Özbəkistanda beynəlxalq muğam forumu

post-img

UNESCO və İSESCO-nun himayəsi altında Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərindəki “Zaminsoy” kompleksində muğam üzrə II Beynəlxalq forumun açılışı olub. Dörd gün çəkəcək musiqi bayramına dünyanın 80-dən artıq ölkəsindən gələn 400-dən çox nümayəndə qatılıb. 

Açılış mərasiminə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun preziden­ti Aktota Raimkulova, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, UNESCO Baş Konfransının prezidenti xanım Simona Mikulesku, ICESCO-nun baş direktoru Səlim əl-Malik, Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maqsutov, Azərbaycanın mədəniyyət na­ziri Adil Kərimli, Özbəkistanda fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mə­dəniyyət və incəsənət xadimləri, ictima­iyyətin nümayəndələri, jurnalistlər qatılıb. 

Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Konservatoriyanın rekto­ru, Xalq artisti, professor Səyavuş Kəri­mi, prorektor, professor Lalə Hüseyno­va, Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Pa­şazadə, alimlər, gənc ifaçılar var. 

Kompleksin ərazisində Özbəkistanın 14 regionunun adət-ənənələrini, həyat tərzini əks etdirən etnoqrafik şəhərcik-pa­vilyonlar, yerli mədəniyyət və incəsənət nümunələri nümayiş etdirilib. 

Musiqi bayramını Özbəkistan Prezi­denti Şavkat Mirziyoyev açaraq bu mü­nasibətlə tədbir iştirakçılarını təbrik edib, muğam sənətinin ölkənin simvolu oldu­ğunu, özbək xalqının mənəvi həyatında mühüm yer tutduğunu bildirib. Dövlət başçısı deyib ki, müsəlman Şərqində Fə­rabi, Biruni, İbn Sina, Əlişir Nəvai, Babur və digər dahi şəxsiyyətlər muğamın inki­şafına böyük töhfələr verib. XX əsrdə Öz­bəkistanda bu ənənəni Abdurauf Fitrət, Yunus Rəcəbi, muğam ifaçıları–Kamiljon Ataniyazov, Turqun Alimatov, Fəttahxan Mamadaliyev və digərləri davam etdirib. 

Şavkat Mirziyoyev təkrarsız muğam sənətinin UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsinin təsadüfi olmadığını vurğula­yıb. 

UNESCO Baş Konfransının prezi­denti, xanım Simona Mikulesku, ICES­CO-nun baş direktoru Səlim əl-Malik öz çıxışlarında Şərq dünyasında muğam sənətinin əhəmiyyəti haqqında söhbət açıblar. 

Sonra klassik mahnı və rəqslərdən ibarət böyük konsert proqramı təqdim olunub. 

Forum çərçivəsində muğam sənəti ilə bağlı beynəlxalq elmi-nəzəri konfrans, dəyirmi masalar keçiriləcək. Festivalda “Ən yaxşı muğam ansamblı”, “Ən yaxşı instrumental solo ifaçısı”, “Ən yaxşı vokal ifaçısı” nominasiyası üzrə qaliblər müəy­yən ediləcək. Festivalın Beynəlxalq nü­mayəndə heyətinin tərkibində Azərbay­can, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Misir və Özbəkistan nümayən­dələri təmsil olunub. 

Musiqi bayramı iyunun 30-dək davam edəcək. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Özbəkistan

Mədəniyyət