Hidayət Elvüsal – 75
Azərbaycan Mətbuat Şurasında veteran jurnalist, tanınmış satirik publisist Hidayət Elvüsalın anadan olmasının 75 illiyi münasibətilə yubiley toplantısı keçirildi.
Mərasimi giriş sözü ilə açan AMŞ sədri Rəşad Məcid yubilyarın yarım əsr jurnalistikada keçmiş ömür yolundan söz açaraq onun çağdaş mediamızda qələmi ilə populyarlıq qazanmış peşəkar yazarlardan biri olduğunu vurğuladı. Qurum rəhbəri xatırlatdı ki, 1949-cu ilin bu vədələrində Kəlbəcərin sazlı-sözlü mühitində anadan olmuş Hidayət Elvüsal erkən yaşlarından söz yaradıcılığına maraq göstərib. Şeir və hekayələri ilə rayonun ədəbi aləmində ilk addımlarını atan gənc yazar orta məktəbdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Ali təhsilli jurnalist doğma rayona qayıdaraq Kəlbəcərdə çıxan “Yenilik” qəzetində, yerli radio verilişləri redaksiyasında çalışıb, mərkəzi media ilə də sıx əməkdaşlıq edib. Böyük həyat və yaradıcılıq təcrübəsi toplamış yazar paytaxta köçəndən sonra “Azərbaycan gəncləri”, “Xalq qəzeti”, “Səhər”, “Ədalət” qəzetlərində müxbir, şöbə müdiri, baş redaktor müavini vəzifələrində çalışıb, “Kriminal” qəzetinə rəhbrlik edib. Müxtəlif mövzulu və janrlı publisistik yazılarla yanaşı, “Belə-belə işlər” rubrikasında çap etdirdiyi silsilə satirik yazılar da Hidayət Elvüsala məşhurluq gətirib. Son illərdə yazdığı mahnı mətnləri və bəstələdiyi musiqilər yetkin jurnalisti qəlbində melodiyalar çağlayan nəğməkar kimi də tanıdıb.
Rəşad Məcid çoxillik səmərəli fəaliyyətinə görə və anadan olmasının 75 illiyi münasibətilə AMŞ-nin yubiley plaketini Hidayət Elvüsala təqdim etdi.
AMŞ Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu keçmiş iş yoldaşını veteran jurnalistlər və çalışdığı kollektiv adından səmimi təbrik etdi, yubiliyra möhkəm cansağlığı və yeni uğurlar arzuladı. O bildirdi ki, ustad jurnalistlərimiz, söz zərgərləri arasında ciddi xarakteri və bənzərsiz yaradıcılıq üslubu ilə seçilən Hidayət Elvüsalın dövrün salnamə vərəqlərinə çevrilmiş yaradlcılıq nümunələrinin toplanıb çap edilməsi publisistika kitabxanamızı daha da zənginləşdirər, yeni nəsil jurnalistlər üçün əlavə təcrübə mənbəyi olardı.
“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, yubiliyarın tələbəlik və iş yoldaşlarından dövlət qulluğu veteranı İsrafil Qurbanov, tanınmış türkoloq Əli Şamil, yazıçı-publisist Akif Cabbarlı, Əməkdar jurnalistlər Rəhim Hüseynzadə, Adil Cəmil, “Elm və həyat” jurnalının məsul katibi Maral Poladova, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, media meneceri Svetlana Şıxəliyeva və başqaları Hidayət Elvüsalı səmimi təbrik etdilər, onun yurdsevərliyindən, dostluğa sadiqliyindən, mərd xarakterindən, özünəməxsus dəst-xəttindən sevgi-sayğı ilə söz açdılar, səhhətində yaranmış problemin tezliklə aradan qalxmasını arzu etdilər.
Sonda Hidayət Elvüsal əməyinə verilən qiymətə, söylənilən xoş sözlərə görə təşəkkürünü bildirdi, doğma Kəlbəcərinin azadlığa qovuşması və sürətlə bərpa edilməsinin ona mənəvi rahatlıq və yeni yaradıcılıq əhvalı gətirdiyini söylədi.
T.RÜSTƏMLİ
XQ