Gənc rəssamın “Uğura ilk addımı”

post-img

Gürcüstan paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Turanə Süleymanlının “Uğura ilk addımım” adlı ilk fərdi sərgisi açılıb.

Sərginin açılışında ölkəmizin Gür­cüstandakı səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin direktoru Leyla Əliyeva gənc rəssamı təbrik edib, ona yaradıcılıq uğur­ları arzulayıb.

Səfirliyin əməkdaşı Ramiz Hacızadə çıxışında azərbaycanlı gənclərin elmə, incəsənətə və mədəniyyətə marağının artmasını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan dövləti soydaşlarımıza, xüsusən də gənclərin inkişafına xüsu­si diqqət yetirir. Səfirlik də gənclərə hər zaman dəstək olub və yenə də olacaq. Diplomat gənc rəssamı təbrik edib, uğur­lar arzulayıb.

Gürcüstan Azərbaycanlıları Konqre­sinin sədri Hüseyn Yusubov isə deyib ki, son zamanlar azərbaycanlı gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlara göstərilən diqqət və dəstək öz müsbət nəticəsini göstərir. Bu gün gənc rəs­samların sərgisinin təşkili, gənclərimizin idman və bilik yarışlarında qazandıqları uğurlar bunu deməyə əsas verir.

Sərginin təşkili və göstərilən diqqətə görə təşəkkürünü bildirən Turanə Süley­manlının Azərbaycan, Gürcüstan və Tür­kiyə dostluğunu əks etdirən, eləcə də mil­li adət və ənənələrdən bəhs edən əsərləri böyük maraqla qarşılanıb.

XQ



Mədəniyyət