Sumqayıt qəhrəmanlarının şəhid bacısı

post-img

İki həftə öncə Sumqayıt Şəhidlər xiyabanında uyuyan igidlərimizin məzarları sırasında onların tək bacısı Mehriban Qarayevanın da qəbri yer aldı. İllərdən bəri itkin sayılan bu cəsur qız 1992-ci il iyunun 15-də Ağdərənin Sırxavənd kəndi uğrunda gedən ağır döyüşlərdə yaralanan əsgərləri meydandan çıxararkən düşmənin açdığı atəşdən çoxlu qan itirərək həlak olubmuş.

Həmin ərazi düşmənin nəzarəti altında olduğundan onun meyitini döyüş meydandan çıxara bilməyiblər. 22 yaşında şəhid olan Mehribanın nəşi 34 il sonra Qarabağda aşkarlanandan sonra doğma Sumqayıta gətirilərək torpağa tapşırıldı.

Onun adına ilk dəfə sumqayıtlı yazıçı-publisist Rəna Təbəssümün Böyük Zəfərimizin 5 illiyi münasibətilə işıq üzü görən “Azadlıq yollarında” kitabında rast gəlmişdim. 1992-ci ilin ağır sınaqlı günlərində Vətənin harayını eşidənlərdən biri də Mehriban Arif qızı Qarayeva olmuşdu. Həmkarımız yazıb ki, ürəyində böyük arzuları bu vətənpərvər qızın könüllü olaraq Qarabağa yollanması adi bir yolçuluq deyildi. Bu, torpağa sədaqətlə, millətə sevgi ilə süslənən müqəddəs bağlılığın səssiz and ifadəsi idi.

...Eyni gündə torpaqların müdafiəsi üçün könüllü Qarabağa yola düşməyə hazırlaşan Famil qardaşı Mehribanın bu yola çıxmasına etiraz etdi. O isə Familə “Özün qayıt, çünki sən nişanlısan” deyərək inadından dönmədi. Özünü odun, alovun içinə atdı. Tibb bacısı kimi yaralı əsgərlərə kömək edən Mehribanın 2 ay sonra itkin düşməsi xəbəri alındı.

Məlum oldu ki, tapşırıq əsasında hərbçilərə şəfqət göstərən bu xilas mələyi mayın 4-də Ağdama göndərilib, rayonun müdafiəsində qəhrəmanlıq nümunəsi göstərib. Düz 40 gün sonra isə düşməndən yenicə alınmış Sırxavənddə idi. Nankor qonşuların növbəti qəfil hücumuna yaxalanan bir neçə hərbçi və 19 yerli sakinlə birlikdə şəhadətə ucalaraq cənnətməkan olub.

Mehriban Qarayevanın adı “itkin” kimi səslənsə də, əslində o, heç vaxt yaddaşlardan itib getmədi. Zaman keçdi, fəsillər dəyişdi, amma onun adı yaddaşlardan silinmədi. Çünki Vətən naminə ölümə gedənlərin izi torpağın əbədi yaddaşına yazılır. Nəhayət, illər boyu gözlənilən bir xəbər gəldi, qəlblərdə sönməyən bir ümid şölələndi, dillərin səssiz duaları müstəcəb oldu: Mehribanın nəşinin qalıqları tapıldı və böyük ehtiramla layiq olduğu müqəddəs məkana uğurlandı.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Rəna Təbəssüm daha sonra yazıb ki, Mehriban yaşasaydı, bu ayın 27-də 56 yaşını doğmaları ilə birgə qeyd edəcəkdi. Amma qismət belə imiş və o, elə 22 yaşında qalıb. Sumqayıtın yeganə şəhid qızının dəfn mərasimi təkcə bir vida deyil, həm də gecikmiş bir qayıdışın urvatlı anı idi. Torpaq onu yenidən bağrına basdı, daha rahat yerdə ağuşuna aldı... Üçrəngli dövlət bayrağımızın kölgəsində uyuyan bu cəsur xanımın nümunəsi Azərbaycan qadınının gücünü, mərdanəliyini və Vətənə sonsuz sədaqətini bir daha göstərdi.

Mehriban Qarayevanın əziz xatirəsi təkcə təhsil aldığı Sumqayıt şəhəri 3 nömrəli tam orta və 35 nömrəli peşə liseyində deyil, ölməzliyi ilə əbədi yuva qurduğu qəlblərdə uca tutulur. İllərin dumanı arasından çıxaraq, daha aydın görünən şəhid qızın adı hər zaman xalqın qürur dolu yaddaşında yaşayacaq.

Bacısı Leyla Qurbanovanın dedikləri:

– Mən ana olandan sonra Mehribanın tez-tez yanıma gəldiyini xatırlayıram. Uşağımı qucağından yerə qoymur, öpərək elə hey “Xala qurban” deyirdi. Özü hələ ailə qurmamışdı, buna görə də mehrini bizim uşaqlara salmışdı. Sağ qalsaydı, indi onun da balaları, nəvələri olar, qarşıdan gələn 8 Mart bayramını təbrik edərdilər. Alın yazısı belə imiş.

Təsəllimiz budur ki, artıq yeri məlumdur, ziyarət edir, üstündə ağlayır və eyni zamanda, qürur duyuruq ki, bacımıza şərəfli ölüm qismət olub.

Ötən cümə günü yenə də Sumqayıt Şəhidlər xiyabanına getmişdim. Yenə də onun məzarı önündə dayanıb dualar etdim. Səssiz qəhrəmanlıq, sonsuz sədaqət və müqəddəs qayıdışın simvolu olan Mehriban Qarayevanın şəklinə baxa-baxa özümdən asılı olmayaraq bədahətən bu misraları pıçıldadım:

Yüz şəhidin bir bacısı,
Rahat uyu, pir olmusan.
İgid-igid oğullarla
Burda gəlib bir olmusan...

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat