Vətənin məğrur şəhid anaları

post-img

Qadın həmişə müqəddəs sayılıb və adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə həkk edilib. 44 günlük İkinci Qarabağ müharibəsində yüzlərlə şəhid versək də, müqəddəs torpaqlarımıza qovuşmaq Azərbaycan anasının da arzusu olub. Azərbaycan qadınının o mətinliyini, təmkinini, ağbirçəkliyini şəhidlərini qarşılayanda, son mənzilə yola salanda da gördük. Oğul itirmiş analarla görüşəndə, bir şəhidin dəfnində işirak edəndə onların qüruruna, dözümlüyünə sonsuz dərəcədə həsəd aparmışıq. Hamısı bir ağızdan: Vətən sağ olsun, deyib!

Hamımızın anladığı bir məqam var: şəhid valideyni, xüsusilə şəhid anası olmaq çox çətindir. Olduqca çətin! Vətən müharibəsini, xüsusilə Şuşa azad olunandan sonra bu şəhərin necə alınması haqqında məlumatları maraqla izləyirdik. Alınmaz qala saydığımız Şuşaya dişi-dırnağı ilə cığır açan oğulları, məhz bu analar gətirib dünyaya! Bəli, bu Ana Vətəni, torpağını sevənlərin qəhrəmanlığı idi. Onların qarşısında diz çökməyə, qırışlı alınlarından, qabarlı əllərindən öpməyə dəyər!..

Şəhid anaları “Oğlum Vətən, torpaq uğrunda şəhid oldu” deyə danışarkən səslərində həm nisgil, həm də böyük bir fəxarət hiss olunur. Bu analar üçün şəhidlik yalnız itki deyil, həm də müqəddəs bir amalın yerinə yetirilməsidir.

Bir vaxtlar oğlunu qucaqlayan əllər, indi şəkillərini oxşayır. Divardan boylanan gənc sima ilə güzgüdəki ağsaçlı ana arasında illər yox, bir ayrılıq dayanır. O ayrılıq ki, nə sözlə ifadə olunur, nə də zamanla azalır. Beşik başında layla deyən dillər, illər sonra övladının tabutuna ağı dedi. O tabut ki, üzərində dalğalanan üçrəngli bayraq bir millətin namusunu, ananın isə həm dərdini, həm də qürurunu qucaqladı. Ana ürəyi yanar, amma sınmaz. Şəhid analarının baxışlarında qəribə bir işıq var. O işıq nə tam sevincdir, nə də kədər. O işıq Vətən sevgisinin alovudur.

Müharibə yenicə bitmişdi. Həmin dövrdə yaddaşıma dərin həkk olunmuş şəhid anaları ilə bağlı bir neçə məqamı xatırlamaq yerinə düşər. Müharibənin ilk günlərində şəhid oğlunun tabutunu gətirən əsgərlərə ananın ilk sualı: “Şuşanı nə vaxt alırsınız?..”. Bu sual qarşısında nə deyib, nə cavab verəsən? Əhsən, min əhsən belə analara! Dünyaya elə qəhrəman, igid gətirmiş oğulların da anaları qəhrəman olurmuşlar.

Vətən müharibəsində yeganə oğlunu itirən, “Şəhadətin mübarək olsun, oğul!” deyən şəhid anasının mətanəti qarşısında da susduq. Deməyə söz tapmadıq. Oğlu Cavidin tabutunu qarşılayan ana, Yardımlı rayonunun Əsədabad kənd sakini Səkinə Sahratova bildirirdi ki, mən oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib: “Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım”.

Xocavənddə mina terror aktı nəticəsində şəhid olan polis Seymur Mahmudovun hər gün məzarını ziyarət edən anası Gülnarə Mahmudova bildirirdi ki, “qış ayları idi, hava da çiskinli. Oğlumu ziyarətə getmişdik. Məzarı önündə dedim, oğlum, axı mən sənin üçün çox darıxıram, sən mənim üçün darıxmırsan? Bu an başdaşındakı şəklinin sağ gözündən bir damcı gözyaşı düşdü. Donub qaldım. Başa düşdüm ki, oğlum da bizim üçün darıxır...”.

Digər bir təsiredici məqam isə Şəkinin Kiş kəndində şəhid anasının oğlunun çəkməsini, geydiyi paltarları hər gün qoxulamasıdır. Məhz bu ana bu cür təsəlli tapır. Bu hadisənin də canlı şahidiyəm. Adamların dəstə-dəstə ziyarətgaha, Milli Qəhrəman, adını xalqımızın tarixinə əbədi yazmış, Azərbaycan şəhidlərinin sərdarı adlandırılan Mübariz İbrahimovun ailəsinə gələn vaxt Şamama ana yerli telekanalların birinə müsahibə verirdi. Başına toplaşmış, onu bir dəqiqəlik də olsa tək buraxmayan qonşu qadınların, qız-gəlinlərin əhatəsində olan Şamama ana çox böyük iradə ilə “Mən bütün analara Mübariz kimi oğul böyüdüb tərbiyə etməyi arzulayıram...”, – deyə söylədi. Bu, bir ana müdrikliyidir. Üz vermiş ağır kədərə mətanətlə, dözümlə, səbirlə üstün gəlmək Şamama xanım kimi müdrik analara aiddir. Ağır, kədərli günlərdə Şamama ananı da qohum-qonşu qadınları arasında son dərəcə məğrur gördük. Bəli, Mübariz kimi Vətən, torpaq yolunda öz şirin canından keçməyi bacaran oğulları ancaq belə məğrur, hər şeydən uca tutan analar dünyaya gətirə bilər. Eşq olsun belə analarımıza!..

Necə baş əyməyəsən məğrur analar qarşısında?! Məhz belə anaların vətənpərvər böyütdüyü, tərbiyə etdiyi oğullar canlarından keçərək torpaqlarımızı azad etdi. Şəhid və qəhrəman oldular. Hətta Vətən müharibəsində şəhid həyat yoldaşının tabutunu daşıyan, sınmayan, əyilməyən cavan gəlinlərimizi də gördük! Həyat yoldaşları qəhrəmanlığı ilə düşmənə sinə gərdi, özləri isə məğrur davranışı ilə düşmənə qeyrət, qürur, dərsi keçdi!

Məğrur şəhid analarının göz yaşında həm hüzn, həm də qürur var. Bilirlər ki, övladları torpağın altında deyil, tarixdə yaşayır, onu Vətənin əbədiyyətinə bağışlayıb. Hər açan çiçəkdə onların ümidini görmək olar, hər dalğalanan bayraqda oğullarının nəfəsini. Bu analar sübut etdi ki, Azərbaycan xalqı üçün Vətən sevgisi hər şeydən ucadır və bu sevgi nəsildən-nəslə ötürülərək yaşayacaq.

Başınızı daim uca tutun! Qəhrəman şəhid anaları, baçıları, şəhidin ömür-gün yoldaşları! Qadınlar gününüz mübarək!

Müşfiq MİRZƏ
XQ

Sosial həyat