DSMF-nin 5 aylıq xərcləri – 2,9 milyard manat
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 2,9 faiz və ya 78 milyon manat çox olmaqla 2 milyard 768 milyon manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 292 milyon manat olub. Yanvar–may aylarında DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 347 milyon manat çoxdur.
Yanvar–may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 milyon manat) çox olmaqla 2 milyard 693 milyon manat vəsait yönəldilib. Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Son 5 ayda 18 min 400, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bundan başqa, yanvar–may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 milyard 649 milyon manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 352 milyon manat və ya 11 faiz çoxdur.
Əlillərə 50,8 min bərpa vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–may aylarında əlil şəxsləri 50,8 min reabilitasiya vasitəsi ilə təmin edib.
Onlardan 4 min 100-ü təkərli oturacaq (o cümlədən 139-u mühərrikli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub. Əlillərə 3 min 700 cüt protez və ortopedik ayaqqabı, 37 korset və digər reabilitasiya vasitələri verilib. Bu ilin 5 ayı ərzində, ümumilikdə, 6 min 900 əlil reabilitasiya vasitələri ilə təmin edilib.
15 rayonda reabilitasiya mərkəzi yaradılıb
Sosial Xidmətlər Agentliyinin əlil uşaqlarla bağlı layihəsi çərçivəsində 15 rayonda sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb.
Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Şamaxı, Tərtər, Ağstafa, Qobustan, Balakən, Masallı, Daşkəsən, Bərdə, Yevlax, Saatlı və Göygöl rayonlarında yaradılan bu mərkəzlərdə 18 yaşınadək əlillərə sosial reabilitasiya xidmətləri göstərilir. Həmin uşaqlar və ailələri mərkəzlərdə sosial-psixoloji, ailəyə dəstək və maarifləndirmə xidmətlərindən yararlanırlar.
Layihənin məqsədi əlil uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Layihə çərçivəsində 750 uşağa xidmətlər göstərilməsi nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları
Böyük Qayıdış Proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkilini davam etdirir.
Agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur üzrə növbəti peşə hazırlığı kursları təşkil edilib. Kurslara Laçın şəhəri, rayonun Zabux kəndi və Füzuli rayonunun Horadiz şəhəri üzrə 27 nəfər keçmiş məcburi köçkün cəlb olunub. Həmin şəxslərə kurslarda “proqramla idarə olunan dəzgahların operatoru”, “ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” və “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşələri istiqamətində bilik və bacarıqlar öyrədilir.
Agentlik kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstərəcək.
20 uşaq himayədar ailədə böyüyəcək
Sosial Xidmətlər Agentliyi 5-i oğlan və 15-i qız olmaqla 20 uşağı himayədar ailəyə verib. Onlardan 10-u Bakıda, 10-u rayonlarda (Lənkəran, Cəlilabad, Ağcabədi, Biləsuvar, Zaqatala, Gəncə, Göyçay, Şamaxı, Xaçmaz) yaşayan himayədar ailədir.
Himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlil üçün 395 manat), 7–13 yaş arası uşağa görə 375 manat (əlil üçün 415 manat), 14–18 yaş arası uşağa görə 395 manat (əlil üçün 435 manat) aylıq müavinət verilir. Bundan başqa, mövsümi geyim üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.
Z.BƏŞİRQIZI
XQ