Məmməd Arif – 120
AMEA Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Elmi məclisdə iştirak edən yubiliyarın ailə üzvləri, Yazıçılar Birliyinin təmsilçiləri, Ədəbiyyat və Folklor institutlarının əməkdaşları və jurnalistlər əvvəlcə akademik Məmməd Arif Dadaşzadənin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Toplantını giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Məmməd Arif Dadaşzadənin mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından bəhs edib, alimin XX əsr Azərbaycan ədəbi-tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olduğunu vurğulayıb.
O, görkəmli elm xadimi Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olduğunu bildirib.
Qeyd edilib ki, Məmməd Arif Dadaşzadə yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası geniş həcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Həmçinin akademik Məmməd Arif Dadaşzadənin “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası Xalq şairi Səməd Vurğunun yaradıcılığının monoqrafik miqyasda öyrənilməsində etibarlı elmi bələdçidir.
Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Ədəbiyyat İnstitutunun yaradılması və təşəkkülündə Məmməd Arif Dadaşzadənin yeri və rolu”, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Cəfər Cabbarlının yaradıcılıq metodu akademik Məmməd Arifin təd-qiqatlarında”, Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Akademik Məmməd Arif Dadaşzadənin ədəbi-tənqidi görüşləri” adlı məruzələrlə çıxış ediblər. Digər çıxış edənlər də ədəbiyyatşünas alimin çoxcəhətli yaradıcılığını müxtəlif aspektlərdən təhlil ediblər.
Sonda Məmməd Arif Dadaşzadənin nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə babasının xatirəsinə göstərilən diqqətə görə AMEA rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
Qabil YUSİFOĞLU
XQ