Mərakeş Krallığının paytaxtı Rabat şəhərində 20-yə yaxın ölkəni təmsil edən 900-ə yaxın ailə və qadın qurumları rəhbərinin qatıldığı I Beynəlxalq Konfrans keçirilib. “Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusuna həsr olunan məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
İki gün davam edən beynəlxalq toplantının nazirlər plenarında çıxış edən Bahar Muradova iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən ailə və sosial məsələlər sahəsində əməkdaşlığın intensivləşdiyini qeyd edib, bu əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi üçün səylərin artırıldığını vurğulayıb. Ötən il Qoşulmama Hərəkatına üzv dövlətlərin Bakıda keçirilən konfransında ölkəmizin təşəbbüsü ilə hərəkatın “Qadın qolu”nun yaradılması barədə bəyannamənin qəbul olunduğunu bildirib. Qayğı iqtisadiyyatının sosial müdafiə çərçivəsində inteqrasiya olunmasının daha inklüviz və ədalətli cəmiyyət qurmağa şərait yaratdığından bəhs edən natiq nəticədə, ehtiyacı olan insanların əlçatan xidmətlərə malik olması və qadınların səlahiyyətləndirilməsi üçün böyük potensial yarandığını əlavə edib. Vurğulayıb ki, regionda sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də məhz işğaldan azad olunmuş ərazilərə qısa zamanda daha çox əhalini qaytarmaq, onların təhlükəsiz yaşamasına və məşğulluğunun təmin olunmasına nail olmaqdır. Məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılması və iqtisadi bacarıqlarının artırılması məqsədilə müvafiq dəstək proqramları həyata keçirilir.
“2022 ‒ 2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası” barədə məlumat verən Azərbaycan təmsilçisi qeyd edib ki, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan əsas hədəflərdən biri sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün yönəldilməsidir. Komitə sədri deyib ki, ölkələrimizdə hərtərəfli qayğı iqtisadiyyatın inkişafını gücləndirmək, ailələrimizin möhkəmliyini qoruyub saxlamaq və bu əsasda qadınlarımızın güclənməsinə nail olmaq üçün “yaşıl” iqtisadiyyatın inkişafına və ekoloji mühitin sağlamlığının qorunub saxlanılmasına çalışmaq lazımdır.
COP29-un bu il Azərbaycanda keçiriləcəyini bildirən Bahar Muradova bu məqsədlə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və qəbul edilmiş fəaliyyət planı üzrə bir çox layihələr icra olunduğunu qeyd edib. Qarşılıqlı təcrübə mübadiləsinin sosial müdafiə sisteminin gücləndirilməsi və bərabərliyi təmin etmək sahəsindəki işə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Z.HÜSEYNOVA
XQ