Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Natiq Səlim oğlu Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini mingəçevirlilər böyük sevinclə qarşılayıblar. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər xiyabanında qəhrəmanın xatirəsi ehtiramla yad edilib.
Şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, əmək və müharibə veteranlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun rəmzi məzarı ziyarət olunub.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin sözügedən sərəncamı haqqında məlumat verərək, bunun qəhrəmanlığa əsl qədir-qiymət ifadəsi olduğunu söylədi. Sonra o, Birinci Qarabağ müharibəsi dövründə könüllü olaraq cəbhəyə getmiş Natiq Qasımovun döyüşlərdə böyük şücaət göstərdiyini xatırladıb. Qeyd edib ki, onun qəhrəmanlağı bütün azərbaycanlıların dillər əzbəri olmuşdur.
Bildirildi ki, Rusiyada çıxan “Oqonyok” jurnalının Natiqdən bəhs edən məqaləsi Azərbaycan oğlunun vətənpərvərliyini dünyaya tanıtmışdır. Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən çəkilmiş, rejissoru və ssenari müəllifi Karan Sınqh olan “Oğul” sənədli filmində erməni səhra komandiri Vitali Balasanyan əsir düşmüş Natiqin tanış gəldiyini, lakin xatırlaya bilmədiyini söyləsə də, sonra məlum olub ki, onun dindirilməsində iştirak edibmiş. İtalyan hərbi fotoqrafı Enriko Sarsin də orada olub və sonradan verdiyi müsahibədə Balasanyanın yalanını ifşa edib. Əsl həqiqət isə belə olub ki, Əsgəranda strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirən Natiq təkbaşına 5 gün ac-susuz, gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Ermənilər fitnə işlədərək ona çatdırıblar ki, əgər təslim olmasa, girov götürdükləri 22 Xocalı sakinini öldürəcəklər. O razı olmayıb ki, günahsız xocalılıları güllələsinlər və Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə gedib...
Natiq Qasımov “Qarabağ şahinləri” dəstəsinin tərkibində Əsgəranın, Xanabadın, Xramortun düşmən işğalından qorunması uğrunda gedən döyüşlərdə iştirak edib, rəşadət göstərib, erməni vandallarına qarşı mərdliklə vuruşub. Mərasimdə xüsusi qeyd edilib ki, Natiq kimi oğulların qanı yerdə qalmayıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, şəhidlərimizin ruhu şad olub.
Mərasimdə Natiqin müəllimi Sahibə Rəsulova, Birinci Qarabağ müharibəsi qazisi Əbülfət Babayev, Azərbaycan İES-in təmsilçisi Adil İsmayılov, şəhid anası İranə Həsənova, ictimaiyyət nümayəndəsi İnqilab Şirinli çıxış edərək Natiq Qasımovla bağlı xatirələrindən danışıb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov ölkə Prezidentin göstərdiyi bu diqqətə görə ailəsi adından minnətdarlığını ifadə edib.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir