təşkil edir. Belə demək müm­künsə, səs, söz təkrirləri onun qram­matikasını əsaslandırır. Təkrir onun çox inandığı və güvəndiyi, şeirin fəlsəfəsini şərtləndirən poetik fiqurdur… Onun şe­irlərində epitetlərin sıralanmasına baxın. Epitet sadəcə üslub vasitəsi deyil, poetik hadisəyə çevrilir. Sözlərin gözlənilməz konbinasiyası, bir-birinə assosiativ ke­çidi obrazları görümlü edir. Ç.Əlioğlu o şairlərdəndir ki, epitet birbaşa metaforik effektə işləyir: “Çəlpəşik ömrümün ipini çözdüm”.

Çingiz Əlioğlu dünya poeziyasını mükəmməl bilsə də, nəfəsi, ruhu hə­mişə milli, qədim poeziyamızın kök­lərinə bağlıdır. Son illərdə bir qədər nasaz olduğu üçün separatçılardan tə­mizlənmiş Qarabağa hələ gedə bilmə­yib. “Sözün düzü, yenə oraları görmək istəyirəm. Amma hazırda ayaqlarım imkan vermir. Yeriyə bilmirəm. Düşü­nürəm ki, oraları görmək arzumu real­laşdıra biləcəyəm” – deyir. 

O, həm poeziyada, həm də həyatda təəccüb yarada bilən insandır. Bu baxım­dan bilməyənlər üçün deyək ki, Çingiz Əlioğlu Arif Babayevin “Gün keçdi”, Vaqif Mustafayevin “Yaramaz” bədii filmlərin­də də rollara çəkilib. Amma məmur, tər­cüməçi, şair, aktyor təyinləri olsa da, o, özünü, təbii ki, şair kimi daha rahat hiss edir.

Şeirlərindən birində şair dünyaya üz tutur: 

Yolların yüyrəkdi sənin,

Yerişin küləkdi sənin.

Olanım – ürəkdi mənim,

Dünya, mənnən yarış görüm.

Düz 80 ildir ki, “Mənim bu həyatla öz hesabım var”, – deyən Çingiz Əlioğlunun dünya ilə yarışı davam edir. Çox istərdik ki, bu yarış daha da uzunömürlü olsun.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət