32 il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Zeynalov Ucar Fidail oğlunun Bakı şəhərində I Şəhidlər xiyabanında naməlum əsgər kimi dəfn edilmiş nəşinin qalıqları Göygöl rayonuna, doğulduğu Pənahlılar kəndinə gətirilib və şəhidlə vida mərasimi keçirilib.
Daha sonra şəhid Ucar Zeynalovun nəşi Pənahlılar kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev şəhidimizin ailə üzvlərinə bir daha baş sağlığı verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. Mərasimdə şəhidimizin tabutu üzərindəki Azərbaycan Respublikasının üçrəngli bayrağı şəhidin ailəsinə təqdim edilib.
Qeyd edək ki, şəhid Zeynalov Ucar Fidail oğlu 7 mart 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. 1980-ciildə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib Göygöl Peşə Məktəbinə daxil olmuşdur. 1992-ci ildə sözügedən təhsil ocağını bitirmişdir. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Zeynalov Ucar Fidail oğlu Birinci Qarabağ müharibəsində, 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Aterk kəndində gedən döyüşlərdə həlak olmuşdur. Ucar Zeynalovun meyidi tanınmadığı üçün Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başcısının 26 mart 1997-ci il tarixli 65 saylı Sərəncamı ilə ona şəhid statusu verilmişdir. 2024-cü ilin əvvəlində şəhidin meyidi DNK edilərək aşkar edilmişdir. Subay idi.
Allah rəhmət eləsin.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, Göygöl rayonu