Aktyorun intellektual səviyyəsi yüksək olmalıdır

post-img

XIX əsrin ikinci yarısında maarifçi ziyalıların zəkası və zəhməti sayəsində təşəkkül tapmış Azər­baycan teatrı bu gün həmin yolun davamçısı olan aydınların çiynində yoluna davam edir. Əks-təq­dirdə nə teatr, nə də sənətin digər sahələri nəsildən-nəslə ötürülərdi. İşıq qaranlığı aydınlatdığı kimi sənət fədailəri də həyatımızın kölgəli məqamlarına ayna tuturlar.

Budəfəki müsahibimiz sənətin yükünü çiyin­lərində daşıyan, onu gələcək nəsillərə ötürmək missiyasını özünə şərəf sayan bir sənətkar – Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Məmmədsəfa Qasımovla professoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görüş­dük. 

– Bir vaxtlar təhsil aldığınız Mədəniyyət və İncəsənət Universitetində indi dərs deyirsiniz. Maraqlıdır, aktyor tələbəlik dövründə daha çox öyrənir, yoxsa öyrədəndə?

– İndi daha çox öyrənirəm, çünki gənc yaşla­rında insan bir az səhlənkar olur, əziyyətə qatlaş­maq istəmir. Yaş öz sözünü deyir, tay-tuşlarının təsiri altına tez düşürsən. İndi öyrənmək yanğısı daha böyükdür, gənclik illərinin də hayfını indi özündən alırsan. 

– Məmmədsəfa müəllim, gəlin əvvəlcə özü­nüzü əziyyətə salmaq istəmədiyiniz illərə, Şab­ran mədəniyyət evindən başlayan, teatr səh­nəsinə, kinolentlərə, universitet auditoriyasına və Xalq artisti fəxri adına qədər yüksələn həyat yolunuza qısa ekskurs edək. İndiki məqama gəlib çıxmağınız xoş təsadüfdür, yoxsa taleyin gərdişi? 

– Təbii ki, bu, düşünərək gəldiyim yoldur. Amma bilsəydim ki, bu qədər çətin olacaq bəlkə də tərəddüd edərdim. Aktyor sənəti insandan çox böyük iradə, enerji, səbir və digər keyfiyyət­lər tələb edir. Amma artıq gecdir. Peşəmi çox se­virəm, sənətimə bərk bağlıyam, ona görə də nə geriyə, nə də qaçmağa yol yoxdur.

– Dediniz ki, aktyor sənəti başqa keyfiyyət­lər də tələb edir. Onlar hansılardır?

– Birincisi, normal insani münasibət olmalıdır. Yəni, söhbət ətrafdakı insanlara, həmkarlarına sevgi ilə yanaşmadan gedir. Bunun üçün intellek­tual səviyyən yüksək olmalıdır. Daim mütaliə et­məli, klassik və müasir, yerli və xarici ədəbiyyata bələd olmalısan. Fiziki hazırlığın öz yerində və bir də şans. Bu mənada özümü bəxtəvər sayıram. Şansım gətirib, ona görə ki, qayğıkeş müəllimlə­rim olub. İlk təhsilimi Kitabxanaçılıq Texnikumu­nun mədəni-maarif fakültəsində almışam. Orada müəllimim Əfrasiyab Məmmədov idi. 

– Texnikumu bitirəndən sonra bir müddət Şabran mədəniyyət evində işləmisiniz...

– Bəli, Mədəniyyət evinin müdiri olmuşam. Sonra Bakıda İncəsənət Universitetinə qəbul olundum. Orada Fuad Hacıyev, Zəminə Hacıyeva, Nəsib Sadıqzadə, Faiq Zöhrabov, Hüseynağa Hü­seynov kimi sənətkarlardan dərs almışam. Səhnə danışığını Mikayıl Mirzədən öyrənmişəm. Əksəriy­yəti dünyasını dəyişib. 

Ən cəfakeş müəllimim isə Vaqif İbrahimoğlu olub. Vaqif müəllim ensiklopediya idi, ondan çox şey öyrəndik. 1990-cı ilə qədər Tədris Teatrında, sonra Musiqili Teatrda onun yanında işləmişəm. Bir müddət sonra Akademik Milli Dram Teatrı­nın kiçik səhnəsində yığışdıq. “Yuğ” Teatrı orada formalaşdı, sonra dövlət statusu aldı. Bu gün ən ağrılı yerim “Yuğ” Dövlət Teatrının öz binasının olmamasıdır. Doğma teatrım yuvasız qalıb. Sağ olsun Dövlət Kukla Teatrının direktoru Rəşad Əh­mədzadə ki, bizə şərait yaradıb. Ondan doğma münasibət görürük. Amma onların yerlərini dar etmişik. Məşq otaqlarını bizə səhnə kimi veriblər. Orada məşq edirik, tamaşa oynayırıq. İnanın ki, projektorların işığı adamın beynini deşir. Dəfələrlə tamaşa zamanı çıxıb qaçmaq istəmişəm. Hava­sızlıq, darısqallıq, aktyorların və 50 tamaşaçının nəfəsinin ağırlığı adamı boğur. Tamaşaçı da əziy­yət çəkir, aktyor da. Bu şəraitdə işləyirik. Yəqin ki, problem həll olunar, dövlət teatrına paytaxtda mü­nasib bir bina tapılar. 

– 1991-ci ildən, yəni yarandığı gündən “Yuğ” Teatrındasınız. Bizə elə gəlir ki, bu sənət ocağına bağlılığınızın arxasında ustadın ruhu­na ehtiram dayanır...

– Biz teatrımızı sevirik, bütün varlığımızla ona bağlıyıq. Çünki bizi sənətə, o teatra bağlayan müəl­limimiz olub. Onun ruhu bizimlədir. Müəllim yalnız bizim itkimiz deyil, aktyor, rejissor sənətinin, tər­cümə sektorunun, kinomuzun itkisidir. Vaqif İbra­himoğlu teatrda kino üçün də aktyorlar yetişdirirdi. Bir dəfə məni qısnadı divara ki, niyə mən dediyimi qoyub, öz bildiyini edirsən? Dedim, müəllim, mən hələ “Yuğ”un poetikası ilə bağlı axtarışdayam, özüm üçün yerbəyer etməkdəyəm. Artıq uzun illər keçib, yaşımızın o çağındayıq ki, “Yuğ” bizim üçün qiymətlidir. Mənim üçün isə bu teatr iri plandır. 

– Hərdən adama elə gəlir ki, “Yuğ”un este­tikasını orada işləyənlərin hamısı mənimsəyə bilməyib. Vaqif müəllimin yoxluğunda, bu, hiss olunurmu? 

– Bu, təbiidir. Teatrı yaradanın duyduğunu onun qədər heç kim hiss edə bilməz. Əsas odur ki, biz necə var olduğumuzu fərd kimi anlayaq. Buna uzun vaxt lazımdır. Vaqif İbrahimoğlu özündəkinin hamısını bizə ötürə bilmədi, çox şeyləri özü ilə apardı. Amma bəzi şeylər verdi, bu gün onun ver­diklərinin üzərindən davam edirik. Aktyor sənəti amansızdır, onu dərk etməyə bir ömür bəs eləmir. 

– İlk rolunuz Tədris Teatrında Vaqif İbrahimoğlunun hazırladığı Mirzə Fətəli Axun­dovun "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərinin tamaşasında Şahbaz bəy olub. Son­ra Otello, Şah İsmayıl, Füzuli, Qorqud və sair. Hələlik sonuncu “21:15 qatarı” tamaşasındakı kişi obrazına qədər. O qalereyanın içində oy­namaq istədiklərinizin hamısı var?

– Deməzdim, istədiklərimi oynamışam. Heç vaxt oynamaq istədiyim konkret obraz olmayıb. Canlandırdığım obrazlar özləri məni tapıb, qismə­timə düşüb. Biz də bacardığımız formada işimizi ortaya qoymuşuq. Onlar hələ hamısı deyil, oyna­yacağım rollar qabaqdadır. 

– Onların içində Akademik Milli Dram Teat­rının səhnəsində Azərpaşa Nemətovun qurulu­şunda “Şah Qacar” tamaşasında oynadığınız Kərim Zənd rolunun yeri tamam fərqlidir...

– Allah Azər müəllimə də, Şah Qacarı oynayan Fuad Poladova da rəhmət eləsin. O obrazın mə­nim üçün xüsusi yeri var. 

– Nədənsə səhnədə lirik – sentimental ob­razınızı xatırlamıram.

– Bu, yalnız bizdə deyil, bütün dünyada belə bir tendensiya var. Aktyoru birinci hansı obrazda görürlərsə, o cür rollara dəvət edirlər. Əziyyət çə­kib başqa obrazlarda sınamırlar ki, fərqli tərəflə­rini, istedadını üzə çıxarsın. Düşünürəm ki, mən lirik obraz da oynaya bilərəm. Necə ki, Vaqif İbra­himoğlunun quruluşunda “Boy çiçəyi” tamaşasın­da Həsənzadəni oynamışam. 

– Kinoda da maraqlı obrazlarınız var. Düz­dür, filmdə rolunuz azdır, amma çəkildikləriniz yaddaşlarda qalıb. Məsələn, “Dolu”. Geniş ya­yılmasa belə, “Köpək”, “Ovsunçu”, “Sübhün səfiri” və sair. Filmoqrafiyanız özünüzü qane edir?

– Hələ istədiyim qədər deyil. Kino ilə teatrı bir-birindən ayırmıram. İkisi də sənətimdir. Əlbət­tə, hər biri fərqli yanaşma, münasibət tələb edir. İnşallah, çəkiləcəyimiz filmlər qabaqdadır. Kinoda ilk addımımı Tofiq Tağızadənin “Köpək” filmi ilə atmışam. Tanınmış sənətkarlarla eyni filmdə çə­kilmək mənimçün böyük təcrübə idi. Bu mənada indiki tələbələr çox şanslıdır. Telefonla da özlərini çəkib ona baxa bilirlər, düzəliş edirlər. Aktyor əv­vəlcə ekranda özünü tanımalıdır, səsini eşitməli, müşahidə aparmalıdır. Təcrübə böyük məktəbdir. 

– Aktyor, rejissor, sənət adamı yetişdirən universitetdə kafedra müdiri, professorsunuz. Sizcə, bu sahədə nə çatışmır?

– Universitet istedad vermir, onun funksiyası istiqamət, yol göstərməkdir. Konkret səhnə danı­şığı kafedrası tələbənin qarşısında 4 il müddətin­də müəyyən şərt və qaydalar qoyur. Sən onları mənimsəməlisən. Fərdi yanaşma çox önəmlidir. Tələbə fiziki hazırlığı, nitqi üzərində işləməlidir. Aktyor sənəti söz və göz üzərindədir. Göz sözü, söz gözü əvəz edir. Burada kim özünü tapacaqsa, həyatı onun üzərində bərqərar olacaq. 

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Müsahibə