“Qafqazın Xirosiması” ağ günlərinə qayıdır

post-img

Ağdamın yeni məhəllələri isə xarabalıqları tarixə qovuşdurur

Azad Xankəndidən azad Ağdama gedirik. Ən böyük arzularımızın gerçəkləşməsindən xəbər verən, sona çatmış ana torpaq həsrətimizi ifadə edən bu sadə cümləni yazmaq da, söyləmək də insanın ürəyini qürurla doldurur. Tez-tez yaxınlığından ötüb keçdiyimiz Ağdamın bina-bina yenidən doğuluşunun, küçə-küçə böyüməsinin şahidi olmaq elə bir xoşbəxtlikdir ki, onun sevincindən təkcə ağdamlılara deyil, bütün Azərbaycan xalqına pay düşür.

Babalar tikmişdi, biz də tikək

Xocalı istiqamətindən Ağdamın mərkəzi hissəsinə doğru irəlilədikcə, sanki nəhəng tikinti meydançasına daxil olursan. Səhər yenicə açılıb, saat hələ 9-a işləyir, ancaq artıq şəhərin bərpasının yeni mərhələlərindən olan 4-cü yaşayış kompleksində qızğın iş gedir. Qarabağın sürətli dirçəlişinin göstəricisi kimi torpaqdan Vətənin azad səmasına doğru ucalmaqda olan binalarda mühəndislər, ustalar, fəhlələr gecə-gündüz demədən çalışırlar, tikinti texnikalarının, yük maşınlarının səsi ətrafa yayılır...

Ağdamın işıqlı sabahının qurucuları ilə görüşüb, işlərin gedişi ilə maraqlandıq. Kompleksin 6 və 7 mərtəbəli binalardan ibarət 129-cu məhəlləsində tikintini həyata keçirən EL-Seym şirkətinin iş icraçısı Şahin Mehdizadə bildirdi ki, son günlər havaların əlverişsiz keçməsinə baxmayaraq, kollektiv səylə çalışır. Məqsəd layihə üzrə tikintinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılmasına nail olmaqdır. Texnika sarıdan hər hansı çətinliyin yaranmaması, material təminatı ilə bağlı ləngimə olmaması üşün layihə rəhbəri Şakir Xanəliyev tərəfindən zəruri addımlar atıldığından iş də sürətlə gedir. Yəni binaların tikintisi qrafikə uyğun başa çatdırılacaq, kompleks ilin sonuna kimi yaşayış üçün hazır olacaq. Beləliklə də, bu gün tikintinin getdiyi bu yerlər yaxın gələcəkdə neçə-neçə ağdamlının həsrətinin bitdiyi ünvana çevriləcək.

Binalardan birində başı işinə qarışmış hörgü ustasına yaxınlaşdıq. Həmsöhbətimiz Asim Abdullayev əlindəki mala ilə işinə davam edə-edə təəssüratlarını bölüşdü. Əslən Kəlbəcər rayonundan olan 33 yaşlı keçmiş məcburi köçkün Ağdamın yenidən qurulmasında iştirak etməyin qürurverici olduğunu, həvəslə çalışdıqlarını, burada onlar üçün bütün zəruri şəraitin yaradıldığını bildirdi.

Qeyd edək ki, 4-cü yaşayış kompleksi Ağdam şəhərinin ərazisində həyata keçirilən iri yaşayış layihələrindən biridir. Məhəllə 10 hissədən ibarətdir və burada ümumilikdə 64 binanın tikilməsi, 1080 mənzilin inşa edilməsi və 4 450 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə, 13,96 hektar ərazini əhatə edəcək kompleksdə layihə çərçivəsində 34 800 kvadratmetr yaşıllaşdırma işləri aparılacaq, 200 yerüstü və 1 113 yeraltı avtomobil dayanacağı yaradılacaq.

Baza infrastrukturuna 2,1 km daxili yol, 5,5 km elektrik xətti və 2 ədəd transformator məntəqəsi, 5,2 km rabitə xətti, 2 km su və yanğın xətti daxildir. Kompleksin təməli Azərbaycan Prezidenti tərəfindən 24 dekabr 2023-cü ildə qoyulub.

Salam, yeni Ağdam!

Tikinti zonasından ayrılıb şəhərin artıq öz doğma sakinlərinə qucaq açmış, həyatın yenidən qayıtdığı məhəllələrinə doğru yollananda bir neçə dəfə maşını saxlayıb evlərinə qonaq olacağım Məzahir Əliyevin yaşadığı 30-cu binanın harada yerləşdiyini soruşmalı oldum. İstər-istəməz Ağdama işğaldan azad edildikdən sonrakı ilk səfərimi – 2023-cü ilin dekabrını xatırladım.

Azərbaycan Dövlət Turizm Agentliyinin keçirdiyi “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” adlı I elmi-praktiki konfransa gələn iştirakçıların hamısı bir nəfər kimi, şəhərdə erməni vandallarının törətdikləri dağıntıları ürəkağrısı ilə izləyirdi. Bərdədən çəkilmiş yeni asfalt yolun bitdiyi dairədən şəhərin içindəki yeganə təzə tikilmiş bina olan Konfrans Mərkəzinə cəmi bir istiqamətlə gəlmək mümkün idi. Həmin dar yolunda sağında və solunda mina və partlamamış döyüş sursatlarının mövcudluğu təhlükəsi ilə bağlı qırmızı xəbərdaredici lövhələr vurulmuşdu. O günləri görən, xatırlayan biri üçün Ağdamın bugünkü inkişaf sürətinə heyrətlənməmək, sevinməmək mümkün deyil!

Şəhərin bir hissəsini müasir üslubda tikilmiş yaraşıqlı binalar, sakinlərin rahat istirahətləri üçün hər şeylə təmin edilmiş, güllü-çiçəkli həyətlər bəzəyir. Həyətlərdəki oyun meydançaları indi Ağdamın balaca sakinlərinin sevimli əyləncə yerlərinə çevrilib. Ağsaqqallar, ağbirçəklər uzun illər həsrət qaldıqları doğma yurdun təmiz havasından zövq almaq üçün oturacaqlarda əyləşib dərdləşir, ötən günlərini xatırlayır, uşaqların sevinclə oyunlar oynamalarına tamaşa edirlər. Asfalt döşənmiş yeni yollar göz oxşayır. Hətta yollarda ilk işıqforlar quraşdırılıb, küçələr şəhərin baş planına uyğun yeni adlarına qovuşub.

...Məzahir müəllim və həyat yoldaşı Zemfira Əliyeva bizi qarabağlılara məxsus qonaqpərvərliklə, mehribanlıqla qarşıladılar. Söhbət zamanı öyrəndik ki, ömrünün ilk 42 ilini Ağdamda yaşamış M.Əliyev uzun illər ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakıda məskunlaşıb. Orada güzəranlarının necə keçməsindən asılı olmayaraq Ağdamın həsrətini çəkmədikləri bircə gün də olmayıb:

– Azərbaycanın hər yeri əzizdir. Ancaq biz ağdamlılar üçün Ağdam bir başqadır. Doğma yurdumun gözəlliyi, havası, suyu, mehriban dolandığımız qonşularımız, dostlarımız, hətta şəhərin quru küçələri, daşı-qayası da yadıma düşdükcə, kövrəlib ağlayırdım. Çox şükür, möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində 2025-ci il dekabrın 24-də Ağdam həsrətimiz bitdi, biz doğma şəhərimizə qovuşduq! Bu hissi ancaq yaşayanlar bilər. Elə bil ki, cənnətdəyik!

Sözügedən tarix həmsöhbətlərimin işğaldan sonra Ağdama ilk gəlişləri olub. Səbəbini Zemfira xanım belə izah etdi:

– Səhhətimə görə ehtiyat edirdik. Qorxurdum ki, gəlib Ağdamın evlərini televizorda göstərdikləri kimi, yerlə bir edilmiş, tamamilə dağıdılmış görməyə ürəyim tab gətirməz. Gələndə də işğaldan azad edilmiş ərazilərə girəndən Ağdama qədər ağlamışam. Ancaq budəfəki göz yaşlarım sevinc yaşları idi. Bu gün şəhərimiz yenidən qurulur. Get-gedə böyüyür, gözəlləşir. Görün, necə xoşbəxt insanlarıq ki, belə günlərdə Ağdamda yaşamaq bizə qismət oldu! Qohumlar tez-tez zəng edib soruşurlar ki, “necəsiniz, darıxmırsınız orada?”. Deyirəm, nə darıxmaq, biz ən böyük arzumuza çatmışıq. Əksinə, Ağdamdan harasa getsək, bura üçün darıxırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah Prezidentimizi qorusun!

Məzahir müəllim hələ Ağdamda ikən ailə qurub, ev-eşiyindən 3 övladı ilə birlikdə didərgin düşüb. İndi isə geriyə 9 nəvənin, 3 nəticənin babası kimi qayıdıb. Dedi ki, övladları azad yurdumuzda qayğısız yaşayacaqlar. Yeni evlərində yaradılan şərait haqqında da ağızdolusu danışdılar. Həqiqətən, Ağdamda sakinlərin rahat yaşayışları üçün hər şey nəzərə alınıb. Təzə liftdən tutmuş mənzillərin təmirinə, infrastrukturuna qədər bütün görülmüş işlər tərifəlayiqdir.

Dirçələn şəhərin ilk məktəbi

Səfərimizin növbəti ünvanı 1 nömrəli tam orta məktəb oldu. Fəxr ediləsi təhsil ənənələrinə malik, ölkəmizə çoxsaylı elm xadimləri, tanınmış şəxsiyyətlər bəxş etmiş bu təhsil ocağı da uzun illərin “məcburi köçkünlüyünə” vida edib və şəhərin görkəmli yerlərindən birində yeni həyatına başlayıb.

Məktəbin direktoru Günel Vəliyeva bildirdi ki, 960 şagird yerlik təhsil ocağında pedaqoji heyət tam formalaşdırılıb, 2026-cı il fevralın 16-da isə tədrisin bərpası həyata keçirilib. Müəllimlərin seçimi zamanı onların bilik səviyyəsi və sertifikasiya imtahanlarının nəticələri, iş təcrübələri nəzərə alınıb. Hələlik məktəbdə təhsil alanların sayı nəzərdə tutulduğu qədər olmasa da, sakinlər daimi yaşamaq üçün Ağdama köçdükcə şagirdlərin də sayı artır.

Məktəb öz üzərinə yeni Ağdam şəhərində təhsilin ilk qaranquşu kimi şərəfli, həm də “məsuliyyətli inkişaf missiyası” götürüb. Direktor bu missiyanı reallaşdırmağın özü və bütün kollektivi üçün mühüm öhdəlik olduğunu dedi:

– İllərlə xarabalığa çevrilmiş Ağdamın görüntülərini ürək ağrısı ilə izləmişəm. Bu gün isə şəhərimizin dirçəlişinə, külündən yenidən doğulmasına şahidlik edirik. Artıq bütün acı günlər geridə qalıb. Bir direktor kimi vaxtilə bütün Qarabağda məşhur olan 1 nömrəli məktəbin əvvəlki yüksək təhsil səviyyəsinə yüksəlməsi, ənənələrini yaşatması üçün əlimdən gələni edəcəm.

Təhsil ocağında yaradılmış şəraitlə bağlı öyrəndik ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində tikilmiş məktəbin binasında 43 sinif, 16 inzibati otaq mövcuddur. Həmçinin 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzinin, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyalarının, informatika və çağırışaqədərki hazırlıq otaqlarının, kitabxananın, muzeyin, 352 yerlik yeməkxananın fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb.

Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı, iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib. Bir sözlə, geniş, işıqlı, müasir tələblərə cavab verən maddi-texniki bazaya malik məktəb binasında yüksək səviyəli təhsil üçün hər cür imkan var.

Məktəbin müəllimlərindən İlahə Nəcəfova, Qəmər İsmayılova, Vəfa Bayramova Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə işləməyin onlar üçün qürurverici olduğunu bildirdilər. Qeyd etdilər ki, bu gün hər bir azərbaycanlı kimi, ağdamlılar da başlarını dik tuturlar, rahat nəfəs alırlar. Çünki dövlət başçımız həm bütün dünyaya “Qarabağ Azərbaycandır!” bəyanını etdi, həm də Qarabağımızı azad edərək bizə qaytardı. Ona görə də bu torpaqlar bizim üçün daha əziz, daha müqəddəsdir. Müəllimlər qarşılarında duran ən böyük vəzifələrdən birinin də məhz yeni nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək olduğunu vurğuladılar.

Şagirdlərlə də həmsöhbət olduq. Doqquzuncu sinif şagirdi Əli Mehdiyev, 7-ci sinifdə oxuyan Rəsul və Fərid İsmayılzadə qardaşları ailələrinin Ağdama qayıdışının, yeni məktəblərində təhsil almağın onların həyatlarında yaddaqalan anlara çevrildiyini bildirdilər. Ölkənin başqa ərazisində doğulub, ata yurduna ilk dəfə qədəm basmış bu şagirdləri Ağdamda ən çox təsirləndirən ermənilərin törətdikləri dağıntıların, vandallıq aktlarının qalıqları olub. Odur ki, onlar da öz yaxşı oxumaq, gələcəkdə xalqımıza, dövlətimizə layiqli övladlar kimi yetişmək öhdəliklərini yaxşı anlayırlar. Bizə bu öhdəliklərinə sadiq qalacaqlarına söz verdilər.

Yenidən doğma yurdda

Müəllimlərlə, şagirdlərlə sağollaşıb doğma Ağdamına qayıdışının sevincini bölüşmək üçün daha bir ailənin yaşadığı ünvana – 38-ci binaya yollandıq. Ev sahibi Namiq Məmmədov Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ağdamın işğalından sonra ailələri əvvəlcə Sabirabadda müvəqqəti məskunlaşıb, daha sonra iş tapmaq, o çətin vaxtlarda çörək qazanmaq məqsədilə Bakıya üz tutub. Orada ailə qurub, 4 övladı dünyaya gəlib. Özü də, həyat yoldaşı Rumiyyə xanım da, övladları da hər zaman Ağdamı görmək, Ağdama qayıtmaq arzusu ilə yaşayıblar.

Azərbaycanın ədaləti öz gücünə bərqərar etməsi sayəsində Məmmədovlar ailəsinin də arzuları reallığa çevrilib, yanlarında yaşayan 2 övladları ilə birlikdə geriyə - yeni evlərinə köçüblər.

Vətənə qayıdış, təbii olaraq, həyəcansız ötüşməyib. Rumiyyə xanım dedi ki, Ağdamın girəcəyinə, Uzundərəyə çatanda Namiqin keçirdiyi sarsıntını heç vaxt unuda bilmərəm:

– Maşını saxladı, dizlərini yerə qoyub torpağı qucaqladı, öpdü. Özündən asılı olmayaraq içində yaşadığı hissləri qışqıraraq ifadə etməyə başladı. Ağlayırdı, ucadan Allaha şükür edirdi. Bu, sona çatan həsrətimizin harayının, Ağdama qovuşmağın sevincinin ifadəsi idi. Bugünkü xoşbəxtliyimizi isə sözlərlə ifadə etmək mümkün deyil. Hər şeyə görə dövlətimizə, dövlət başçımıza minnətdarıq!

Bir məqamı da qeyd edək ki, Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza qayıdan insanların məşğulluq məsələləri, hər yerdə olduğu kimi, Ağdamda da xüsusi diqqətdə saxlanılır. Ata yurdlarına qısa müddətdir köçmüş Məmmədovlar ailəsinin 20 yaşlı üzvü Aqilin Ağdam Sənaye Parkında işlə təmin edilməsi də məhz bu diqqətin göstəricisidir.

Namiq kişi söhbət əsnasında Ağdamın dünəninin acı həqiqətlərinin və bugünkü dirçəlişinin mənzərəsini görmək, dərindən dərk etmək üçün yeni evlərinin eyvanından görünən mənzərəni izləməyin kifayət olduğunu bildirdi. Maraq naminə birlikdə eyvana çıxdıq. Həqiqətən, müasir yaşayış binalarından yaxınlığında “Qafqazın Xirosiması”nın qalıqları, onun ardınca ermənilərin bütün mənəvi dəyərləri heçə sayaraq dağıtdıqları və Azərbaycanın torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk mərhələdə bərpa etdiyi Cümə məscidi, daha sonra tikilməkdə olan yeni yaşayış kompleksləri, xeyli uzaqlarda isə bütün bunlara şahidlik edən başı qarlı dağlar görünürdü.

Ağdam səfərimizi elə bu təsvirlə yekunlaşdırmaq qərarına gəldik. Çünki burada həm Ağdamın hər zaman xatırlamalı olduğumuz keçmişi, həm də firavan sabahı öz əksini tapıb. Qoca dağlar isə sanki bu gedişatların son nəticələrindən razıymış kimi vüqarla qəddini dikəldib...

Yazını hazırlayan zaman, fevralın 5-də Ağdam şəhərinə daha 346 nəfərdən ibarət 90 ailənin köçürülməsi xəbərinə sevindik. Böyük Qayıdışın davamlı olsun, Ağdam!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam



















Sosial həyat