Süni arıqlama isə bir çox fəsada səbəb olur
Vaxtilə insanlar, xüsusilə də xanımlar bir-biri ilə görüşəndə “yaxşılaşmısan, maşallah, ətə-qana dolmusan”– deyirdilər. İllər keçdi, zəmanə dolandı. Bunun fonunda görünüşə münasibət də dəyişdi, “arıq” olmaq dəbə mindi. Yerli-yersiz hamı arıqlama marafonuna qoşuldu.
Bu yolda xüsusi arıqlama pəhrizi ilə sosial şəbəkələrdə məsləhət verənlər, müxtəlif dərmanlarla çəki azaltma reseptləri təklif edən firmalar peyda oldular. Professional həkimlərin məsləhəti ilə mədəkiçiltmə, daxilə balon yerləşdirmə kimi əməliyyatlara məruz qalıb gözlənilən nəticəni alanlar da oldu, törənən fəsaddan həyatını itirənlər də... Eyni zamanda, “bəh-bəh”lə tövsiyə olunan arıqlama dərmanlarından nəticə əldə etməyənlərin paylaşımları da diqqət çəkdi.
Görəsən, çəki vermək üçün sadə və zərərsiz üsul varmı? Bu məqsədlə qəbul edilən dərmanların orqanizmə hansı mənfi təsiri və fəsadları var? İnsan sağlam qidalanmaq, düzgün həyat tərzinə əməl etməkdənsə, niyə hər gördüyündən və qədərindən artıq yeyir, fəal həyat tərzi keçirmir, hərəkətsiz olur? Xeyli kökələndən, piylənəndən sonra yaranan sağlıq problemlərini həll etmək üçün isə həmin artıq çəkidən xilas olmaq kimi bir müşküllə üz-üzə qalır. Bu suallarla Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyevə üz tutduq.
– Professor, cəmiyyət göz önündə, zərif görünmək istəyənlərin sayı çox... Söz sizindir. Reklamı güclü olan bu dərmanlar piylənməni aradan qaldırırmı?
– Arıqlamaq məqsədilə nəzarətsiz dərman qəbulunun ağır fəsad törətməsi və ölümə səbəb ola bilməsi məlum həqiqətdir. Odur ki, bu məqsədlə istifadə olunan dərmanların orqanizmə təsirinin bir çox qaranlıq məqamlarının işıqlandırılması zəruridir. “Xalq qəzeti”nin bu məsələyə diqqət yetirməsi təqdirəlayiqdir.
Əsasında 90 faiz baş beyində özünənəzarət və tənqid mexaniziminin supressiyası duran kökəlmə (piylənmə), hipotalamusun ön-orta və yan nüvəsi (toxluq və aclıq mərkəzi) arasında əlaqə və tənzim mexanizminin pozulması nəticəsində baş verir. Bu halın mərkəzi mexanizmlərin disfunksiyası ilə bağlılığını, artıq çəkidən əziyyət çəkən şəxsə yemək yeyərkən “çox yemə, sənə olmaz” – dedikdə, daha çox yeməsi, aqressivləşməsi və sair dəyişik halını, adi, vizual müşahidə də bir daha təsdiq edir.
Odur ki, irsi və ya hormonal faktorla bağlı məhdud nisbətdə (təxminən 5 faiz) meydana çıxan piylənmə və ya çəki artıqlığı istisna edilməklə, effektiv müalicə, yalnız mərkəzi tənzim mexanizmlərin disbalansının farmakoloji korreksiyası istiqamətində aparılan terapiyadır. Başqa sözlə, hazırda tövsiyə, təbliğ və istifadə olunan, sayı gündən-günə həndəsi silsilə ilə artan preparatlar və qida əlavələri piylənmə və ya artıq çəkinin qarşısının alınmasında əsas müalicə vasitəsi deyildir.
Diqqət edin: arıqlamaq üçün tövsiyə olunan preparatlar, ya anoreksigen (iştahı azaltmaq), ya piyi əritmək və ya sorulmasının qarşısını almaq, ya işlədici, ya da sidikqovucu təsir göstərməklə, bu prosesi təmin edir. Bu qruplardan olan hər bir potensial aktiv preparat təkrari və nəzarətsiz qəbulda cox ciddi fəsadlara yol aça, hətta insan ölümünə səbəb ola bilər.
– İnsanlar hansı dərmanların daha zərərli olduğunu necə bilsinlər? Bu dərmanlar hansılardır?
– İştahı azaldan dərmanların əsas tərkib komponenti subutramindır. Baş beyində aclığa həssas strukturları süstləşdirməklə, iştahı azaldır və tədricən mədə həcminin kiçilməsinə səbəb olur. Lakin preparat fenilalkilamin (amfetamin) törəməsi olduğuna görə ürək fəaliyyəti və ruhi sferada ciddi pozğunluq törədə, hətta psixoza səbəb ola bilir. Müalicə kursu fəsadsız başa çatsa belə, sonrakı dövrdə iştaha nəzarət hissi aradan qalxır. Bu isə, orqanizmin daha güclü çəki artmasına səbəb olur.
İkinci qrup piyi əridən preparatların (məsələn: L-Karnitin, LipoCens və s.) təsiri yağların parçalanmasını sürətləndirməklə əlaqədardır. Adi halda orqanizm artıq piyi təbii yolla kənarlaşdıraraq yağın balans nisbətini özü tənzim edir. Piyi əridən preparatlar isə orqanizmə daxil olan bütün lipidləri parçalayır. Bu hal qeyri-orqanik lipolizin sürətlənməsinin nəticəsi olduğundan periferik qanda qliserin və sərbəst yağ turşularının kəskin artımına səbəb olur. Bu da insulunə rezistentlik, ürəyin kəskin işemik xəstəliyi, pankreatit, hətta peroksisomal pozğunluqlar kimi çox qorxulu irsi patologiyaya səbəb ola bilər.
Yağların mənimsənilməsinin qarşısını alan 3-cü qrup preparatlar (məsələn: Orlistat, Ksenikol və s.) digər zəruri qida maddələrinin sorulmasının da qarşısını alır. Uzunmüddətli qəbulda bu hal orqanizmin tükənməsinə səbəb olur. Qəflətən və kəskin klinik əlamətlərlə meydana çıxan tükənmə halı, adətən, dərman müdaxiləsinə belə dözümlülük göstərərək faciə ilə sona çatır.
Digər qrupa aid edilən diuretiklər (sidikqovucu dərman maddələri) piy toxumasına birbaşa təsir göstərmir. Yalnız lipid hüceyrələri və toxumalardan suyu kənarlaşdırmaqla çəkini azaldır. Bu zaman su ilə birlikdə orqanizmdən həm də minerallar (kalsium, kalium, natrium və s.) da xaric olur ki, bu da ağır nəticələrə səbəb ola bilər. Müalicə kursu uğurla başa çatsa belə, pozulmuş su balansı sürətlə bərpa olunur və xəstə müalicədən öncəki çəkisinə qayıdır.
Arıqlamaq məqsədilə istifadə olunan işlədicilər üzərində xüsusi olaraq dayanmaq istəmirəm. Çünki diareyanın (ishalın) törətdiyi su itkisinin həyat üçün son dərəcədə təhlükəli olması hamıya məlumdur.
Bundan başqa, sellyuloza və nişasta (kraxmal) tərkibli dərmanların daha təhlükəsiz preparat kimi dəyərləndirilməsi də sırf marketinq maraqlara xidmət edir. Çünki onların qəbulu və istifadəsinə qeyri-elmi yanaşma orqanizmdə vitamin və mineral çatışmazlığı kimi çox ciddi pozğunluğa səbəb ola bilir.
– Bəs bioloji fəal qida əlavələri – BAD-lar barədə nə deyə bilərsiniz?
– Bioloji aktiv qida əlavələrinə gəlincə, çəkini azaltmaq üçün istifadəyə hazırda BAD sırasının 134 nümayəndəsi tövsiyə olunur. Bildirirəm ki, qida əlavələri dərman preparatı deyildir, onların klinik tədqiqatları aparılmayıb. Bu səbəbdən orqanizmə müsbət və ya mənfi təsiri haqqında elmi məlumat yoxdur. Odur ki, müvafiq məqsədlə onların sərbəst və ya dərman preparatları ilə birlikdə istifadəsinə yol verilməməlidir. Təbii ki, bu maddələrin sayının fantastik dərəcədə çox olması da yalnız və yalnız marketinq maraqlarına xidmət edir.
Son illər ABŞ-də arıqlamaq məqsədilə 4 preparatın tövsiyə olunduğu və bunlardan ən təsirli və təhlükəsizinin semaqlutid olduğu bildirilir. Bu preparat “yeni dərman” statusunu 2018-ci il fevral ayının 8-də alıb. Mərkəzi qlyukonabənzər reseptorları oyadaraq aclıq siqnallarını süstləşdirmək, toxluq siqnallarını stimulə etməklə təsir göstərir. Siqnal impulslarının ötürülməsində solitar trakt nüvəsi həlledici rol oynadığından istər semaqlutid, istərsə də analoqların təkrar qəbulda tənəffüs və qan damar mərkəzinə təsiri haqqında vahid protokol məlumatı olmadığı üçün (hazırda bu preparatın müvafiq mədsədlə III mərhələ klinik sınaqları davam etdirilir) onların bu məqsədlə geniş praktik istifadəsi arzuolunmaz və yolverilməzdir.
– Son illərdə tez-tez rastlaşdığımız mədəkiçiltmə əməliyyatına münasibətiniz necədir?
– Orqanlara hər hansı cərrahi müdaxiləni həyati göstəriş, zərurət olmadıqca doğru hesab etmirəm. Bariatrik cərrahiyə ilə bağlı da fikir bildirmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, boğazdakı badamcıqların (artıq ət deyirlər) da, ayağımızdakı ən kiçik barmağın da orqanizmdə öz funksiyası var. Allah heç nəyi təsadüfi yaratmayıb.
O ki qaldı mədəkiçiltmə əməliyyatına, kimlərəsə toxunsa da, deyim ki, mənim amalım günü-gündən cavanlaşan və kütləviləşən ölümlərə səbəb olan risk faktorları ilə bağlı xalqımızı məlumatlandırmaqdır. Bu əməliyyatla bağlı yalnız onu deyə bilərəm ki, mədənin bütün – cismi, kardial və pilorik – hissələrində yerləşən hüceyrələrin hər biri həyati əhəmiyyətli bir-birindən fərqli funksiyalar icra edir. Bu hissələrdən birinə toxunmaq, yaxud onu kəsib götürmək hüceyrələrarası funksiyaları yox etmək deməkdir.
– Son olaraq insanlara nə tövsiyə edərdiniz?
– İnsanlar tövsiyələrə diqqət etsəydilər, sağlıq problemləri bu qədər çox olmazdı. Amma bir mütəxəssis olaraq onu deyə bilərəm ki, hazırda dünya əhalisinin 20 faizindən çoxu piylənmə, 43 faizə qədəri isə, çəki artıqlığı kimi ciddi xəstəlik və qəfləti ölümlərdə risk faktoru sayılan vəziyyətdən əziyyət çəkir. Sağlam həyat tərzi, düzgün qidalanmaq insanın sağlam yaşamasının 1-ci şərtidir. Buna əməl etməyəndə piylənmənin və çəki artımının olması qaçılmazdır. Bundan sonra məcburən çox vaxt dərmanlarla müdaxiləyə zərurət yaranır. Belə halda piylənmə və ya çəki artıqlığının səbəbi əsas götürülməklə mütləq şəkildə yüksək ixtisaslı mütəxəssis həkimin tövsiyəsi, nəzarəti və təyinatı əsasında dərman müalicəsi aparılmalıdır.
İnsan, hər şeydən öncə, sağlamlığının qeydinə qalmalıdır. Hər kəs sağlam həyat tərzinə keçməli, hər gün müəyyən məsafəyə yürüş etməli və qidasına diqqət etməlidir.
Zərifə HÜSEYNOVA
XQ