“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qurama Festivalının ikinci günündə bir sıra silsilə tədbirlər keçirilib.
Beynəlxalq Qurama Festivalının ikinci günü “Qurama Dayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” mövzusunda seminarın keçirilməsi ilə başlanıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirdə çıxış edərək, seminarın ənənəvi qurama sənətinin fonunda müasir dünyada ətraf mühitin qorunması, tullantıların azaldılması və hətta onun sənət növünə çevrilməsinin vacibliyini vurğulamaq məqsədi daşıdığını bildirib. O, qeyd edib ki, qurama sənəti yerli təbii materiallardan istifadə edir, ona görə də bu sənət mədəni irsi qorumaqla yanaşı, yaşıl iqtisadiyyata da öz töhfəsini verir.
“Qurama sənətinin gələcəkdə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun dünya miqyasında tanınması və qorunub saxlanılması istiqamətində mühüm addım ola bilər. Bu baxımdan Azərbaycanın Qurama ilə bağlı təqdim etdiyi namizədliyə digər türk dövlətlərinin də qoşulmasını arzu edirik. Fond bu istiqamətdə türk ölkələrinə hər zaman dəstək olmağa hazırdır.
Əminəm ki, Beynəlxalq Qurama Festivalı qardaş ölkələrimiz arasında bu sahədə əməkdaşlığı gücləndirəcək və daha geniş birgə fəaliyyətə yol açacaqdır”, - deyə Aktotı Raimkulova vurğulayıb.
Seminar zamanı tədqiqatçılar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyədən olan qurama sənətkarları quramanın tarixinə, ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə, aktuallığına dair müxtəlif mövzularda məruzələrini səsləndiriblər. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Daha sonra seminar iştirakçılarına “Qurama” adlı video çarx nümayiş etdirilib və Qurama Art: EKO instalyasiya sərgisinə baxış keçirilib.
Həmçinin, Festivalın ikinci günündə İçərişəhərdə Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərindən ibarət yarmarka açılıb. İçərişəhərin müxtəlif məkanlarında qurama sənəti üzrə ustad dərsləri keçirilib.
Festivalın ikinci günü “Qurama Fashion” defilesinin nümayişi ilə yekunlaşıb.
Milli və müasir moda nümunələrinin nümayiş olunduğu “Qurama Fashion” defilesi ənənəvi naxışların və qurama texnikasının qorunub saxlanılmasına dəstək olmaq və gənclərin milli üsluba marağının artırılmasına vasitəçilik etmək məqsədini daşıyır.