Vətənin qıraqda qalan yeri – Qabal kəndi

post-img

Soydaşlarımızın qədim zamanlardan ya­şadıqları məskənlərdən biri də 300-dən çox yaşı olan Qabal kəndidir. Bu ərazi tarixən Qabal mahalı adlanıb. Hazırda Gürcüstanın Laqodexi Bələdiyyəsinin ərazisində yerləşir. Kənddə 17 mindən çox azərbaycanlı yaşayır. Qabal yaşı­na, ərazisinə və əhalisinin sayına görə bölgədə ən böyük Azərbaycan kəndidir. Qabal kəndində, ümumilikdə, 5 min ev var. Qabal ərazi vahidliyinə Uzuntala, Gəncəli, Qaracala kəndləri də daxildir. Bu kəndlərin əhalisinin əsas məşğuliy­yəti əkinçilik, ticarət və maldarlıqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Laqodexi rayonuna səfəri zamanı keçirdiyi görüşdə Azərbaycan dövlətinin Gürcüs­tanda yaşayan soydaşlarımızın cəmiyyətə inteqra­siyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən söz açıb. Yerli ziyalılar Kaxeti bölgəsində azərbaycanlıla­rın mədəniyyət mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.

Dövlət Komitəsinin dəstəyi və layihələri çər­çivəsində Qabal İnkişaf Mərkəzi fəaliyyətə başla­yıb. Mərkəzin direktoru, kikboksinq üzrə dünya çempionu Yavər Məmmədov bildirib ki, Qabal­da 3 doqquzillik və 2 tam orta məktəb fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 1500-ə yaxın şagird təhsil alır. Daha 1200 nəfər isə gürcü məktəblə­rində oxuyur. Hazırda mərkəzdə Azərbaycan və gürcü dillərində pulsuz kurslar fəaliyyət göstərir, uşaq və yeniyetmələrə saz sənətinin sirləri öyrə­dilir. Yaxın zamanlarda mərkəzdə Futbol Akade­miyasının, milli musiqimizin, rəqslərimizin gənc nəslə öyrədilməsi üçün dərnəklərin açılması da nəzərdə tutulub.

Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova XQ-yə bildirdi ki, təhsil ocağı fəaliyyətə başladıq­dan sonra Azərbaycan məktəblərində təhsil alan şagirdlərin gürcü dili kurslarına maraqları daha da artıb. Qabalda gənclərin milli ənənələrimizi yaşat­ması üçün geniş imkanlar yaradılıb.

Sosial həyat