Azərbaycanın paytaxtı Bakıda keçirilmiş və türkoloji tədqiqatların inkişafında mühüm mərhələ sayılan Bakı Türkoloji Qurultayının 100 illiyi Ankarada keçirilən beynəlxalq konfransda gündəmə gətirildi.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türk Tarix və Kültür Vəqfi tərəfindən türk dünyasının mədəni və elmi irsini yaşatmaq məqsədilə təşkil edilən “1926 Bakı Türkoloji Qurultayının 100 illiyi” adlı beynəlxalq konfransda Türk dünyasının müxtəlif ölkələrindən gələn alimlər, tədqiqatçılar və mədəniyyət xadimləri türk dili, tarixi və mədəniyyəti sahəsində aparılan araşdırmaları müzakirə etdilər.
Konfransda Türkiyə hökuməti adından Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşad Zorlu çıxış etdi. O, çıxışında 1926-cı il Bakı Türkoloji Qurultayının həm tarixi, həm də müasir dövr üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq türk dünyası arasında mədəni və elmi əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
Toplantıda Türk Tarix və Kültür Vəqfinin sədri Ömər Nizaməddin Aykurt çıxış edərək konfransın təşkil olunmasındakı məqsəd və vəzifələrdən danışdı. Türkologiya sahəsinin tanınmış alimlərindən professor Ahmet Bican Ercilasun isə türkoloji araşdırmaların tarixi inkişafı və gələcək perspektivləri haqqında fikirlərini bölüşdü.
Konfrans çoxşaxəli elmi iclaslarla davam etdi. Açılış sessiyasında professorlar Fahri Temizyürek, Nadir Məmmədli, Kərim Şükürov, Bedirxan Əhmədov və başqaları məruzələrlə çıxış etdilər.
Türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alimlərin də çıxışları dinlənildi. Qazaxıstan, Qırğızıstan və Özbəkistandan qatılan professor Jabbar Eşankulov, dosent Baxıtgül Kuljanov, professor Maksud Asadov və professor Nasiba Sabirova türk dili və tarixi sahəsində apardıqları tədqiqatları təqdim etdilər. Türkiyədən isə professor Ali Kafkasyalı, professor Bahadır Gücüyeter, professor Kürşad Yıldırım, professor Məsud Gün və professor Özlem Baş konfransda məruzə ilə çıxış edən alimlər arasında yer aldılar. Qeyd edək ki, konfransda Azərbaycandan da geniş tərkibdə nümayəndələr iştitak etdi.
İki gün davam edən konfransda türkoloji araşdırmaların tarixi kökləri, türk dünyasında ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olundu. İştirakçılar 1926-cı il Bakı Türkoloji Qurultayının elmi irsinin bu gün də türk dünyası üçün yol göstərən mühüm bir qaynaq olduğunu vurğuladılar.
Namiq Qədimoğlu
XQ



